Azərbaycanda media sahəsində yeni institusional modelin formalaşdırılması istiqamətində mühüm addım atılır. Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişikliklərə əsasən, Media və Yayım Şurası adlı yeni qurumun yaradılması nəzərdə tutulur.
Layihədə qeyd olunub ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb.
Qeyd olunur ki, sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Bu baxımdan, Media və Yayım Şurası adlı qurumun yaradılması təklif olunur.
Bildirilir ki, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
Sənədə əsasən, "Media haqqında" Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Vurğulanır ki, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşməsi təşəbbüsü ilə çıxış edib. Zəfərimizdən dərhal sonra bu zəruri addımın atılması ölkədə medianın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Prezident İlham Əliyev medianın inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayıb və öz qayğısını əsirgəməyib.
Azərbaycanda həyata keçirilən media islahatlarının "yol xəritəsi" olan "Media haqqında" Qanun keçən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib.
Cəmiyyətin müasir tələbləri və sürətli texnoloji inkişafın standartları ilə səsləşən media islahatları ölkənin informasiya mühitini sağlamlaşdırmağı, media subyektlərinin rəqabətə davamlılığının artırılmasını və müstəqilliyinin möhkəmləndirilməsini hədəfləyərək özündə sistemli yanaşmanı əks etdirir.
Rəqəmsal ekosistemin tələblərinə uyğun olaraq milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb.
Qlobal konvergensiya (birləşmə, yaxınlaşma) nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Hazırda media sahəsindəki islahatlar çərçivəsində yaradılan Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir.
Media və Yayım Şurası ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən ən effektiv demokratik mexanizmdir.
Beynəlxalq təcrübə də göstərir ki, media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi daha effektiv nəticələr verir. Məsələn, Böyük Britaniyada Ofcom yayımın tənzimlənməsi, rəqəmsal media mühitin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir. Fransada isə CSA (hazırda ARCOM) audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir. Bu kimi modellər göstərir ki, kollegial idarəetmə prinsiplərinin tətbiqi və vahid yanaşmanın formalaşdırılması media sahəsində səmərəliliyi artırmaqla ictimai etimadı da möhkəmləndirir.
İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində ölkənin informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına şərait yaradacaq.
Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.
Məqsədi media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları sistemləşdirmək olan Media Reyestrinə jurnalistlərin daxil edilməsi və müvafiq vəsiqə ilə təmin olunmaları qanuna dəyişikliklərdən sonra ödənişsiz əsasda həyata keçiriləcək.