1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günüdür.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirmiş 39 342 nəfər uşağa və 63 094 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 287-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.
Azərbaycan Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə 1 yanvar 2014-cü il tarixdən ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Cari ilin 1 may tarixinə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5 300 nəfərdən çoxdur.