Hər bir dövlət öz cəmiyyətinin ən kiçik fərdləri olan uşaqların qorunmasına xüsusi diqqət ayırır. Çünki uşaqlar bir ailənin, ailə isə böyük bir cəmiyyətin parçasıdır. Hər bir dövlətin ən qiymətli sərvəti onun güclü və savadlı fərdlərdən ibarət olan xalqıdır. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək isə olduqca çətindir.
Gələcəyimizi əmanət etdiyimiz uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsi isə hər birimizin borcudur. Onların düzgün tərbiyə olunması, təhsilə cəlb olunması, azərbaycançılıq ideyalarına qulluq etmələri üçün dövlət tərəfindən xüsusi qayğı ayrılır.
Bu gün müstəqil Azərbaycan uşaqlarının, gənclərinin qarşısını heç bir maneə ilə almaq mümkün deyil. Gənclər öz üzərində çalışaraq, müxtəlif seminarlara, təlimlərə qatılaraq həm özləri üçün yeni informasiyalar qazanır, həm də Azərbaycanı layiqli şəkildə təmsil edirlər. Bu yalnız Bakı və ətraf şəhərlərdə yaşayan uşaq və gənclərə yox, əksər regionlarda, eləcə də ən ucqar kəndlərdə belə yaşayan uşaqlara aiddir.
Ulu öndər Heydər Əliyev əbəs yerə deməmişdir ki, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”. Bu cümlə öz-özlüyündə Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində atılan addımları, yaradılan şəraiti sübut edir.
Ölkəmizdə elə uşaqlar var ki, onların dövlət qayğısına, cəmiyyətin sevgi və diqqətinə daha çox ehtiyacları var. Onlar arasında həyat eşqi ilə dolub-daşan autizm sindromlu uşaqlarımız, gənclərimiz var.
Cəmiyyətimiz uşaqlara daun, autizm diaqnozunun qoyulmasına faciə kimi baxsa da, bu heç də belə deyil. Onlar xəstəliyin aşkarlanma mərhələsindən asılı olaraq, müalicəyə müsbət cavab verə bilirlər. Dünya ölkələrində mütəxəssislər autizm sindromunun yaranma səbəblərini, əlamətlərini və müalicəsini geniş miqyasda araşdırırlar. Azərbaycanda da bu sindromun daşıyıcısı olan uşaqlarımıza xüsusi diqqət və qayğı, onlarla çalışan QHT-lər var.
Cəmiyyətdə autizmli uşaqlarla bağlı mövcud fikrin ilbəil müsbət istiqamətdə dəyişməsinə sevinirik. Bu gün onların cəmiyyətdə özlərini rahat hiss etməsi, özünəinamlarının formalaşması üçün gözəl məkanları var. “Birgə və sağlam” Autizmlə Mübarizə İctimai Birliyinin nəzdində yaradılan kiçik, şirin kafe onların dünyasının bir hissəsidir.
Bu gün Bakıda “Birgə və sağlam” İctimai Birliyinin nəzdində, Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən, autizm sindromlu uşaqların işlədiyi yeganə kafe var ki, orada onların cəmiyyətdə qazanılması üçün mümkün olan bütün şərait yaradılıb.
Ensiz iki küçənin arasında yerləşən binaya daxil olan zaman sizi gülərüz uşaqlar qarşılayır. Kafe sanki uşaqlığımızın möcüzəvi məkanıdır. Əgər o kafeyə yolunuz düşməyibsə, mütləq oranı ziyarət edin. Heç gözləmədiyimiz anda uşaqlardan biri qapını açdı və yaxınlaşıb bizimlə hal-əhval tutdu.
O, bizi pilləkənlərlə yuxarıya, kafeyə doğru apardı. Kiçik otaqlardan biri kafedir. Qapını açır, içəriyə daxil olur və daha sonra bizi dəvət edir. Bir neçə dairəvi masa, üzərində güllər, yanında ağ stullar insanı sanki öz evindəki kimi rahat hiss etdirir. Otağın ağ divarlarından asılan rəngarəng rəsmlər, təmiz mətbəx guşəsi, kiçik fincanlar və nəhayət, o gülərüz, mehriban, göy önlüklü ofisiant uşaqlar. Nəhayət, bizi qarşılayan autizmli dostumuzun adının Kənan olduğunu öyrənirik.
Kənanın 21 yaşı var, o, orta dərəcəli autizm sindromludur. Onun özündən böyük qardaşı var. Evdə qardaşı, burada isə öz yoldaşları ilə çox mehriban davranır.
