Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ölkədə 15-49 yaşlı qadınların üçdəbirində anemiya var? - Qanazlığının səbəbləri və mübarizə yolları + FOTO
Anemiya poliorqan yetməzliyidir və müalicə olunmadıqda, xroniki xəstəliklərə səbəb ola bilir. Onların müalicəsi isə daha çətin olur. Bədəndə tonusun olmaması, yorğunluq və əzginlik qanda dəmir azlığının ilkin simptomlarından hesab olunur. Anemiyanın, təəssüf ki, növləri çoxdur.
BMT-nin məlumat bazasına görə, Azərbaycanda 15-49 yaşlı qadınların üçdəbirində anemiya var. Anemiya insanın qırmızı qan hüceyrələrinin sayının normadan az olması nəticəsində yaşadığı patoloji vəziyyətdir. Cənubi Qafqazda qadınlar arasında anemiyanın ən yüksək olduğu ölkə Azərbaycandır.
Mövzu ilə əlaqədar ölkədəki vəziyyəti öyrənmək üçün Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinə sorğu ünvanladıq.
Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata əsasən, dünya əhalisinin 40%-nə yaxını anemiyadan, yəni qanazlığından əziyyət çəkir:
“Xüsusən inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə qanazlığı daha çox görülür. Azərbaycanda anemiyaya yeniyetmələr və qadınlar arasında rast gəlinir”.
Statistika göstərir ki, Azərbaycanda 15-49 yaş arası qadınların üçdəbirində anemiya var.
Mərkəzdən verilən məlumatda buna cavab olaraq bildirilib ki, ən çox rast gələn qanazlığı növü dəmir defisitli anemiyadır:
“Bu, təxminən bütün qanazlığı növlərinin 75%-ni təşkil edir. Hər iki cinsdə rastlansa da, daha çox gənc qadınlarda izlənilir. Buna ən böyük səbəb adət görən qadınlarda hər ay tsikl müddətində dəmir itkisidir. Doğru qidalanmamaq, daim pəhriz saxlamaq, doğum, hamiləlik, eləcə də süd verən zaman qanazlığı izlənilə bilir. Hamiləlik müddətində anemiya izlənilən qadının övladında da qanazlığı müşahidə olunur. Kişilərdə dəmir defisitli anemiyanın izlənməsi bəzən ciddi qan itkisi və ya həzm sisteminin bədxassəli xəstəliyinin ilkin əlaməti ola bilir”.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin verdiyi məlumatda qeyd edilib ki, ümumiyyətlə anemiya, adətən, sonradan qazanılan xəstəlik olsa da, irsi qanazlıqları, yəni anadangəlmə növləri də mövcuddur:
“Bəzi mikroelement, vitamin çatışmazlığı zamanı qazanılmış anemiyalar da izlənilir. Bunlara ən klassik nümunə dəmir, vitamin B12, fol turşusu çatışmazlığı ilə görülən anemiyadır. Anadangəlmə anemiyalar isə daha çox genetik pozulmalar nəticəsində baş verir. Talassemiya - irsi qanazlığı növüdür. Talassemiya genetik yolla keçən, yüngül, orta və ağır dərəcəli anemiya ilə özünü göstərən irsi qanazlığıdır. Talassemiya minorda (talassemiya əlamətini daşıyan forma) yüngül dərəcəli qanazlığı izlənilir. Bu zaman valideynlərdən biri mütləq şəkildə talassemiya genini daşımış olur. Əgər hər iki valideyn talassemiya genini daşıyırsa, 25% halda talassemiya mayor deyilən növü qarşımıza çıxır. Ölkəmizdə 2015-ci ildən etibarən dövlət proqramına salınaraq, nikahöncəsi talassemiya skrininqi icra edilir. Bu tədbirlər xəstəliyin azalmasına səbəb olur”.
Bəs anemiya ilə necə mübarizə aparmaq olar?
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssislərinin fikirlərinə görə, anemiya bir xəstəlik deyil, sadəcə, şikayətlər toplusudur:
“Rutin müayinələrlə qan dəyərləri ən azı ildə bir dəfə incələnməlidir. Qan analizində hemoqlobin aşağı olarsa, növbəti addımlarda bu azlığın səbəbi araşdırılmalıdır. Hər nə qədər dəmir defisitli anemiya çox rast gəlinən növ olsa da, qanazlığının tək səbəbi deyil və istər qazanılmış, istər irsi qanazlığının diaqnostikası xüsusi diqqət tələb edir. Qazanılmış və ya irsi olduğunu təyin edib, səbəbə yönəlik müalicələr başlanmalıdır. Bəzən səbəblər içində sümük iliyinin xəstəlikləri, bəzən yanaşı xronik xəstəliklər də mümkündür. Əlbəttə, qanazlığı ilə mübarizə davamlı tibbi maarifləndirmə, qadınlarda ginekoloji, kişilərdə GİS problemləri unudulmamalıdır”.
Anemiyadan əziyyət çəkən şəxslərin hansı xəstəliklərə yoluxma riski yüksək olur?
“Anemiyalı pasiyentlərin əksəriyyətinin şikayəti halsızlıq, erkən yorulma, təngnəfəslik, kardioloji şikayətlərin ön plana keçməsi, baş gicəllənməsi, iştahasızlıq, yuxu rejiminin pozulması və bu kimi bütün vücuda təsir edən şikayətlər məcmusudur. Vücudun mütəşəkkil halda işləməsini nəzərə alaraq, dərin qanazlıqları zamanı istər immun sisteminin, istər kardioloji, nefroloji, endokrin və digər sistemlərin zədələnməsi mümkündür. Əksər hallarda müalicəsi qəliz olmayan anemiyaları diqqətdən kənar qoymamaq üçün ən azı ildə bir dəfə hematoloji çek-aplar tövsiyə olunur”, - deyə məlumatda qeyd edilib.
Könül Cəfərli
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər