Aqşin Yenisey yazır...
2019-cu ilin rəsmi olaraq “Nəsimi ili” elan olunması bu hürufi şairin həyat və yaradıcılığı haqqında müxtəlif fikirlərin, iddiaların yenidən müzakirəsinə səbəb olub. O iddialardan biri budur ki, nə yolla olur-olsun Nəsimi islam mədəniyyətinin müxalifi yox, onun bir parçası, “müasiri” kimi təqdim olunmalıdır. Bu iddianı doğrulamaq üçün ikinci bir iddia var ki, nə yolla olur-olsun təsəvvüfün Quranın soteriologiyası, islam teologiyasının bir qolu olduğu şəkk-şübhəsiz qəbul edilməlidir. Məsələ təsəvvüf və islamın ikili təsirlənməsi kimi qoyulsaydı, onda “bu başqa məsələ” olardı və bəlkə, bu yazıya heç ehtiyac da qalmazdı.
Humanizmin xristianlıq düşüncəsinə nə qədər dəxli olub-olmadığını soruşub, kimsəni çətinə salmadan islamdan üç əsr əvvəl Mərkəzi və Orta Asiyada yayılmış bir dinin adını çəkmək istəyirəm ki, müasir təsəvvüf alimləri onlara qoyulmuş, ya da artıq monoqrafik vərdişə çevrilmiş dini çərçivədən kənara çıxmamaq üçün bu dinin üzərindən sükutla keçirlər. Biz alimlik iddiasında olmadığımız üçün belə bir elmi trafaretə ehtiyac hiss etmədən o dinin adını öz xəttimizlə yazacağıq: Manixeizm. Mani peyğəmbərin dini. Mani Mesopotamiyada heterodoks (burada fərqli, başqa bir yol tutmuş mənasında) xristian ailəsində doğulmuşdu, onun Sasani şahı I Şapurun dəstəyi ilə İran və Mesopotamiya sərhədlərini aşaraq, Misir, Anadolu, Avropa və Mərkəzi Asiya qədər yayılan, IV əsrdə xristianlığın ən böyük rəqibinə çevrilən, VIII əsrdə Şərqi Türküstanda uyğurların rəsmi dini olan, ancaq VI əsrdən sonra Qərbdə, XII əsrdən sonra Mesopotamiya və İranın müsəlmanlar tərəfindən fəth edilməsi ilə Abbasilər dövründə təqiblərə məruz qalan dualist dini xristianlıqla islam arasında bir körpü olub. İslam oruc, nəfs kimi bir çox məsələlərdə daha çox manixezmə uğramış xristianlıqdan bəhrələnib.
Manixeizmə görə, insanın yaradıcısı tanrı deyil, şər qüvvələrdir. Qaranlıq işığa qarşı döyüşür. Məşhur astrofizik Nil Deqras Tayson kimi kosmik perspektivdən baxsaq, haqq və ədalət qaranlığın tərəfindədir, çünki kainat qaranlığın vətənidir. İşıq kainatda təsadüf və müvəqqətidir.
Bunu sonrakı yazılarımız üçün yadımızda saxlayıb qayıdaq islama ən yaxın olan manixeizmdəki təsəvvüfün izlərinə. Manixeizmə görə, şər qüvvələr tanrı zərrələrini oğurlayıb insan bədəni şəklində “həbsxanalara” salıblar; ilk iki bədən Adəm və Həvvadır. Tanrı öz zərrələrinin, nurunun, işığının arxasınca elçisi İsanı göndərib. İsa şər qüvvələrə xidmət etməsinlər deyə Adəm və Həvvanı cinsi əlaqəyə girməmək üçün xəbərdar edib. Ancaq Həvva atası ilə (manixeist baxışa görə), sonra da atasından doğduğu oğlu Qabillə cinsi münasibətə girib Habili doğub. Beləliklə, qadın şərin yer üzündə yayılmasını reallaşdırıb. Tanrı zərrələrini insan bədənlərində əbədi həbsə məhkum edib. Sonra bir xeyli şər qüvvə Həvvanı Adəmlə cinsi münasibətə girməyə vadar edib, ancaq Adəm İsanın xəbərdarlığını unutmadığı üçün Həvvadan olan oğlunu götürüb işıq gələn səmtə - Şərqə gedib. Öldükdən sonra isə Adəm tanrıya qarışıb, sufiyanə desək, onda həll olub. Həvva və onun nəsli əbədi cəhənnəmlə cəzalandırılıb.
