Gəncə şəhərinin "Mahrasa bağı" adlanan ərazisində sahibsiz itlərin sayının artması sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edən sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, ərazidə sürü halında dolaşan itlərin insanlara hücum etməsi ilə bağlı narahatlıqlar getdikcə artır:
"Vəziyyət artıq adi sahibsiz heyvan problemindən çıxaraq ictimai təhlükəsizlik məsələsinə çevrilib. Xüsusilə səhər və axşam saatlarında yaşayış binalarının ətrafında toplaşan itlər insanların sərbəst hərəkətinə mane olur".
Sakinlər qeyd ediblər ki, uşaqları həyətə tək buraxmaqdan çəkinirlər:
"Yaşlı insanlar isə mağazaya, işə və ya digər gündəlik ehtiyacları üçün evdən çıxarkən ehtiyat etməli olurlar. Sakinlər binalara daxil olanda və çıxarkən sahibsiz itlərin hücumu ilə üzləşməkdən qorxurlar. Mahrasa bağı sakinləri aidiyyəti qurumlardan problemin araşdırılmasını, sahibsiz itlərin yaşayış binalarının ətrafından təhlükəsiz və humanist üsullarla götürülməsini və ərazidə insanların təhlükəsiz hərəkətinin təmin edilməsini istəyirlər".
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi, onların sağlamlığının qorunması və rifahının təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir:
"Sahibsiz heyvanların təhlükəsiz şəraitdə saxlanılması məqsədilə bir müddət əvvəl Gəncə şəhəri ərazisindən 350-yə yaxın sahibsiz küçə heyvanı toplanaraq Qaradağ rayonunda yerləşən ixtisaslaşmış sığınacağa yerləşdirilib. Sahibsiz küçə heyvanlarının toplanaraq qeyd olunan sığınacağa yerləşdirilməsi işlərinin növbəti aylarda da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sahibsiz küçə heyvanlarının sayının humanist üsullarla tənzimlənməsi məqsədilə mütəmadi olaraq onların qısırlaşdırılması, peyvəndlənməsi və baytarlıq müayinələrinin aparılması ilə bağlı aksiyalar təşkil edilir".