Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası” təsdiq edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil nazirinin imzaladığı əmrdə nazirliyin bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərlərinə fəaliyyətlərində bu qaydalara tam və düzgün tətbiq olunmasını təmin etmək tapşırılıb.
Eyni zamanda qeyd olunub ki, Təhsil Nazirliyinin, ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli şəxsləri bu qaydalara əlavə ilə müəyyən olunmuş qəbul qrafikinə ciddi riayət etməlidirlər.
Qaydalara əsasən, nazirin qəbulu – ayda bir gün, nazir müavinlərinin qəbulu – iki həftədə bir gün, aparat rəhbəri, şöbə müdirləri və idarə rəislərinin qəbulu – həftədə azı bir gün olacaq. Nazirliyin şöbə və idarələrinin (rəhbərlər istisna olmaqla) əməkdaşları tərəfindən vətəndaşlar hər iş günü qəbul ediləcək. Qəbul qrafiki nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılır, rəsmi internet səhifəsində (www.edu.gov.az) və elektron xidmət bölməsində (bundan sonra – EXB) yerləşdirilib.
Vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, vətəndaşlar təhsil nazirinin müavinləri və aparat rəhbərinin qəbuluna müvafiq şöbə və idarə rəhbərləri, təhsil nazirinin qəbuluna isə müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər.