"Yeni gətirilən qatarların kondisioner sistemləri "Bakı Metropoliteni" QSC-nin texniki təchizatına uyğunlaşdırılacaq".
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Elektromexanika Xidmətinin baş mühəndisi Məzahir Qədirov deyir.
O bildirib ki, bununla bağlı QSC-nin yeni yaradılan xidmət qrupları var:
"Alınmış yeni qatarlar metropolitenin Nərimanov deposunda yerləşir. Hər bir qatar ilk növbədə ora gətirilir. Nasazlığı olan qatarlara həmin depoda baxış keçirilir. Qatarların bütün qulluğu, eləcə də də kondisionerlərə baxış da burada keçirilir".
M.Qədirov qeyd edib ki, tez-tez kondisioner sistemlərinin filtrləri sıradan çıxır:
"Yeni alınan qatarlar bizim texniki tələblərimizə uyğunlaşdırılacaq. Çünki əvvəl alınan qatarlarda kondisioner sistemi qovşaqları, filtrləri keyfiyyətsiz olur, tez-tez sıradan çıxır. Yeni alınan qatarlarda bu problemlər olmasın deyə xüsusi tələblər hazırlanıb. Tələblər ölkənin iqlim şəraitinə uyğunlaşdırılacaq. Çünki kompressorlar hava şəraitinə uyğun olaraq çox yüklənir. Moskvanın hava şəraiti ilə Bakının iqlimi bir deyil. İsti hava səbəbindən kompressorlar həddən artıq güclü iş rejimində çalışır. Ona görə də yüklənmə çox olduğu üçün tez-tez sıradan çıxma ehtimalları olur. Bu hal qatar xəttə olarkən baş verdikdə dərhal qatar xətdən çıxarılır, əvəzinə xəttə yeni qatarlar buraxılır".
Könül Cəfərli