Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naxçıvanda kütləvi ZƏHƏRLƏNMƏ: Dönərxananın fəaliyyəti məhdudlaşdırıldı
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, yeddi nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus "Kassap dönər" adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə yeddi nəfər yerləşdirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar:
"Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıblar".
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli fastfud qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən də açıqlama verilib. Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən "Kassap dönər" adlı iaşə obyektində qeydə alınıb.
"Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - o qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

"Qida zəhərlənməsi" teqi üzrə xəbərlər
- Gəncədə iki nəfər qidadan zəhərlənib?
- Yayda ən təhlükəli qida məhsulları hansılardır? - Rusiyalı həkimdən xəbərdarlıq
- Qanlı qisas: Haitili qadın cinayətkar qruplaşmanı qonaqlıqla məhv etdi
- Türkiyədə kütləvi zəhərlənmə: 133 nəfər xəstəxanaya yerləşdirildi
- Apreldə KTM-ə zəhərlənmə səbəbi ilə 126 nəfər gətirilib, onlardan 4-ü ölüb