Təsəvvüfdən xəbəri olanlar təsəvvüfdə qadağalar arasında ən başda yer alan “şəhvət orucunun” hardan gəldiyini anladı yəqin ki. Təsəvvüfdə cinsi nəfs ən ciddi əmrdir. Bu inancdan güc alan Orta əsrlərin bəzi radikal sufi təriqətlərinin üzvlərinin qadınla yatmamaq və şərə xidmət etməmək üçün cinsi orqanlarını kəsdiklərini də oxumuşdum haradasa. Xristian rahiblərinə evlənməyin qadağan olunması da bu qədim inancdan gəlir. İslamla təsəvvüf arasında ilk ziddiyyət hər iki inancın təməlində ortaya çıxır: təsəvvüf qadından uzaq gəz deyir, islam dörd arvad almağa icazə verir. Yeri gəlmişkən, Mani peyğəmbər də özünü “sonuncu elçi” elan edərək özündən sonra gələnləri “yalançı peyğəmbərlər” adlandırmışdı.
Manixeizmin beş əmri bunlardır: oruc tut, dua et və sədəqə ver, yalan söyləmə, heç bir canlını öldürmə və ət yemə, mala, mülkə bağlanma, kasıblığının qərdini bil. III əsrdə Mani dərvişlərinin bütün Avrasiya qitəsinə yaydığı bu prinsiplər XII-XIII əsrdən sonra yaranan Yasəvilik, Qədirilik, Nəqşibəndlik, Hürufilik, Mövləvilik və s. kimi məşhur islam təsəvvüf təriqətlərinin “nizamnamələrində” də yer alır. İlk müsəlmanların təsəvvüfdən xəbərləri belə yox idi, birincisi, təsəvvüfün yerinə onlara Məhəmməd peyğəmbərin sadə həyat tərzi nümunə göstərilirdi, ikincisi, ilk müsəlmanlar XII-XIII əsrlərdə olduğu kimi imperativ gücə çevrilib zənginləşməmişdilər ki, hansısa mənəvi “əyləncə” ehtiyacları olsun.
Ümumiyyətlə, maddənin mənalandırılması məsələsi izi-tozu zəmanəmizə gəlib çatan bütün mistik təlimlərin məqsədi olmuşdur, bunu yalnız bir dinə, bir təriqətə bağlamaq mədəni “görməmişlik” olardı. Məsələn, islam təsəvvüfündə yer alan “Hikmət-i işrak”, “Vəhdəti-i vücud” kimi anlayışlar Hind “Vedalar”ından tutmuş, Pifaqorun dini təliminə, Misirli Hermes Totun “çilə gecələrindən” tutmuş yəhudilərin “Kabbala” mətnlərinə qədər qarışıq bir trayektoriya cızmışdır.
Təsəvvüfün islamlaşdırılması, ya da islamın təsəvvüfləşdirilməsi işində bir alim vardır ki, burada onun adını çəkməmək ayıb olar: Muhyiddin İbn Ərəbi. İbn Ərəbi XII əsrdə Əndəlusdə xristianlıqdan, Şimali Afrika bütpərəstlərindən, Anadolu və İrandakı şamanizmdən, Zərdüştilik və Manixeizmdən, Suriyadakı İsmaililikdən bir çox şeylər alıb islam təsəvvüfünün əsasını qoydu. Ərəbi islamdan öncəki mətnləri islama gətirərkən onları Quran ayələri ilə sintez edib, eyni zamanda təsəvvüf anlayışlarının islami terminologiyasını da yaratdı. Bu gün islam təsəvvüfü dediyimiz bu metafizik sintez islamın beşiyi olan Hicazda yaranmamışdır.
Təsəvvüfün bu yeni formasının nə üçün Misir, Suriya, İraq və İran kimi, çoxəsrlik qədim mistik dinlərin və mədəniyyətlərin izlərini hələ də canlı bir şəkildə qoruyan ölkələrdə ortaya çıxması da dediklərimizin həqiqiliyini şiddətləndirən bir sual olaraq meydanda cavabını gözləməkdədir.
İmaddədin Nəsimiyə gəlib çıxana qədər təsəvvüf artıq islamlaşmış, islam təsəvvüfünün ənənələri formalaşmışdı. XI əsrə kimi zındıq və kafir inancı kimi islam tərəfindən təqib olunan sufizm XI əsrdən sonra mərhələ-mərhələ islamlaşaraq bütün müsəlman dünyasında mistik-mənəvi mühitə çevrilmişdir. Nəqşibəndlik kimi bünövrəsi Buddizm inancı üzərində qurulan təriqətlər də islam təsəvvüf təriqətlərindən biri olmağa can atmışdır.
