Moskva ətrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb.
Avtomobilin dalınca Bakıya gələn və GPS-mayakın koordinatları əsasında onun yerini müəyyən edən biznesmen Rusiya səfirliyinə müraciət edib. Səfirlik isə yerli hüquq-mühafizə orqanlarını məlumatlandırıb və avtomobil tapılaraq sahibinə qaytarılıb. Biznesmen qaçırılmış avtomobili ilə Azərbaycandan Rusiyaya qayıdıb. Maraqlıdır ki, qaçırılmış avtomobil axtarışda olduğu müddətdə 3 min kilometrdən çox yol gedib, dövlət sərhədini keçsə də, heç kimin diqqətini cəlb etməyib.
N.O