Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Milli Məclis Milli Koordinatorun illik məlumatını qəbul etdi
Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Oxu.Az xəbər verir ki, məruzəni daxili işlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimov təqdim edib.
İllik məlumatda qeyd olunub ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub. Bildirilib ki, hesabat ilində 206 insan alveri cinayəti qeydə alınıb. Həmçinin vurğulanıb ki, ötən il 3 Azərbaycan vətəndaşı xaricdə insan alverinə görə həbs edilib. Bundan başqa, 773 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb. Məruzə zamanı diqqətə çatdırılıb ki, İnsan alverinə qarşı mübarizəylə əlaqədar yeni Milli Fəaliyyət Planı hazırlanaraq rəy verilməsi üçün müvafiq qurumlara təqdim olunub.
Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlb etmə maddəsi ilə 6 cinayət işi başladılıb. Əlavə olunub ki, informasiya texnologiyalarının ("WhatsApp", "TikTok", "Instagram", "Telegram" sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 (-14) müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb. Diqqətə çatdırılıb ki, insan alverində təqsirləndirilən 11 nəfərin interpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir. Həmçinin, 616 azyaşlı hüquqazidd əməllərə təhrik edildiyinə görə 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.
2024-cü ildə insan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü də məlum olub. Bakıda 19, Gəncədə 8, Ağcabədi və Abşeronda 5, Lənkəranda 4, Beyləqan, Bərdə, Biləsuvar, Qubada 3, Şamaxı, Şirvan, Sumqayıt, Sabirabad, Mingəçevir, Füzuli, Xaçmaz, Göygöl, Xocavənddə 2, Astara, Ağdaş, Ağstafa, Ağsu, Tərtər, Tovuz, Qax, Siyəzən, Naxçıvan, Cəlilabad, Kürdəmir, Goranboy, Şəki, Şabran, Şəmkir, Göyçay, Yevlax, Ucar, Gədəbəy və Zərdabda isə 1 nəfər insan alveri qurbanı müəyyən edilib.
Daha sonra müzakirələr başlayıb. Deputatlar illik məlumat barədə rəy və təkliflərini səsləndiriblər.
Sonda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.

Məhərrəm Əliyev
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir"
- Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini qəbul etdi
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişir
- Deputat: "Regionda baş verənlər quru sərhədlərimizin bağlı qalmasının doğru olduğunu göstərdi"
- Elektrik enerjisinin istehsalı və ötürülməsi ilə bağlı qanuna dəyişiklik edilir