Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmiryol nəqliyyatının inkişaf etdirilməsi planlaşdırılır.
Proqram çərçivəsində 2030-cu ilədək sözügedən istiqamətlərdə sürət qatarlarının hərəkəti üçün yeni dəmir yolu xətlərinin yaradılması nəzərdə tutulub. Ayrı-ayrı ərazilərdə bununla bağlı işlərə artıq başlanıldığı bildirilir.
Mütəxəssislərin fikrincə, dəmir yolu stansiyalarının istifadəyə verilməsi həmin ərazilərin nəqliyyat baxımından əlçatanlığını artıraraq daşınmaz əmlaka marağı yüksəldə bilər. Xüsusilə stansiyalara yaxın ərazilərdə torpaq və evlərə tələbatın artması qiymətlərə də təsir göstərə bilər.
Ekspert Elnur Fərzəliyev bildirib ki, nəqliyyat infrastrukturunun yaxşılaşması əmlak bazarında qiymət dəyişikliklərinə səbəb ola bilər. Onun sözlərinə görə, şəhər mərkəzindən nisbətən uzaqda yerləşən qəsəbələrdə dəmir yolu əlaqəsinin yaradılması həmin ərazilərin alıcılar üçün cəlbediciliyini artıra bilər.