Bizdən sifarişləri götürməsə, müsahibəmizə başlaya bilməyəcəyimizi anladığımızdan iki kofe, iki qara və iki yaşıl çay sifariş edirik.
Kənan bizim sifarişlərimizi qeyd edir və bir neçə dəqiqə sonra hazır olacağını deyir. O, sentyabr ayından burada işləyir. Kafenin işçiləri yalnız ofisiantlıq etmir, müştəri olmayanda kafenin səliqəsi, təmizliyi ilə məşğul olurlar. Onlar şirniyyat bişirə, sendviç hazırlaya bilirlər.
Bu gözəl məkanın yaranmasına səbəb isə “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovadır. Mərkəzin əsas məqsədi autizm sindromlu uşaqların və gənclərin fiziki və mənəvi inkişafına, reabilitasiyasına və onların ailəsinə kömək olmaqdır.
Sözügedən bu mərkəz Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərir. Bu günə qədər autizm sindromu ilə bağlı bir çox yerli və beynəlxalq layihələrə imza atıb. Uşaqların mənəvi inkişafının təmin olunması üçün çoxsaylı tədbirlər, seminarlar, konfranslar həyata keçirərək, onların cəmiyyətə adaptasiyası üçün fəal addımlar atmışdır.
Mərkəzin sədri və məşhur “Kaşalata” kafenin yaradıcısı Aytən Eynalova deyir ki, onlar bu istiqamətdə çox böyük yol qət ediblər. Autizm sindromlu övladı olan A.Eynalova bu istiqamətdə layihələrə məhz öz övladı üzərindən başladığını və bütün autizm sindromlu uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində çalışdıqlarını deyir:
“Əvvəllər Türkiyədə yaşamışıq. Daha sonra Azərbaycana köçmüşük. Burada mənə çox çətin olub. İnsanlar bu sindromdan məlumatsız idilər. Yolda gedərkən övladım ağlayanda və ya hər hansı şəkildə yüksək səslər çıxardıqda kənardan buna çox kəskin reaksiya verirdilər. Hətta elə vaxtlar olub ki, oğlumun narahatlığı, yüksək səslə ağladığı üçün taksidən düşmək məcburiyyətində qalmışam. Daha sonra biz Azərbaycana qayıtdıq. Burada bənzər problemlərə nisbətən az rast gəlirdim. Amma artıq bu gün cəmiyyətdə bu yanaşma dəyişib. Çox sevinirəm ki, gördüyümüz maarifləndirici işlər öz nəticəsini verir. Azərbaycanda uşaqlara ayrılan təmənnasız qayğını görməmək mümkün deyil.
Uşaqlarımızın kiçik dünyası olan “Kaşalata” kafenin yanvar ayında iki yaşı tamam olacaq. Mərkəzimizə müraciət edən uşaqlarımızın fiziki inkişafı, reabilitasiya prosesi də uğurlu gedir. Hər yaşda uşaqlar olduğu üçün biz onların hər birinə uyğun proqram hazırlayırıq. Artıq onlarla çox mehriban olmuşuq, burada bir ailə kimiyik”.
Biz söhbət etdiyimiz müddətdə yan masada gözlərinin içi gülən bir oğlan rəngli muncuqları çox böyük zövqlə ipə düzürdü. Qırmızı rəngə üstünlük verdiyindən belə başa düşürük ki, bu, onun ən sevdiyi rəngdir.
Mərkəzdə müxtəlif yaşlarda oğlan və qızlar var. Bəzi mütəxəssislər autizm sindromlu uşaqları xəstə adlandırırlar. Bu sahədə ciddi araşdırmalar aparan peşəkarlar isə düşünür ki, autistik uşaqları xəstə adlandırmaq olmaz, çünki onlar qeyri-adi istedada malikdirlər. Dünya ölkələrində belə uşaqların böyük əksəriyyəti çox gözəl rəssam, peşəkar musiqiçi, dərin poeziya duyğusu olan ədəbiyyatçı və ya riyaziyyatçı ola bilər. Bu məqsədlə onların öz maraq dairəsinə uyğun olan şəkildə inkişafına şərait yaratmaq üçün mərkəzdə rəsm otağı, idman zalı, musiqi, əyləncə və istirahət otaqları var.
