“Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasının bir illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
O qeyd edib ki, bu il ərzində şəhid ailələrinə müharibə əlillərinə 2 600-ə yaxın mənzil verilib:
“İlin sonuna qədər proses davam edəcək. Bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. 2021-ci ildə sosial psixoloji dəstək proqramları 10 min nəfəri əhatə edib”.
O qeyd edib ki, 163 müharibə əlili olan şəxsə 174 elektron yeni nəsil protezlər verilib:
“Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub. Əlavə 2500 nəfər işlə təmin olunub. “Məşğulluq marafonu” vasitəsilə 1 300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər”.