Bakıda yerləşən "Vital Klinika"da ölü doğulan körpənin zirzəmiyə qoyulduğu iddiası ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlamanı ölü doğulan körpənin atası Abdulla Kərimov verib.
"Vital Klinika" isə iddiaları əsassız adlandıraraq ölü doğulan körpənin morqdan ailəyə təhvil verildiyini bildirib.
Həkim-ginekoloq Çinarə Gülməmmədova isə ana Fərqanə Kərimovanı yalnız ayın 17-də, əməliyyat günü "Vital Klinika"da gördüyünü qeyd edib.
Şikayətçi tərəf də "Vital Klinika"ya ilk dəfə həmin vaxt müraciət etdiklərini təsdiqləyib. Bununla yanaşı, onlar Çinarə Gülməmmədovanın hamilə Fərqanə Kərimovanı yanvar ayından Nəsrəddin Tusi adına Klinikada qəbul etdiyini, müayinə və müalicə apardığını iddia edirlər. Bu iddianı təsdiqləmək üçün şikayətçi tərəf yazışmaları və tibbi müayinə sənədlərini təqdim edib.
Qeyd edək ki, hadisə ilə bağlı bütün faktlar və iddialar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.