Aytən xanım deyir ki, valideynlərin eləcə də cəmiyyətin uşaqlara dəstək verməsi onların mənəvi inkişafı üçün çox önəmlidir:
“Autizmin bir çox növləri və dərəcələri olur. Kənana həkimlər daha yüngül dərəcəli autizm diaqnozu qoyublar. Fərmanın da, Kənanın da çox gözəl bacarıqları var. Kənan pianoda gözəl ifa edə bilir, Fərman isə əl işlərinə meyillidir”.
Kənan o qədər gözəl ifa edir ki... Doğrudan da, insanın içdən gələn bacarığı, qabiliyyəti istənilən şəraitdə özünü büruzə verə bilir. O, öz bacarıqlarını bizə nümayiş etdirməyi o qədər çox istəyirdi ki, ona “yox” demək olmazdı. Onu dinlədikdən sonra üzündə yaranan təbəssüm, gözlərinin parıltısı isə nəyə desən, dəyərdi...
“Bəzən deyirlər ki, bu nədir, belə uşaq olar? Bu cür yanaşmaq doğru deyil. Hər kəs bu gün mükəmməl bacardığı işi ardıcıllıqla, mərhələ ilə öyrənib. Biz burada uşaqlara hər şeyi ardıcıllıqla etməyi öyrədirik. Onlar da buna hər gün əməl edirlər. Divarda qrafik asılır və hər kəsin gündəlik görməli olduğu iş planı orada yazılır. Hətta bir dəfə sosial eksperiment kimi məhşur restoranlardan birində uşaqlarımız ofisiant kimi bir neçə saat işləyiblər.
Amma heç kim onların autizm sindromlu olduğunu bilməyib. Daha sonra biz broşürlər payladıq və onlar başa düşdü ki, bir neçə saat onlara xidmət göstərən gənclər, əslində, autizm sindromludurlar”, - deyə A.Eynalova qeyd edib.
Heydər Əliyev Fondu uşaqlara və gənclərə böyük qayğı göstərir
Onların reabilitasiya prosesində istifadə etdiyimiz metodlar həm uşaqların özünə xidmət etməyi öyrənməsinə, həm də gələcəkdə hansısa peşə üzrə bacarıqlardan yararlanmasına xidmət edir.
Ümumiyyətlə ölkəmizdə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramı, tədbirlər planı qəbul edilib. Bütün bunların nəticəsi olaraq Azərbaycanda dövlətin vahid uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki və mənəvi inkişafı sahəsində milli konsepsiya ilbəil inkişaf etdirilir.
A.Eynalova onu da əlavə edib ki, bu kafeni açmaqda ən önəmli məqsəd digər həmyaşıdlarından fərqlənən uşaq və gənclərə kiçik olsa da, sosial mühit yaratmaqdır:
“Onların cəmiyyətdən kənarda qalmaması üçün həm dövlət səviyyəsində, həm də qeyri-hökümət təşkilatları əllərindən gələni edir. Onlar özlərini sizə, bizə olduqları kimi, fərqlilikləri ilə bərabər qəbul etdirməyə cəhd edirlər. Uşaqlarımız burada əldə etdikləri təcrübə və bilikləri ilə gələcəkdə hansısa bir kafe və restoranda işləyə biləcəklər. Bu, onlar üçün bir vərdiş halını alır”.
Azərbaycanda ölkə başçısının tapşırıqlarına əsasən, məktəbəqədər dövrdən başlayaraq uşaqların inkişafı istiqamətində bir sıra önəmli tədbirlər görülüb. Ölkəmizdə dünya standartlarına uyğun uşaq bağçaları, reablitasiya mərkəzləri inşa olunub. Uşaqlarla doğru-düzgün davranış qaydaları, təlim-tərbiyə normalarının aşılanması üçün bu sahədə çalışan şəxslərin peşəkar kadr kimi hazırlanmasına xüsusi diqqət ayrılıb.
Nəinki autizm sindromlu uşaqların fiziki inkişafına, ümumilikdə Azərbaycanda uşaq və yeniyetmələrin, gənclərin mənəvi inkişafı üçün mütəxəssislər tərəfindən məktəbəqdər müəssisələr üçün dünya praktikasında tətbiq olunan müxtəlif proqramlar hazırlanıb.
Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan gəncləri yüksək intellekt və bacarıqları ilə ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edirlər.
