"Google" İran istifadəçiləri üçün yeni hesabların yaradılması imkanını məhdudlaşdırıb.
Oxu.Az techora.ru-ya istinadən xəbər verir ki, iranlılar yeni hesab qeydiyyatdan keçirərkən telefonla təsdiqləmə mərhələsində +98 kodlu nömrələrin rədd edilməsi ilə qarşılaşırlar. Bir çox hallarda isə təsdiq kodunu almaq ümumiyyətlə mümkün olmur.
Problem yalnız "Gmail"lə məhdudlaşmır. Bu vəziyyət yeni istifadəçilərin "Google Play", "Drive" və "Photos" kimi xidmətlərə, həmçinin "Android"də ehtiyat nüsxələmə funksiyasına çıxışını məhdudlaşdıra bilər.
İranlı istifadəçilər əvvəllər də "Google" hesablarının təsdiqlənməsi və bərpası ilə bağlı çətinliklərdən şikayətlənirdilər. Lakin şirkət məhdudiyyətlərin sərtləşdirilməsinin dəqiq səbəbini hələlik açıqlamayıb.
"Google Account"un rəsmi təlimatında bildirilir ki, hesabın və "Gmail"in yaradılması prosesi əvvəlki kimi əlçatandır. Telefon nömrəsinin təsdiqlənməsi isə tələb oluna biləcək təhlükəsizlik mərhələlərindən biridir.
"Google" hələlik iranlılar üçün hesab yaradılmasının qadağan edilməsi barədə rəsmi bildiriş dərc etməyib. Şirkətin təlimatında nömrənin təsdiqlənməsi hələ də seçim kimi qeyd olunur. Lakin "Google" saxta hesablar, spam və ya şübhəli fəaliyyətlə mübarizə aparmaq üçün telefon təsdiqləməsini məcburi edə bilər.
Bu səbəbdən müxtəlif istifadəçilər qeydiyyatın fərqli mərhələləri ilə qarşılaşırlar. Bir istifadəçi nömrənin daxil edilməsi mərhələsini keçə bildiyi halda, digəri bunu edə bilmir.