Son günlər uşaqlar arasında öskürək, halsızlıq və yüksək hərarətlə müşayiət olunan xəstəliklərin artdığı söylənilir.
Valideynlərin sözlərinə görə, uşaqlarda xəstəlik əvvəlcə öskürək və halsızlıqla başlayır, daha sonra hərarət yüksəlir və vəziyyət bir qədər də ağırlaşır.
Xüsusilə məktəb və bağçaların fəaliyyətə başlaması ilə bu cür halların artması valideynlər arasında narahatlıq yaradıb.
Bəs hazırda yayılan xəstəlik adi mövsümi infeksiyadır, yoxsa yeni virusla qarşı-qarşıyayıq?
Bununla bağlı Oxu.Az-ın suallarını cavablandıran infeksionist Mərdan Əliyev qeyd edib ki, payız-qış mövsümünün başlaması ilə əlaqədar kəskin respirator virus infeksiyaları da sayı artır.

Onun sözlərinə görə bu, yuxarı tənəffüs yollarının kəskin infeksiyasını törədən xəstəliklər qrupudur:
"Biz buna kəskin respirator virus infeksiyaları deyirik. Viruslar tərəfindən törədilən bu xəstəliklər boğaz ağrısı, burun axması, burun tutulması, öskürək, halsızlıq, qızdırma, bir qədər ağır hallarda isə sümük-əzələ ağrıları ilə müşahidə olunur. Bir neçə qrup virus bu xəstəliklərə səbəb olur. Buraya müxtəlif viruslar daxildir: rinovirus, adenovirus, qrip virusu - influenza, paraqrip və s. Bu virusların törətdiyi xəstəliklər arasında simptom baxımından çox böyük fərq olmur və adətən eyni əlamətlərlə özünü göstərir".
İnfeksionist əlavə edib ki, hazırda uşaqlarda da məktəb və bağça mövsümünün başlaması ilə əlaqədar sözügedən xəstəliklər artıq artmağa başlayıb:
"Belə xəstəliklərə uşaqlarda daha çox rast gəlinir. Böyüklərdə xəstəlik bir qədər yüngül keçə bilər. Uşaqlarda isə simptomlar daha qabarıq şəkildə özünü göstərir.
Bağça və məktəb mövsümünün başlaması ilə əlaqədar uşaqlar bir-biri ilə daha çox təmasda olurlar. Onlar xəstəliyə hava-damcı yolu ilə yoluxur. Buna görə də qapalı mühitdə, bir yerdə olan, qrup şəklində dərs keçən uşaqlar arasında xəstəliklər sürətlə yayılır. Bu halların qarşısını almaq üçün xəstə uşaq sağalana qədər məktəb və bağçaya getməməlidir, yaxud da xəstəliyin yayıldığı dövrdə tibbi maskadan istifadə etməlidir ki, digərlərini yoluxdurmasın".
Mərdan Əliyev qeyd edib ki kəskin respirator virus infeksiyalarının törədicisindən asılı olaraq fərqli şəkildə özünü göstərə bilir:
"Məsələn, rinoviruslar əsasən burun axması, asqırma kimi əlamətlər ilə müşahidə olunur. Sonradan qızdırma da qalxır, bəzən isə xəstəlik qızdırmasız keçir. İnfluenza virusunun törətdiyi qrip birbaşa qızdırma ilə başlayır. Qrip əlamətləri daha az müşahidə olunur, sonradan burun axması ola bilər.
Bəzi viruslarda isə boğaz ağrısı bir neçə gün davam edir, daha sonra digər simptomlar da buna qoşulur.
Bunlar adi mövsümi infeksiyalardır və mövsümlə əlaqədar olaraq daha çox yayılır. Yeni xəstəlik deyil. Xəstəlik törədicidən asılı olaraq müxtəlif formalarda gedə bilər.
Baş ağrısına gəldikdə isə əgər yalnız baş ağrısı varsa və başqa simptomlar yoxdursa, bu, adətən virus infeksiyası ilə əlaqəli olmur. Təbii ki, bu xəstəliklər zamanı baş ağrıları da müşahidə oluna bilər. Çünki orqanizmdə iltihab yaranır və orqanizmin iltihaba reaksiyası olaraq baş ağrısı meydana çıxır. Lakin bu xəstəliklər yalnız baş ağrısı ilə müşahidə olunmur. Baş ağrısı ilə yanaşı digər simptomlar da varsa - halsızlıq, əzələ-oynaq ağrıları, üşümə və digər bu kimi hallar müşahidə olunursa, onda baş ağrısının virus infeksiyası ilə əlaqəli olması mümkündür".
O, valideynlərin əsas diqqət etməli olduğu məqamlardan da danışıb:
"Uşaq xəstələndikdən sonra valideynlərin əsas diqqət etməli olduğu məsələ istirahət rejimidir. Əgər uşaq xəstədirsə, onu məktəbə, bağçaya və yaxud həyətə oynamağa göndərmək olmaz. Uşaq ev şəraitində istirahət rejimində olmalıdır. Belə olan halda xəstəlik daha yüngül keçə bilər. Bundan əlavə, uşağa bol maye vermək lazımdır. Onu yeməyə məcbur etmək lazım deyil. Bəzən uşağın iştahı olmur və valideynlər onu məcbur edirlər ki, yemək yesin. Belə etmək olmaz. Yemək vacib deyil, amma uşaq bol maye - su, çay qəbul etməlidir. Meyvə və tərəvəz də ürəyi istəyirsə, yeyə bilər.
Uşaq qızdırmalı olanda onun üstünü yüngül etmək lazımdır. Uşağı çox qalın geyindirmək olmaz, otaq sərin saxlanılmalıdır. Bəzən belə hallarla mən də rastlaşıram: uşağı çox qalın geyindirirlər, üstünü çox örtürlər. Bu, olmaz, çox zərərli bir şeydir. Qızdırma yüksələndə isə təbii ki, həkim məsləhəti ilə qızdırmasalıcı dərmanlardan istifadə etmək lazımdır".