Rövşən Əsədov yazır...
Dünən dəniz daha dörd canı qoynuna aldı, dörd ocağa sönməz bir od saldı. Üç bədən sahildə, doğmalarının göz yaşları içində qarşılandı, birinin axtarışları isə hələ də davam edir... Dəniz hər yay eyni ssenarini bizə təkrar-təkrar yaşadır. Amma biz hər dəfə bu mavi sonsuzluğun gözəlliyinə aldanır, onun pəncəsindən qurtula bilməyəcəyimizi unuduruq.
Atalarımız nahaq yerə deməyib: "Suda boğulan saman çöpündən də yapışar". Bu, sadəcə bir məsəl deyil, ölümün nəfəsini bədənində hiss edən insanın o bir saniyəlik çabalayışının, həyata tutunmaq ümidinin acı mənzərəsidir. İnsan dənizdə çarəsiz qalanda, o saman çöpü onun üçün kainatın ən böyük xilas kəndirinə çevrilir.
Bunu mən çox yaxşı bilirəm. Çünki illər öncə o xilas kəndirindən mən də yapışmışdım.
Həyatım boyu dənizi çox sevmişəm. Doğmalarım, dostlarım hər dəfə arxamızca "su ilə zarafat olmaz", "dənizdən adama dost olmaz" deyəndə, sadəcə gülümsəyərdim. Özümə, üzməyimə elə güvənirdim ki, bu xəbərdarlıqlar mənə çox gülməli görünürdü. Ta ki o günə qədər...
Məkan Şüvəlan sahili idi. Hava bir az küləkli, dəniz isə hər gün üzdüyüm, mənə doğma olan dəniz idi. Amma qəfil, bir saniyənin içində hər şey dəyişdi. Gizli və amansız bir su axını məni dənizin dərinliyinə doğru sürətlə çəkməyə başladı. O an dərk etdim ki, insanın bütün fiziki gücü, özünəinamı o nəhəng dalğaların qarşısında acizdir.
Müvazinətimi itirdim, ağzıma dəniz suyu doldu, nəfəsim bir anlıq kəsildi. İnsan boğularkən zaman dayanır. Bütün həyatım, sevdiklərimin gözlərimin önündən bir lent kimi keçdi. İçimdə sadəcə bir fəryad var idi: "Allahım, nə olardı kimsə qəfil əlimdən tutub məni bu burulğandan çıxarardı..."
Məhz o an, suda ölümün pəncəsində çabalayarkən əlimə bir ip keçdi. Balıqçıların dərinliyə doğru atdığı bir ip... O ip mənim üçün saman çöpü yox, həyatın mənə yaşamaq üçün uzatdığı bir əl idi. İpdən yapışıb, son gücümlə özümü sahilə doğru çəkdim. Əgər o təsadüfi ip olmasaydı, yəqin ki, bu günlərdə ailə üzvlərim məzarımın başında məni anacaqdılar...
Photostock.az saytının əməkdaşı Tapdıq Abdullayevin hadisə yerindən - dəniz kənarından çəkdiyi şəkillərə baxdım. Baxdıqca adamın ürəyi parçalanır...
Sahildə, qum üzərində tənha bir masa qalıb. Üzərində bir neçə tikə çörək, pomidorlar, hələ içilməmiş stəkanlar... Bir neçə dəqiqə əvvəl o masanın ətrafında gülüşən, zarafatlaşan, bəlkə də gələcəkdən danışan dörd insan var idi. İndi isə o masada ancaq ölümün ağır, kədərli sükutu əyləşib. Hər şey elə yarımçıq, elə toxunulmaz qalıb ki, sanki sahibləri masaya qayıdıb söhbətlərinə və yeməklərinə qaldıqları yerdən davam edəcəklər. Amma gəlməyəcəklər...
Fonda isə heç bir şey olmamış kimi, quduzlaşmış köpüklü dalğalar qayalara çırpılır. Dəniz sanki bir az əvvəl udduğu canların acısını sahildə qoyduğu bu tənha masaya baxıb istehza ilə qeyd edir. O dalğaların səsi indi mənə bir musiqi yox, dörd insanın son fəryadı kimi gəlir. Bu, bir daha sübut edir ki, ölüm insanı planlarının ən şirin yerində yaxalayır.
Dünən həyatını itirən gənclər də, bəlkə də, mənim kimi özlərinə güvənirdilər. Bəlkə də onlar da dənizin gözəlliyinə aldanıb, dərinliyə doğru getməkdən çəkinməmişdilər. Amma dənizin zarafatı yoxdur. O, qəfləti sevir və ən kiçik bir səhvi belə bağışlamır.
Bu yazı bir fəlakət xronikası deyil, bu bir fəryaddır. Sahilə gedərkən təhlükəsizlik qaydalarına əməl etmək zəiflik deyil, həyata və sevdiklərinizə olan hörmətdir. "Mən yaxşı üzürəm", - deyib dalğalara meydan oxumayın. Sərhədləri keçməyin, dərinə getməyin.
Unutmayın, dənizin dibi özünə güvənən, amma o amansız axına qarşı gələ bilməyən minlərlə insanın səssiz məzarlığıdır. Dənizə gedərkən arxanızda gözüyaşlı analar, vaxtsız qocalan atalar və yarımçıq qalan bu cür süfrələr qoyub getməyin. Qaydalar bizi məhdudlaşdırmaq üçün deyil, yaşatmaq üçündür.