Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Oxu.Az İnformasiya Agentliyini diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Mükafatlar agentliyin Bakıda ilk dəfə keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisindəki məhsuldar fəaliyyəti ilə əlaqədar təqdim olunub.
BŞH-nin sədri, gənclər və idman naziri Azad Rəhimovun imzaladığı diplomda Oxu.Az-ın Avropa Qran Prisi barədə ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında böyük xidmət göstərdiyi vurğulanıb.
Qeyd edək ki, iyunun 17-19-da Bakıda keçirilən “Formula-1” Avropa Qran Prisi sürət həvəskarlarına həyəcanlı və adrenalin dolu anlar yaşadıb.
“Formula-1” üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran Prisini 187 ölkədə 500 milyon tamaşaçı izləyib.
Bu müddət ərzində də Oxu.Az öz oxucularına operativ olaraq məlumatların çatdırılmasını təmin edib.