Son zamanlar sosial şəbəkələrdə "orqan donoru oluram" və ya "pula ehtiyacım var, böyrəyimi satıram" məzmunlu elanlara tez-tez rast gəlinir.
Baku TV-nin məlumatına görə, bəzi şəxslər bunu maddi imkansızlıqla əlaqələndirirlər. Bəs insanın öz orqanını satması qanun və sağlamlıq baxımından nə dərəcədə doğrudur?
Məsələyə münasibət bildirən həkim Abbas Bağırov qeyd edib ki, insan orqanizmindəki hər bir orqan və toxuma maddələr mübadiləsinin adekvat tənzimlənməsini təmin etmək üçün nəzərdə tutulub.
Həkim bildirib ki, orqanizmdə bəzi orqanlar cüt, bəziləri isə təkdir:
"Fəaliyyəti tək bir strukturun üzərinə yüklədikdə orqanizmin ümumi iş prinsiplərində ciddi dəyişikliklər baş verir. Bu səbəbdən bəzi hallarda insanlar uzun müddət və ya ömürlük dərman qəbul etmək məcburiyyətində qalırlar. Bu da qaraciyərin, digər böyrəyin funksiyasının və toxuma mübadiləsindəki pH mühitinin pozulmasına gətirib çıxarır.
Məsələn, bir böyrəyi bədəndən xaric etdikdə zamanla ikinci böyrək də zədələnə bilər. Bu isə böyrək və sidik sisteminin fəaliyyətinin tamamilə dayanmasına, nəticədə isə orqanizmin ölümlə üz-üzə qalmasına səbəb ola bilər".