Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Naxçıvanda Ali Məhkəmənin təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB + FOTO
Cari ilin oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən məlumat verilib.
Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra konfrans iştirakçıları Heydər Əliyev Muzeyinə gedərək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Sonra öz işinə başlayan konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub və respublikamızın bütün bölgələrində ulu öndərin ömür yolu, dövlətçilik fəaliyyəti, onun zəngin irsi araşdırılır və gənc nəslə ötürülməsi üçün təqdim olunur. Bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etdirilməsi məhz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Qeyd edilib ki, ümummilli liderin böyük səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ölkəmizdə bütün sahələrin, o cümlədən məhkəmə hakimiyyətinin inkişafının müasir Azərbaycanın memarı ulu öndərin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirilib ki, ümummilli liderin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin tədricən təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülüb. İnam Kərimov məhkəmə-hüquq sahəsində son dövrlər aparılan islahatlara da toxunaraq, formalaşdırılmış vahid məhkəmə təcrübəsinin bütün hüquq ictimaiyyətinə əlçatanlığının təmin edilməsi istiqamətində hazırda mühüm fəaliyyətin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, məhkəmə sistemi qarşısında duran yeni çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxışında deyib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən respublikada dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının məhkəmələrdə maksimum dərəcədə qorunması, liberal dəyərlərin möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması istiqamətində genişmiqyaslı islahatların reallaşdırılmasını təmin edib. Sədr vurğulayıb ki, müasir dövrdə məhkəmələrin fəaliyyətinin ədalətliliyi və etibarlılığı cəmiyyətin və dövlətin demokratikliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi və təmininin qiymətləndirilməsinin meyarlarından biri kimi qəbul edilir. Son 20 ildə yeni dövrün tələblərini adekvat şəkildə reallaşdıran islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olub.
Sonra çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov qeyd edib ki, ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Çingiz Əsgərov vurğulayıb ki, bu gün Azərbaycanda məhkəmə sistemində daha geniş islahatlar həyata keçirilir, müasir texnologiyalar tətbiq edilir, qanunvericilik bazası təkmilləşdirilir. Əsası ulu öndər tərəfindən qoyulan dayanıqlı və perspektivli məhkəmə sistemi yeni dinamik inkişaf mərhələsini yaşayır.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası ədliyyə naziri Daşqın Rəhimov və Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev öz çıxışlarında ulu öndərin zəngin və şərəfli həyat yolu, siyasi və dövlətçilik fəaliyyətindən, onun başçılığı ilə aparılan hüquq islahatlarından, ölkəmizin bütün sahələrdə inkişafının təmin olunması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.
09:56
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfrans keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycanın banisi və qurucusu, ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub. Burada qonaqlar dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotostendlərlə və müxtəlif dəyərli eksponatlarla yaxından tanış olublar.
Konfransda Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən məhkəmələrin sədr və hakimləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və digər rəsmi şəxslər iştirak edirlər.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır