Fransa Prezidenti Emmanuel Makron ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyanın dronlar vasitəsilə hücumlar hazırlaması barədə ölkə hökumətini məlumatlandırması ilə bağlı iddiaları təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "France 2" telekanalının efirində bildirib.
"Biz bu məlumatı təkzib edə bilərik. MKİ Fransa xüsusi xidmət orqanlarını bu cür hücum barədə məlumatlandırmayıb", - deyə Fransa lideri bəyan edib.
Prezident, həmçinin əlavə edib ki, Almaniyanın Leypsiq şəhərində yerli hava limanının uçuş-enmə zolağında Ukraynaya məxsus "An" yük təyyarəsinin yanında əldəqayırma partlayıcı qurğu ilə təchiz olunmuş PUA-nın aşkar edilməsi kimi insidentlər Fransada hələ ki, baş verməyib.
Rusiya İspaniya, Fransa və İtaliyaya dronlarla mümkün hücumlar həyata keçirə bilər.
Oxu.Az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat xidmətləri ehtimal olunan dron hücumları barədə Avropa hökumətlərinə məlumat veriblər.
Məlumata görə, mümkün hücum ssenarisində Rusiyanın "Gerbera" tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə biləcəyi bildirilir. PUA-ların Aralıq dənizindən ticarət gəmilərindən buraxılması ehtimalı irəli sürülüb.
"El Mundo"nun Litva Müdafiə Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumata görə, MKİ direktoru Con Retkliffin avqustun 25-də Moskvaya səfərindən sonra NATO ərazisinə qarşı mümkün eskalasiya planları barədə xəbərdarlıq edilib. MKİ isə bu məlumatı açıq şəkildə şərh etməyib.
Məlumata əsasən, "Gerbera" tipli PUA-ların ticarət gəmilərindəki konteynerlərdə gizlədilərək dənizdən buraxılması mümkün ssenarilərdən biri kimi göstərilir.
"El Mundo"nun məlumatına görə, bu PUA-ların mümkün hədəfləri arasında limanlar, enerji və kommunikasiya infrastrukturu obyektləri də yer alır. Bildirilir ki, "Gerbera"nın uçuş məsafəsi 600 kilometrə qədər, daşıdığı yük isə 4-5 kiloqram ola bilər.
Qeyd edək ki, xəbərdəki iddialar rəsmi olaraq tam təsdiqlənməyib. İtaliyanın müdafiə naziri Guido Krosetto bu barədə yayılan xəbərdarlığın hazırda təsdiqini tapmadığını bildirib.