Moskvada Azərbaycan əsilli zəngin iş adamı Vahid Ələkbərovun adı Moskva küçələrindən birinə verilə bilər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya paytaxtının abadlaşdırılmasında mühüm rol oynayan iş adamlarının və mədəniyyət xadimlərinin adlarının Moskvanın yeni küçələrinə verilməsi müzakirəyə çıxarılacaq.
Ümumrusiya Əlillər Cəmiyyəti Moskva şəhər təşkilatının sədri İqor Fedotov “İzvestiya” qəzetinə bildirib ki, Troitski və Novomoskovski inzibati dairələrinin prefekturalarına yazılı müraciət ünvanlamışıq. “Yeni Moskva”nın küçələrinə paytaxtın abadlaşdırılmasında önəmli rol oynayan biznesmen və mədəniyyət xadimlərinin adlarının verilməsini təklif edilib. Konkret təkliflər siyahısında Vahid Ələkbərovla yanaşı, digər biznesmenlərin də adları var.
Müraciətə prefekturaların işçi qrupu toplantısında baxılacaq və yeni adlandırılacaq mümkün küçələr müəyyənləşdiriləcək. Qüvvədə olan qanunvericiliyə görə, şəhər obyektlərinin hələ yaşayan insanların adını daşıması üçün Moskva merinin və ya Rusiya prezidentinin tövsiyəsi vacib sayılır.
İ.Fedotov-un fikrincə, Moskvanın inkişafında böyük xidmətləri olan tanınmış xeyriyyəçilərin adlarının paytaxt küçələrində əbədiləşdirilməsi ənənəsi əvvəllər də olub və bu ənənəni bərpa etməyin vaxtı çatıb.