Kubra Məhərrəmova yazır...
Çox qəribə zəmanəyə gəlmişik. Əvvəllər uşaqları küçədən yığa bilmirdik, indi isə küçəyə yollaya bilmirik. Hərəsinin əlində bir telefon qısılıblar bir küncə.
Əvvəllər valideynlər qorxardılar ki, uşaq birdən qoşular küçədə avaralara, sonra tərbiyəsi, əxlaqı pozular.
İndi isə qorxuruq ki, birdən sosial şəbəkələrdə pedofilə, qumarbaza, dələduza rast gələr. Artıq təhlükə üçün küçəyə çıxmaq lazım deyil. Onu öz əlimizlə evə gətirmişik.
Təsəvvür edin ki, övladımız hər dəfə baş barmağı ilə sosial mediada xəbər lentini sürüşdürəndə minalanmış ərazidə hərəkət edir. İnanın ki, mən rəngləri qabartmıram, uşaqlar ölümlə üz-üzədir sosial şəbəkələrdə.
İndi açıqlayacağam.
Bu yaxınlarda BBC-nin sənədli filmi "YouTube"da təqdim olundu. Filmin məğzi sosial şəbəkə vasitəsilə şantaj olunan Missuri ştatından olan 16 yaşlı Evan Betçer intihar etməsidir. Ölümündən iki saat əvvəl internet fırıldaqçısı onun çılpaq şəkillərini ailəsinə və dostlarına göndərəcəyi ilə hədələyir və ondan pul tələb edir. Pulu olmayan və evdən oğurluq etmək istəməyən, qorxuya düşən yeniyetmə özünü atasının ov silahı ilə vurur. Halbuki, məsələni valideynlərinə danışsaydı və ən əsası tanımadığı adamla sosial şəbəkədə ünsiyyətdə olmasaydı, indi yaşayacaqdı.
Bu cür hallar "sekstorşn " (sextortion) adlanan internet fırıldaqçılığının nəticəsidir. Mexanizm isə belə çalışır. Cinayətkarlar sosial şəbəkələrdə saxta profillər açır, dostluq və ya sevgi münasibəti quraraq uşaq və yeniyetmənin etibarını qazanırlar. Daha sonra intim şəkillər göndərməyə və ya kamera qarşısında soyunmağa razı salırlar.
Bəzən isə kompüterə virus salmaqla veb-kameranı gizlicə idarə edir və ya şəxsi hesablardan gizli şəkilləri oğurlayırlar.
Materialları əldə etdikdən sonra, onları ailə, dost və ya iş yoldaşlarına göndərəcəklərini deyib pul tələb edirlər.
Bu tələyə və şantaja çox vaxt yeniyetmələr məruz qalırlar. Bəlli həyat təcrübəsinə malik olmadıqları üçün bu hal onlar üçün ölümlə sonlana bilər. Və təəssüf ki, sonlanır belə.
Bu filmdə BBC-nin jurnalisti məsələni araşdırmaq üçün Nigeriyaya gedir, çünki IP ünvan oranı göstərir. Məlum olur ki, Nigeriyada cinayətkar dəstə hazır cümlələr vasitəsilə dünyanın istənilən yerində yaşayan gənc və yeniyetmələrlə saxta profillər vasitəsilə ünsiyyətə keçir və daha sonra etibarını qazandıqdan sonra onları təhdid etməyə başlayır.
Jurnalist onlara sual verir: "Bilirsinizmi, sizin şantajlara görə insanlar özünə qəsd edirlər?" Cinayətkarlar suala "Bu, bizi maraqlandırmır!" cavabını verir.
Filmdə diqqətçəkən məqamlardan biri də sosial şəbəkələrin məsuliyyətidir. Platformalar cinayətkarların IP ünvanı və digər şəxsi məlumatlarını istənilən şəxsə açıqlamır. Bunun səbəbi məxfilik qanunlarıdır. Bu məlumatlar yalnız hüquq-mühafizə orqanlarının rəsmi sorğusu və ya məhkəmə qərarı əsasında təqdim edilir. Üstəlik, cinayətkarlar çox vaxt VPN və digər gizlədici vasitələrdən istifadə etdikləri üçün IP ünvanı həmişə onların həqiqi yerini göstərmir. Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, sosial şəbəkələr saxta hesabların vaxtında aşkarlanması və hüquq-mühafizə orqanları ilə daha operativ əməkdaşlıq sahəsində daha fəal olmalıdır.
Lakin film boyu jurnalist dəfələrlə Evan Betçerə yazan cinayətkarın yerini müəyyənləşdirmək üçün sosial şəbəkə sahiblərindən məlumatların açıqlanmasını rəsmi qaydada istəsə də, heç bir cavab ala bilmir. Lakin ortada 16 yaşında həyatı yarımçıq qalan bir yeniyetmə var. Və bu kimi onlarla hadisə milyardlarla qazanc əldə edən sosial platforma sahibləri üçün maraqlı deyil.
Bu filmdən belə nəticə çıxarırıq ki, Qərbdə belə sosial şəbəkələrin yaratdığı təhdid və qorxu genişmiqyaslıdır.
Bəs biz nə edə bilərik?
İlk növbədə uşaq və gənclərlə çox güvənli münasibətdə olmalıyıq.
Onların internetdə təhlükəsizliyini təmin etmək və bu növ təhdidlərlə mübarizə aparmaq üçün rəqəmsal təhlükəsizlik qaydalarını bilməli və onlara öyrətməliyik.
Əgər belə bir hal artıq baş veribsə, fırıldaqçılara pul köçürməyin. Onlar pul alsalar belə, çox vaxt şantajı dayandırmır və yenidən pul istəyirlər.
Uşağa və yeniyetmələrə başa salın ki, belə hallarda həmin şəxsi dərhal bloklasın və onunla heç bir müzakirəyə girməsin.
Hüquq-mühafizə orqanlarına müraciət edin.
Azərbaycanda bu növ kibercinayətlərlə bağlı dərhal Daxili İşlər Nazirliyinə (102 xidmətinə) və ya kibertəhlükəsizlik üzrə rəsmi dövlət qurumlarına şikayət edin.
Və ən vacibi preventiv addımlar atın. Bütün bu mərəkənin içinə düşməmək üçün uşaq və yeniyetmələrin sosial şəbəkədə hərəkətinə diqqət yetirin.
Necə deyərlər, gönü suya verəndən sonra uşağı danlamağın mənası yoxdur.
Ona görə də, sosial şəbəkələrlə bağlı qanunun Milli Məclisdə üçüncü oxunuşda qəbulunu məntiqli hesab edirəm.
Qanuna görə 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər.
Uzun sözün qısası, uşaqlara yolu yaşıl işıqda keçməyi öyrətdiyimiz kimi, sosial şəbəkələrdə də rəftarı öyrətməli və nəzarət etməliyik. Necə ki, balaca uşağı tək küçəyə qoymuruq, eləcə də sosial şəbəkəyə qoymalı deyilik.
Düşünün ki, hər birimiz və hər birimizin uşağı kibercinayətkarlar üçün potensial qurbandır.
İndi isə başınızı telefondan qaldırın və düşünün. Yanınızda divanda, ya da öz otağında əlində telefonla səssizcə oturan övladınız həqiqətənmi sadəcə əylənir? Yoxsa dünyanın bir başqa nöqtəsindən VPN-lə sosial şəbəkəyə girən hansısa cinayətkarla danışır? Elə indicə yoxlayın!