İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Qəhrəmanın oğlu Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, bunun üçün artıq Azərbaycanın İsveçdəki səfirliyinə müraciət ediblər:
"Atamın nəşinin Bakıya aparılmasını planlaşdırırıq. Artıq bu barədə səfirliklə əlaqə saxlamışıq. Sağ olsunlar, çox kömək olurlar. Atamın harada dəfn olunacağı isə hələlik məlum deyil, çünki biz Azərbaycanda yaşamırdıq", - deyə o qeyd edib.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.
İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azərbaycan daha bir Milli Qəhrəmanını itirib.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məlumata görə, Ş.Tağıyev son illər İsveçin Malmö şəhərində yaşayırdı.
Bildirilir ki, Şahin Tağıyev bir müddət əvvəl ağır xəstəlik səbəbindən müalicə alırdı və son günlər vəziyyəti kəskin pisləşmişdi.
Yaxınlarının verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.
Bunun üçün Azərbaycanın İsveçdəki səfirliyinə rəsmi müraciət olunub və müvafiq prosedurlar artıq başlanıb. İsveç qanunvericiliyinin tələblərinə uyğun olaraq, bu proses təxminən 10 gün ərzində tamamlanacaq.
Qeyd edək ki, Şahin Tağıyev 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan "Qurtuluş" batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.
Tərtər, Seysulan, Yarımca, Göyarx döyüşlərində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.
O, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən ilk dörd nəfərdən biridir.
Şahin Tağıyev həyatda olan 16 Milli Qəhrəmandan biri idi.
Azərbaycanda sonuncu dəfə "Milli Qəhrəman" adı ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Prezidentin 7 noyabr 2025-ci il tarixli sərəncamları iki nəfərə verilib. Bunlar Pəncəli Nurməmməd oğlu Teymurov (ölümündən sonra) və baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanovdur (ölümündən sonra).
Qeyd edək ki, Ş.Tağıyev ötən il infarkt keçirmişdi.