Yaxud gerçəklə yuxunun arasındakı məqam
Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya” anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşaq qəlblidir və insanların arasında da dolanır. Ölüm tanrısı isə ürəyində zərrə qədər də mərhəməti olmayan qəddardır. Buna görədir ki, insan yuxudan ayıla bilər, ölümdən yox...
“Kaspi” qəzeti bildirir ki, fantasmaqorik üslubda çəkilmiş "Ölüm növbəsi" filminin süjet xətti sürrealelementlərlə zəngindir. "Sınaq Film Prodüser Mərkəzi”nin istehsalı olan bu filmin ssenari müəllifləri yazıçı-dramaturq İlqar Fəhmi və eyni zamanda filmin quruluşçu rejissoru olan Fikrət Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Mais Ağabəyovdur. Qeyd edim ki, fantasmaqoriya fantastik filmə bənzər, lakin daha çox mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalarla zəngin bir film janrıdır. "Ölüm növbəsi" filmi də yerlə göy arasında olan bir fəzadır. Və burada çox şey real görünsə də, onların həlli, sübutu yoxdur.

Film Bakı kəndlərinin birində baş qəhrəman Şamilin (rolun ifaçısı Şamil Süleymanov) uzunmüddətli yuxudan ayılması, dama çıxıb yağışın altda Allaha dua etməsi, təmizlənmək istəyi ilə başlayır. Bu xəbər bir anın içində kəndə yayılır və hər kəs onun tamaşasına gəlir. Yuxudan həqiqətləri açıq-aydın görə bilən insan qismində oyanan Şamilə adamlar qəribə baxırlar. Dediklərinin həqiqət olduğunu görəndən sonra isə bunun özlərinə sərf etmədiyini anlayıb, bir az da qıcıqlanırlar ona qarşı.
Keçək yağışın altda insanın təmizlənmək istəyinə. Belə bir inanc var ki, yağış yağanda Allahın dərgahı açıq olur və dualar daha tez qəbul edilir. Şamil indiyə kimi yaşadıqlarının o biri üzünü artıq tül-pərdədən baxan kimi görür. Yəni günahlarını da, savablarını da. Və Allaha dua edibtəmizlənmək istəyir. Amma Şamil indi kənd sakinlərinin də bütün pis əməllərindən xəbərdardır. Və onun dediyi həqiqətlər heç kimin ürəyincə deyil. Sanki insanlar bu həqiqətlərdən qaçır, amma Allahdan qorxmurlar.

Filmdə Qorxmaz Əlilinin canlandırdığı Əmirqulu obrazı var ki, o da özünəməxsusluğu ilə fərqlənir. Əmirqulu kəndin bərbəridir. Hamıya da eyni sözü deyir: "Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın!" Və bir gün yarıyuxulu-yarıgerçək bir məqamda Əzrail onu aparmağa gəlir. Qorxudan rəngi saralan Əmirqlunun "məni niyə tez aparırsan” sualına Əzrail belə cavab verir: "Özün o qədər dedin ki, Allah mənim ömrümdən kəssin, səni ömrünə calasın, Allah da kəsdi”. Təbii ki, Əmirqulu qorxuya düşür. Sözünü geri götürür. Sonda yuxudan ayılır, amma özü də gördüyünün tam yuxu və ya gerçək olduğunu anlaya bilmir. Bu detal dualarımıza, arzularımıza diqqətli yanaşmalı olduğumuza sətiraltı işarədir.

Ümumiyyətlə, Şamilin bütün həqiqətləri bilməsi də sual doğuran məqamdır. Yəni bir insan yuxu görüb hər şeyi necə bilə bilər?

Şamil yuxudan oyananda, onu oyanması münasibətilə təbrik edənlərin də səmimiyyətinə inanmır. O bilir ki, insanlar, sadəcə onun ölmədiyinidəqiqləşdirməkdən ötrü gəliblər. Və Şamil deyir: "Gedin, bozbaş qonaqlığı olmayacaq!” Yəni insanların yas yerinə kimisə itirdiklərinin ağrı-acısını bölüşməyə yox, əslində,qarın doydurmağa gəldiyini dilə gətirir.
Bütün film sürreal hadisələr, maraqlı tapıntılarla zəngindir. Hətta 90 yaşlı kişinin ağıl dişi çıxartması da sual doğuran məqamdır.Filmdə insanın nankorluğu qabarıq boyalarla əks etdirilib. Yəni yaxşılıqların cavabı yamanlıqla verilir. Bu, pislənir, aydın məsələdir. Digər tərəfdən də, insanlara yaxşılıq etmək ideyasının vacibliyi tamaşaçıya aşılanır. Əgər bu yaxşılığın qarşılığı pisliklə qarşılanırsa necə?.. Yenə də insana seçim verilir: yaxşı ola bilirsənsə, yaxşı ol...
Və filmin sonunda...
Filmin sonunda Şamili gerçəkləri sillə kimi insanların üzünə vurduğuna görə güllələyir, hətta bir qədər sonra onu dəfn edirlər. Amma sonrakı kadrda Şamilin sağ olduğunu, evində yatdığını görürük. Deməli, Şamilin həyatının qayəsi onun güllələnmə anında bitməyib. Onun ölüm növbəsinin çatmasına hələ var...