Əlbəttə, ürəyinizdə dediyiniz “islamın təsəvvüfə nə ehtiyacı vardı” sualını eşidirəm. Cavabım budur ki, bu, dini hakimiyyətin siyasi hakimiyyətlə əvəzlənməsi ilə bağlı bir məsələdir. Dövlətin yaxasını “tanrı məmurlarının” əlindən qoparmaq prosesi islam dünyasında olduğu kimi, eyni dövrdə xristian dünyasında da gedirdi. Dante Avropada nəhəng projektor kimi “qaranlıq çağın” sonlarında işığını insana fokuslayıb humanizm ideyalarını təbliğ edəndə islam coğrafiyasında da insanın nisbətən önə çıxarılması prosesi başlamışdı. Və Qərbdə humanistlər insanın mövhumi pasını silib təmizləmək üçün çox rahat şəkildə qədim yunan və latın mədəniyyətinə üz tutduqları kimi, islam Şərqi də insanı “taclandırmaq” üçün özündən əvvəlki təsəvvüfə, insanın özünü tanrı zərrəsi hesab etdiyi nəcib bir dövrə üz tutdu. Yəni tarixə tanrının deyil, insanın nəzarət edəcəyi dövr hər iki qitədə, təxminən, eyni dövrdə başlamışdı. Qərblilər yunan loqosunu – insanın ağlını, şərqlilər təsəvvüfü - insanın ruhunu (nurunu) seçdilər. Nəticədə humanizm xristianlığı, təsəvvüf islamı siyasi hakimiyyətdən məhrum etdi. Papa kralın, xəlifə sultanın himayəsinə keçdi.
Bəs onda müsəlmanlar Nəsimini niyə edam etdilər? Hürufilik təsəvvüfün “Vəhdəti-i vücud” düşüncəsinə söykənir ki, bu da bayaq dediyim kimi, Hind “Vedalar”ından tutmuş, Pifaqorun dini təliminə, Misirli Hermes Totun “çilə gecələrindən” tutmuş yəhudilərin “Kabbala” mətnlərinə qədər gedib çıxır. “Vəhdət-i vücud” fəlsəfəsinə görə, varlıq, materiya allahın sifətlərinin təzahürləridir, yəni yaradanla yaradılan eyni mahiyyətə sahibdir; insan – allahdır, allah – insan.
İbn Ərəbinin islamlaşdırdığı “Vəhdət-i vücud” düşüncəsi isə belə idi ki, aləmin mahiyyəti allahın mahiyyətinə daxil edilə bilməz, əksinə, aləmin mahiyyəti allahın mahiyyətinə əsaslanmalıdır. Yəni insan “ənəl-həqq” deməklə böyük qələt edir. Bizim nəsimişünaslar bir məqamı diqqətdən qaçırırlar ki, Nəsimi qəzəllərində hürufiliyi islamın mənafeyi üçün deyil, islamı hürufiliyin mənafeyi üçün istifadə edirdi. Məsələn, hürufilərə görə, Quranın Tin surəsindəki “Biz insanı ən gözəl şəkildə yaratdıq” ayəsi, yaxud “Özünü bilən Rəbbini bilər” hədisi hürufi düşüncəsinin, “Vəhdət-i vücud”un Qurandakı təsdiqidir. Yəni biz Quranın deyil, Quran bizim dediyimizi təsdiqləyir: “Sizə şah damarınızdan da yaxınam”, deyir allah (Qaf surəsi). Az qala demək istəyirəm ki, Nəsimi öz dövrünün din xadimlərini Quranla şantaj edirdi, ancaq demirəm, çünki buna ehtiyac yoxdur.
Bir də bunun üzərinə onu əlavə edək ki, hürufilər insanda təcəlla edən allah dedikdə ustadları Fəzlullah Nəimini nəzərdə tuturdular. Bu məqam bizim AMEA-nın alimlərinin gözündən yayınsa da, o dövrün mühafizəkar din xadimlərinin gözündən yayınmamışdı. Çünki islam “Vəhdət-i vücud”unun banisi hesab olunan İbn Ərəbi islamdan əvvəlki “Vəhdət-i vücud” düşüncəsinin panteizmin eynisi, həm də islamla heç bir əlaqəsi olmayan batil fikirlərdən ibarət olduğunu söyləyərək yaradanı yaradılandan ayırmış və yaradılanı yaradanın kölgəsi səviyyəsinə endirmişdi. Nəsimi isə İbn Ərəbinin ayırdıqlarını yenidən birləşdirirdi:
“Məscid ilə sacid oldı vahid
Məscid-i həqiqi oldı sacid”.
Yəni səcdə edən də səcdə edilən də bir oldu. Bu düşüncə Nəsimidən beş əsr əvvəl edam olunmuş “ənəl-həqq”çi Mənsur Həllacda belə idi:
“Sevən mən, o sevilən də mən
Bir bədənə girmiş iki ruhuq biz”.
Bu düşüncə təsəvvüf şüurunun dərinliklərinə endikcə dünyanın ilkin mətnlərinə qədər gedib çıxır. Nəsimi Quranın ayələrindəki hürufi rəmzlərinə istinad etməklə, bir növ, müsəlmanlara deyirdi ki, sizi “Vəhdət-i Vücud” yolundan azdırıblar. İnsan xəlq olan deyil, həqq olandır.
Haqq olan insan isə həmişə cəzalandırılır...