Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölüsü yerdə qalan səhiyyəmiz...
Kubra Məhərrəmova yazır...
Azərbaycanda qəribə dəfn adətləri var. Məsələn mərhumun mafəsinin üstünə balaca güzgü qoyarlar, cənazəni dəfn etmək üçün gələnlər mollanın "üç dəfə qaldırın, qoyun" əmrini icra edər və s.
Yeri gəlmişkən qaldırıb-qoymaq məsələsi barədə dini mənbələrdə də heç bir məlumat yoxdur. Uzun sözün qısası, bu gün səhiyyəmiz o vəziyyətdədir. Artıq üçüncü dəfəni qaldırıb-qoyurlar ki, bir azdan qəbir evinə yola salsınlar.
Bir neçə gün əvvəl "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı göstərdiyi performansla ölmüş səhiyyəmizin tabutuna axırıncı mismarı çaldı.
Cərrahiyə otağına bir dəstə adamın daxil olması, mahnı oxuması, şam üfürmək, alqışlamaq və daha nələr... Görüntülərə baxanda düşündüm ki, indi həkim xanım ona gətirilən şirniyyatdan xəstəyə də təklif edib adını tibb elminə yazacaq, amma təklif etmədi... Bir az da artıq "performans" göstərsələr, lap adlarını "Ginnesin" rekordlar kitabına da yazdıra bilərdilər desək, yalan olmaz.
Orta statistik ana-bacı üçün efirdə görünən "doktor" daha məqbuldur. "Instagram" hesabının al-əlvan olması orta statistik azərbaycanlı xəstə üçün həkimin diplomundan, savadından daha vacibdir. Əsas odur ki, "doktor" filan verilişdə olub, "Instagram"ında da 50-100 min izləyicisi var.
Əslində Azərbaycanda həkim olmaq üçün Tibb Universitetini oxumaq lazım deyil. Nəyə lazımdır 7-10 il vaxtını xərcləmək?! Cibinə, puluna minnət. Ver parasını, işini gör... Diplom da yazacaqlar, sertifikat da. Bu barədə əvvəlki yazımda geniş danışmışam deyə təkrarçılığa yol vermək istəməzdim. (https://oxu.az/cemiyyet/30-min-manat-verib-men-de-hekim-ola-bilerem)
Və əli cibində olan "həkim" klinikaların birində kabineti icarəyə götürür, üstünə qızılı hərflərlə "Dr. Xanım ginekoloq-slesar-stomatoloq" yazdırıb başlayır xəstə qəbuluna.
Bir-iki kursa da gedib olur ginekoloq-cərrah. Məsələn, elə biri barədə Qənirə Ataşova paylaşım etmişdi. Şou-biznesdə at oynadan müğənnilərdən biri Xatirə İslam şəxsən Ataşovaya zəng edib deyib ki, "onun bacısıyla işi olmasın!"
Xanım Ataşova əlində olan sənəd-dəlillərlə sübut edir ki, müğənninin bacısı Günel Əzizovanın heç bir tibbi təhsili yoxdur. Bu azmış kimi Günel əməliyyatlar edir, ginekoloji prosedurlar həyata keçirir.
Amma qeyd edim ki, Günel Əzizova hələ də şəhərin mərkəzində fəaliyyət göstərən klinikaların birində çalışır və vaginoplastika əməliyyatlarını həyata keçirir.
Keçən dəfə Baku.tv-də bu barədə danışdı. Nazirliyin əməkdaşı da açıq-açığına qeyd etdi ki, "bəs bizi bağışlayın, özəl klinikalara əlimiz girmir".
Yəni görürsünüz ki, yasımız düşüb, siz jurnalistlər də suallarınızla bizi bezdirirsiniz. Dəfn mərasimindəyik, mərhumu basdırırıq...
Yeri gəlmişkən, cərrah diplomu olmayan, amma özünü televiziyalarda, verilişlərdə cərrah kimi təqdim edən və dəfələrlə məhkəmələrə verilən Sevinc Heydərova da Xatirə İslamın bacısıyla eyni klinikada fəaliyyət göstərir.
İndi məsələ odur ki, bu qəbildən olan "həkimlər" öz toxunulmazlıqlarından o qədər əmindirlər ki, heç kimdən və heç nədən qorxmurlar. Nə Səhiyyə Nazirliyindən, nə də bir başqalarından.
Çünki indiyə qədər hələ görmədik ki, hansısa həkimin lisenziyası əlindən alınsın və həkim kimi çalışmasına qadağa qoyulsun. Və ya eşitmədik ki, filankəs özünü həkim kimi təqdim etdiyi üçün dələduzluq maddəsi ilə həbs olunub.
Yoxdur, olmayıb və görünür ki, olmayacaq da!
Ona görə də, belələri at oynadır, adam öldürürlər. Axırda da məhkəməyə gedilən işdə ekspert rəyi yazır ki, "tromboemboliya". Yəni xəstə tromb qopmasından həyatını itirib.
Həkim də bəraət alır, gedir növbəti özəl klinikaya kabinet icarəyə götürməyə.
Azərbaycanda hər dövrdə tibb pullu-gəlirli sahə olub. Hələ sovetin dövründə Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün gərək ya "yuxarıdan" tapşırılaydın, ya da fantastik məbləğdə rüşvət verəydin. Elə həmin rüşvətlə də oxuyan "həkimlər", pulunu verib çörəkli xəstəxana və poliklinikalara baş həkim təyin olunurdular.
Belə görünür bu bizim bir növ adətimizə çevrilib. Bu gün də get pulunu ver, özəl klinika tikdir, içinə bahalı tibbi avadanlıq al, üç nəfər əsl savadlı həkimlə yanaşı 30 nəfər də dələduzu götür işə, qaz vur, qazan doldur. Sonra da de ki, "xalqa xidmət edirik"...
Bəlli məsələdir ki, Azərbaycanda klinika açmaq asan məsələ deyil. Xeyli pul tələb olunur. Və bu pulu qısa müddət ərzində xəstələrdən çıxartmaq lazımdır.
Əsası xəstəxananın təməlini qoymaq, çətini isə müştərini kassaya cəlb etməkdir. Ondan sonra xəstə ya ölər, ya qalar artıq maraqlı deyil. Əsas pul hesaba otursun.
Mən hələ analiz cavablarından danışmıram... Hər klinikada analizdən bir cavab çıxır. Yəni o qədər tərs mütənasib cavablar ola bilər ki, kişini hamilə çıxara bilərlər.
Və buna görə də, heç kim, bir daha QEYD EDİRƏM heç kim məsuliyyət daşımır. İndi biz nə edək? Evdə laboratoriya quraq?
Ölkənin səhiyyə sistemi o qədər bərbad vəziyyətdədir ki, özünə hörmət qoyan onun yas mərasiminə gəlməz. Özünü xəstəliyə vurar, ölülüyə qoyar amma gəlməz.
İki-üç vicdanla, qanun-qayda ilə fəaliyyət göstərən klinikalar və orada çalışan əsl, savadlı, diplomlu, rezidentura keçmiş həkimlər də olmasa elə bizi də Səhiyyənin yanında dəfn edərlər...
Rəylər