"MİDA sosial mənzilə ehtiyacı olan vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə imkan yaradan mühüm layihələrdən biridir. Layihənin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, mənzillərin satış prosesində şəffaflığın və əlçatanlığın təmin edilməsi də diqqət mərkəzində saxlanılır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, MİDA Azərbaycan vətəndaşlarının, xüsusilə aztəminatlı və orta təminatlı ailələrin, gənc mütəxəssislərin və dövlət qulluqçularının yaşayış sahəsinə olan ehtiyacının güzəştli şərtlərlə qarşılanmasına xidmət edir.
Onun sözlərinə görə, dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olan bu layihələr indiyədək 12 minə yaxın ailənin mənzillə təmin olunmasına şərait yaradıb.
"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən bu günədək 11 güzəştli layihə tamamlanıb və artıq 12 minə yaxın ailə mənzillə təmin olunub. Bu rəqəmlər sosial mənzil proqramının geniş miqyasda həyata keçirildiyini və vətəndaşların mənzilə əlçatanlığının artırılmasında mühüm rol oynadığını göstərir".
Deputat əlavə edib ki, layihənin ən müsbət tərəflərindən biri sosial mənzillərin satışının təkcə Bakı şəhərini əhatə etməməsidir:
"Regionlarda da bu imkanların yaradılması vətəndaşların mənzil əldə etməsini asanlaşdırır, eyni zamanda sosial mənzil siyasətinin ölkənin müxtəlif ərazilərini əhatə etməsinə imkan verir. Bu baxımdan, regionlarda layihələrin sayının artırılması və daha çox vətəndaşın bu proqramdan yararlanması mühüm əhəmiyyət daşıyır.
Doğrudur, əvvəllər mən də MİDA-da bəzi nöqsanlar barədə danışmışdım. Amma son satışlar göstərdi ki, Agentliyin fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində ciddi irəliləyiş var. Elektron sistemlərin tətbiqi və proseslərin daha aydın qaydalar əsasında həyata keçirilməsi vətəndaşların etimadının artırılması baxımından da müsbət addımdır.
Əsas məqsəd bu imkanların daha da genişləndirilməsi, sosial mənzil proqramının davamlı şəkildə inkişaf etdirilməsi və mənzilə ehtiyacı olan daha çox ailənin münasib şərtlərlə mənzil sahibi olmasına şərait yaradılmasıdır".