Naftalan şəhərində mənşəyi məlum olmayan 63 kq at əti aşkar edilərək götürülüb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Naftalanda bir nəfərin həyətində mənşəyi məlum olmayan ət satışı ilə məşğul olması barədə ŞPŞ-yə məlumat daxil olub.
Oktyabrın 27-də polis əməkdaşları tərəfindən Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov ət məhsulunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.
O, at ətini qoca inək əti adı ilə həyətində istehlakçılara satırmış. Alıcıları inandırmaq üçün hətta piştaxtanın yanında kəsilmiş inək başı da saxlayırmış.
Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib.