"Xəzər dənizində suyun səviyyəsinin azalmasının Bakı bulvarının vizual görüntüsünə təsirləri müşahidə edilir. Ayrı-ayrı hissələrdə quru torpaq sahələri meydana çıxıb".
Oxu.Az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyinə və "ARB" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması müxtəlif müstəvilərdə müzakirə olunur.
"Artıq sirr deyil ki, son bir neçə il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi Bakı bulvarında da müşahidə olunan prosesdir. Ekoloji təsirlərlə yanaşı, bu, Dənizkənarı Bulvar İdarəsinin ərazinin infrastrukturunun və gələcək planlarının qurulması ilə bağlı bir neçə istiqamətdə yeni çağırışlarla üzləşməsinə səbəb olur.
Ardıcıllıqla məsələyə yanaşdıqda, suyun səviyyəsinin enməsi bulvarda ilk növbədə gəmiçilik, gəzinti gəmilərinin fəaliyyəti və yanalma infrastrukturu ilə bağlı öz təsirlərini göstərdi", - deyə Xanlar Ağalarov bildirib.
Sədr qeyd edib ki, suyun çəkilməsi ərazinin vizual görüntüsünə də təsir edir:
"Əgər Bakı buxtasının bulvar ərazisinə düşən hissəsində tarixən suyun müəyyən dərinliyinin olması səbəbindən şaquli istiqamətdə azalma müşahidə edilirdisə, son bir neçə il ərzində üfüqi istiqamətdə suyun geri çəkildiyi müəyyən ərazilər ortaya çıxır. Artıq bulvarın ayrı-ayrı hissələrində quru torpaq sahələrinin görüntüləri meydana çıxır.
Bu, bilavasitə sahil idarəetməsi, landşaftın uyğunlaşdırılması, qurumuş ərazilərin Bakı bulvarının ümumi landşaft dizaynına uyğunlaşdırılması ilə bağlı müxtəlif məsələləri ortaya çıxarır".
Xanlar Ağalarov deyib ki, suyun səviyyəsinin azalması bilavasitə və ya dolayı yollarla Bakı buxtasının ekoloji vəziyyətinə də təsir göstərir.
"Bu problem orta temperatur göstəricilərinə də təsirsiz ötüşmür. Bakı buxtasının xüsusi formasını nəzərə alaraq, bura suyun daxilolma cərəyanının dinamikası, suyun hərəkəti, mikroorqanizmlərin balansı, yosun kütlələrinin artımı ilə bağlı müxtəlif müşahidələr aparılır.
Bildiyiniz kimi, suyun səviyyəsinin mövcud dayazlaşma həddi ərazidə təmizlənmə işlərinə də təsir göstərir. Gələcək perspektivlərlə bağlı planlarda Bulvar İdarəsi yalnız stabil sahil xəttinin idarə olunması deyil, icra edilən və planlaşdırılan bütün layihələrlə bağlı müxtəlif ssenarilərə əsaslanan, suyun dəyişmə dinamikasının mümkün təsirlərini əvvəlcədən minimallaşdıra biləcək adaptiv memarlıq həllərinin və adaptiv infrastrukturun qurulması və tətbiqi ilə bağlı yanaşmanı ortaya qoyur", - deyə sədr vurğulayıb.