Rövşən Əsədov yazır...
Yəqin ki, artıq çoxları işğaldan azad olunan ərazilərdə olub, yaxud da televizordan, internetdən izləyib. Onlara bir sualım var: o gözəl, səfalı yerlərə, təpələrə, dağlara, sıldırım qayalara baxanda nə gördünüz? Əzəmətli daş kütləsi, bəlkə də xatirə şəkilləri üçün möhtəşəm bir fon?
Bu qədər sadəmi?
Biz tam 30 il boyunca işğalda olan ərazilərimizin bir ovuc torpağına, bir parça daşını qucaqlayıb bağrımıza basmağa möhtac idik. Atalarımız, analarımız, babalarımız torpaq həsrəti ilə, o dağları, o Cıdır düzünü, o dimdik qayaları bircə dəfə də olsa görmək arzusu ilə gözləri yolda bu dünyadan köçdülər. Minlərlə insan o ilahi vüsala çatmadan arzularını qəlbində məzara apardı.
Bəs biz o torpaqlara, o dağa, o daşa, o qayalara necə qovuşduq? O sıldırım qayalara dırmaşan, sinəsini sipər edən, al qanı o daşların üzərinə süzülən igidlərimizin fədakarlığı ilə! O qayaların üzərindəki hər bir iz sıradan deyil - oradakı hər dəlik güllə izidir, oradakı hər nöqtə Vətən övladının müqəddəs qanının möhürüdür.
İndi dayanıb düşünməyə böyük ehtiyacımız var...
Şuşaya gedib, alıb əlinə boyanı, o qayaların üzərinə öz adını, sevgisini, gəldiyi tarixi yazan həmyerlim! Yəqin ki, bunu pis niyyətlə etmirsən, bəlkə də, o torpağa olan sevgini, orada olmağının həyəcanını belə ifadə etməyə çalışırsan. Amma unutma ki, bizim o daşları çirkləndirməyə, o müqəddəs yaddaşı ləkələməyə heç bir haqqımız yoxdur.
O qayalara ad yazmaq lazımdırsa, o adlar artıq çoxdan yazılıb! Bu torpağın ən qeyrətli oğulları öz qanları ilə, canları ilə, qəhrəmanlıq dastanları ilə adlarını o qayalara, o daşlara əbədi olaraq həkk ediblər. Onların adlarını boya ilə o qayalara yazmağa heç ehtiyac yoxdur. Ən böyük ad, ən müqəddəs imza artıq tariximizə yazılıb.
Şuşa, onun hər bir dağı, daşı, axan büllur bulağı bizim, sadəcə, gəzib-görəcəyimiz bir məkan, mənzərə deyil. O, babalarımızın yadigarı, şəhidlərimizin bizə əmanətidir. İnsan öz doğmasının, öz evinin divarına insafsızca boya çəkərmi?
Əgər o qayalarda bir iz qoymaq istəyirsinizsə, bunu boya ilə yox, ehtiramınızla edin. Çünki o torpaqların hər qarışı boyaya yox, yalnız və yalnız gözəl baxışa, sevgiyə və sonsuz qorunmağa layiqdir!