Qayğıkeş dövlətin etibarlı gələcəyinin təməli olacaq uşaqlar
Azərbaycanın nəinki şəhərlərində eləcə də hər bir regionunda da gənclərin ixtiyarına verilən olimpiya idman kompleksləri fəaliyyət göstərir. Onlarla yanaşı, dövlətimiz tərəfindən gənclərimizin mənəvi inkişafının təmin edilməsi istiqamətində bütün bölgələrimizdə gənclər evləri inşa edilib. Gənclərimiz burada bir-biri ilə ünsiyətdə olur, müxtəlif kurs və seminarlarda iştirak edir, iqtisadi-sosial, siyasi mövzularda təşkil edilən dəyirmi masalarda, debatlarda öz bilik və bacarıqlarını daha da təkmilləşdirirlər. Bu azərbaycanlı gənclərin asudə vaxtlarının maksimum dərəcədə səmərəli keçirməsi üçün əvəzlunmaz fürsətdir.
Gənclərin inkişafında önəmli rol oynayan ən önəmli məqam isə təhsildir. Məhz bunun üçün ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri dünyanın ən qabaqcıl universitetlərinin tətbiq etdiyi proqramları öyrənir. Bu gün universitetlərimizdə təhsil alan gənclər beynəlxalq yarışmalarda əcnəbi həmyaşıdları ilə sərbəst informasiya mübadiləsi apara bilir. Çünki ali təhsil müəssisələrimizin böyük əksəriyyəti xarici universitetlərlə əməkdaşlıq edir. Çünki ali təhsil müəssislərimizdə gənclərin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların sosial həyatda, cəmiyyətdə inkişafına da önəm verilir.
Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə uşaqların fiziki və mənəvi inkişafı istiqamətində görülən genişmiqyaslı tədbirlərin böyük əksəriyəti məhz Heydər Əliyev Fondu tərəfindən dəstəklənir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqların inkişafı üçün bir çox ciddi və silsilə tədbirlər görülüb və görülməkdədir.
Gəncliyimiz Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib
Belə ki, Heydər Əliyev Fondu tərəfindən regionlarda yeni məktəb binalarının tikilməsi, yararsız halda qalan təhsil ocaqlarının əsaslı təmir olunmasına xüsusi diqqət ayrılıb. Fond tərəfindən bağçalar, körpələr və uşaq evləri yenidən təmir edilib.
Azərbaycanda Fondun dəstəyi ilə ölkəmizdə valideyn himayəsindən məhrum olan, talassemiya və hemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla, eləcə də autizm sindromlu uşaqlarla bağlı da mühüm addımlar atılıb. Həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.
Çox uzağa getməyək, 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində autizm sindromlu gənclər üçün təntənəli festival keçirilib. Bu festivalda tanınmış incəsənət adamları iştirak edərək, tədbirin əsas məqsədinə öz dəstəklərini veriblər.
A.Eynalova həmin festival barədə fikirlərini bölüşərkən bunları deyib:
“Uşaqlarımız üçün çox gözəl festival təşkil olunmuşdu. Festivalda Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva Autizm səfiri kimi seçildi. Bilmirəm, bu barədə kiminsə məlumatı var, yoxsa yox, onun ifa etdiyi “Fərqliyəm” mahnısı məhz autizm sindromlu uşaqlar üçün yazılıb. Tünzalə xanım bizə, həqiqətən, çox dəstək olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzimizi ziyarət edib.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarımızla görüşüb, onlarla söhbət edərək, istəklərini dinləyib. Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə, göstərilən sosial və reabilitasiya yönümlü xidmətlərlə tanış olub və gələcəkdə mövcud şəraitin daha da təkmilləşdiriləcəyini deyib”.
Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən mərkəzdə autizmspektr pozuntuları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirilir.
Hətta sözügedən mərkəzin yetirməsi olan gənclərdən biri Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alır. Onun adı Əlisahib Bayramovdur. Bundan başqa bir neçə gənc də bir sıra yarışmalarda, olimpiadalarda iştirak edərək yüksək nəticələr əldə edib.
Müntəzəm olaraq uşaqlar tərəfindən müxtəlif tədbirlər hazırlanır. Onların aktiv həyat tərzi keçirməsi, cəmiyyətdə özlərinə yer qazanması istər dövlətin, istərsə də fərd olaraq hər birimizin qarşısında duran ən böyük amaldır.
Azərbaycanda dövlət-uşaq siyasətinin əsasında ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq və gənclərin fiziki və mənəvi inkişafına dəstək vermək dayanır. Bu gün Azərbaycanın parlaq gələcəyi olan uşaqlar ölkəmizdə tam təhlükəsiz mühitdə yaşayır və əminliklə deyə bilərik ki, gələcəyimiz etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb.
Könül Cəfərli
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.