Bakı şəhəri, Xətai rayonunda yerləşən 95 saylı tam orta məktəbdə valideynlərin şikayətləndiyi antisanitar vəziyyətlə bağlı məsələyə aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, 2026-2027-ci tədris ilinə hazırlıq çərçivəsində tətil müddətində məktəb binasında və sanitar qovşaqlarda zəruri cari təmir və bərpa işləri həyata keçirilib:
"Sanitar qovşaqlar tam işlək vəziyyətə gətirilib, antiseptik və gigiyenik normativlərə cavab verən şərait təmin olunub. Hazırda məkanda antisanitar vəziyyət müşahidə edilmir, kəskin qoxu riski mövcud deyil.
Təhsil müəssisəsinin cari saxlanılması və təmir işləri müvafiq dövlət qurumları tərəfindən planlı şəkildə həyata keçirilir. Bu baxımdan məktəb rəhbərliyi ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.
Sözügedən sinif otağı keçən tədris ilində də istifadədə olub, həmin otaqda 11-ci sinif şagirdləri tədris prosesini uğurla başa vurublar. Otaq dezinfeksiya olunub, havalandırma və işıqlanma dərəcəsi fiziki-gigiyenik standartlara tam cavab verir.
Təhsil müəssisəsində hər bir şagirdin təhsildən yayınmaması üçün mütəmadi monitorinqlər aparır. Məktəb rəhbərliyi tərəfindən şagirdlərin davamiyyəti diqqətdə saxlanılır və valideynlərlə maarifləndirici söhbətlər aparılır.
İnanırıq ki, bütün valideynlər məktəbdaxili qaydalara hörmətlə yanaşacaq və effektiv tədris mühitinin davam etdirilməsinə dəstəklərini əsirgəməyəcəklər".
Valideynlər Bakı şəhəri, Xətai rayonunda yerləşən 95 saylı tam orta məktəbdə yaranmış antisanitar vəziyyətdən şikayətçidirlər.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən məktəbin 5-ci sinif şagirdlərinin valideynləri iddia ediblər ki, sözügedən təhsil müəssisəsinin sanitar qovşaqlarında çox pis qoxu və ciddi antisanitar durum var.
Onların sözlərinə görə, sanitar qovşaqda olan qoxu siniflərə yayıldığı üçün şagirdlər normal qaydada dərsdə iştirak edə bilmirlər:
"Artıq 1 həftədir 5-ci sinifdə oxuyan uşaqlar dərsə getmirlər. Çünki sinifdə oturmaq mümkün deyil.
Məsələ ilə bağlı məktəb direktoruna müraciət etmişik. Direktor isə bizə "usta tapın, təmir etdirin, bizə vəsait ayrılmır" deyib. Dövlət məktəbində tualetlərin təmiri və uşaqlar üçün normal, sağlam şəraitin yaradılması niyə valideynlərin üzərinə düşməlidir? Ən əsası, artıq 1 həftədir şagirdlər dərsə getmirlər, amma bununla maraqlanan yoxdur ki, problem nədir?"
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ünvanlanıb.