Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məşqçinin tələbəyə işgəncə verməsi ənənəyə çevrilir? - İdmançıya övladımızı necə əmanət edək? + FOTO/VİDEO
Bir neçə gün əvvəl Azərbaycanda idmançı Elvin Səfərovun məşq zamanı uşaqlarla davranışını əks etdirən görüntülər yayılandan sonra ciddi müzakirələrə səbəb oldu. Belə ki, o, idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlarına, bədənlərinə təpiklə ağır zərbələr endirib. Bu zərbələrdən yayınmaq istəyənlərə isə qapaz vurub. Məşqə gələn uşaqların reaksiyalarından da hiss olunub ki, onlar bu zərbələrdən əziyyət çəkirlər.
Bəs peşəkar məşqçi necə olmalıdır?
Məşqçi Ceyhun Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, insanların idman etmə səbəbi sağlamlıq, özünü qorumaq, formaya düşmək və yaxşı idmançı olmaqdır:
“İlk başlayan vaxtlarda bizə məşqçi köməyi mütləq lazımdır. Çünki praktika göstərir ki, bizim idmanda etdiyimiz ən böyük səhv məşqçi seçimidir. Ölkəmizdə idman zalları sürətlə artır. Təbii ki, bu, yaxşı haldır. Amma bu artıma cavab verəcək qədər peşəkar məşqçi tapmaq çox çətindir. Nəticədə zal sahibləri məcbur qalaraq peşəkar idmançıları məşqçi kimi təyin edirlər.
Burada belə bir sual yaranır ki, yaxşı idmançı əsl məşqçi ola bilərmi? Qətiyyən yox! Çünki öyrətmək səbir tələb edir. Hər idmançıda isə səbir yaxşı ölçüdə olmur”.
C.Vəliyev valideynlərə övladları üçün düzgün məşqçi seçməklə bağlı çağırış edib:
“Döyüş idman növlərində peşəkar idmançıların psixoloji vəziyyətləri, sağlamlıqları onların insanlarla, xüsusilə, uşaqlarla işləməyə yararlı olmadığını göstərir. Dəfələrlə sosial şəbəkələrdə bu tip görüntülərin şahidi oluruq. Mən valideynlərə çağırış edirəm ki, uşaqlarını idman zalına apardıqda onların yaxşı idmançı ilə yox, əsl məşqçi ilə məşq etməsinə üstünlük versinlər. Sizin uşaqlarınıza fiziki şiddət göstərən deyil, onların sağlamlığına zərər verməyən məşqçi lazımdır”.
Xatırladaq ki, məşqçilərin uşaqlarla əzazil davranışına dair ən rezonanslı hadisə ötən il baş vermişdi. Belə ki, aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdu.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulmuşdu.
Mehman Xəlilovun məhkəmə prosesi davam edir.
Görüntülərdən aydın olub ki, M.Xəlilov təkcə Fərid Bakarova qarşı deyil, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb.
İlhamə Əbülfət
Rəylər