Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Professor Aleksandr Çepurnov “X xəstəliyi” haqqında: “Hətta çılğın tələbə də virus yarada bilər” - MÜSAHİBƏ
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) iclasında bəşəriyyəti təhdid etdiyi iddia olunan “X xəstəliyi” ekspertlər səviyyəsində müzakirə edilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun dediyi kimi, “X xəstəliyi” anlayışı 2018-ci ildən bəri naməlum bir xəstəliyi təsvir etmək üçün istifadə olunur.
Xəstəlik naməlum olsa da, nüfuzlu beynəlxalq iqtisadi forumda müzakirə olunub. Ümumiyyətlə, hələ mövcud olmayan bir şeyi müzakirə etmək faktının özü də təəccüblüdür. Bundan əlavə, proqnozlar verilir ki, yeni və hələ özünü göstərməmiş xəstəlik COVID-19-dan 20 dəfə çox ölümə səbəb ola bilər.
Rusiya Elmlər Akademiyasının Kliniki və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, virusologiya professoru, biologiya elmləri doktoru, fundamental və translyasiya tibbi üzrə Federal Tədqiqat Mərkəzinin xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının rəhbəri Aleksandr Çepurnov Oxu.Az-la söhbətində qeyd edib ki, “X xəstəliyi”nin Davosda müzakirə olunması faktını müsbət qiymətləndirmək olar:
- Davos İqtisadi Forumunda müzakirəyə çıxarılan mövzu barədə, şübhəsiz ki, hamı eşitdi və bundan sonra bütün dünyada müzakirə olunacaq. Bu, bütün nöqteyi-nəzərlərdən ÜST üçün çox vacibdir. Davosdakı tədbir bu barədə mümkün qədər effektiv müzakirə aparmaq imkanı yaratdı. Bunun üçün WEF-ə çıxmağa imkan verəcək insanları tapmaq lazım idi və göründüyü kimi, bu, o qədər də çətin olmayıb, çünki dərman istehsalı, həqiqətən, böyük adamların əlində olan çox gəlirli bir sahədir.
Beləliklə, burada problemin (“X xəstəliyi” - red.), həmçinin iqtisadi və siyasi məsələlərin, o cümlədən ÜST üçün, həlli ilə bağlı zəruri müzakirələr cəmləşdirilmişdi.
- “X xəstəliyi” mənim anladığım qədər, bir növ, təhlükənin tərifidir. Bəs hələ mövcud olmayan bir şeyi necə müzakirə etmək olar? Hansı dərmanlar yaradılmalıdır, olmayan bir şeyin qarşısının alınması, müalicəsi necə ola bilər?
- “X patogeni” və ya “X xəstəliyi” gec-tez ortaya çıxacaq, fərz olunan bir xəstəlikdir. Bu barədə çoxdan danışılırdı. Sonra bizdə koronavirus peyda oldu, xoşbəxtlikdən, onun o qədər də ölümcül olmadığı ortaya çıxdı. Belə bir vəziyyətə hazırlaşmaq lazımdır, bu, təkcə səhiyyə sistemi və əczaçılıq şirkətləri üçün deyil, bütün bəşəriyyət üçün faydalıdır.
Üstəlik, çox təhlükəli bir nöqtəyə gəldik, hətta molekulyar biologiyanı bilən tələbələr də tezliklə viruslar yarada biləcəklər (söhbət kompüter viruslarından getmir). Bu, kimyaçı, bioloq və həkim də ola bilər. Əslində, artıq bütün dünyada konstruksiyalar yarada, genetik zəncir yığa və ya artıq mövcud olan ağır virusa dəyişiklik edə biləcəyiniz dəstlər istehsal olunur. Artıq hər şey dərc olunub, virusların genetik quruluşu məlumdur. Ebola virusunun RNT (ribonuklein turşusu - red.) strukturu isə o qədər də böyük deyil - 20 min əsas hissə var, onları yığmaq o qədər də çətin deyil.
“Əks-genetika” adlandırılan bir anlayış var, bu zaman biotexnoloji üsullarla zəncir yığılır, sonra isə canlandırılır. Bu zaman əsl virus yaranır. Söhbət əvvəllər dövlətlərin tətbiq etdiyi bioloji üsullardan istifadə etməklə müharibə aparmaqdan getmir. Bu gün bunu hansısa qruplaşma, sabah isə çılğın bir tələbə və ya kiçik elmi işçi edə bilər.
Sonra isə naməlum və ya dəyişdirilmiş virus yeni bir orqanizmə uyğunlaşır (və bu, çox güman ki, koronavirusda da belə idi), bu da ciddi nəticələrə gətirib çıxarır.
Tibbin inkişafı ilə əlaqədar, bəşəriyyətdə faktiki olaraq təbii seçmə prosesi mövcud deyil. İnsanlar daha da zəifləyirlər, immun sistemləri çökür, lakin tibb sayəsində yaşamağa davam edirlər. Onlar bir növ kimi insanlara uyğunlaşan, əvvəllər heç bir şəkildə insanlarda “yuva qura” bilməyən virusların yarandığı substrata çevrilirlər.
- Gələcəkdə “X xəstəliyi”ndən mümkün ölümlə bağlı məlumatlar haqqında nə düşünürsünüz? Onun ölüm nisbətinin COVID-19-dan 20 dəfə çox olacağını iddia edirlər. Bu dəqiqlik haradan gəlir?
- Bunu hesablamağa imkan verən modellər var. Ağır və kifayət qədər sürətlə yayılan ebola xəstəliyinin ölüm nisbəti ən yüksək həddə çatır, ilk dəfə xəstəlik yayılan zaman isə demək olar ki, 90%-ə çatırdı. Koronavirusdan ölüm nisbəti 2-3% idi. Demək olar ki, 100% ölüm nisbəti olan xəstəliklər var. Ancaq xoşbəxtlikdən, hələlik onlar zəif ötürülür və nadir hallarda rast gəlinir.
Əgər ebola, marburq, lassa, maçupo və digərləri kimi birinci qrup virus infeksiyalarını götürsək, demək olar ki, indi onların hamısında ölüm nisbəti 50-60% təşkil edir (yəni koronavirusdan təxminən 20 dəfə yüksək - red.).
Ən təhlükəlisi, mənim fikrimcə, quş qripidir və onun başvermə ssenarisi kifayət qədər ehtimal olunandır. Quş qripindən ölüm nisbəti 40-60%-ə çatır, yəni demək olar ki, xəstələnən hər ikinci insan ölür. Xoşbəxtlikdən, quş qripi hələ insandan-insana deyil, yalnız quşlardan insanlara keçir. Lakin adaptasiya mümkündür və bir neçə il əvvəl bu, eksperimental olaraq sübut edilib. Virusoloqlar keçidin mümkün olduğunu göstərdilər. Dünya virusoloqları bu məlumatları dərc etməmək qərarına gəldilər. Bununla belə, hər hansı bir savadlı virusoloq bunun necə edilə biləcəyini, onsuz da, başa düşür.
- Dəhşətli mənzərəni təsvir etdiniz. Nüfuzlu tibb jurnalı “The Lancet Microbe”un son nəşri bu mənzərəni daha da qorxunc edir. Araşdırmaya əsasən, 2000-ci ildən 2021-ci ilə qədər ən azı 16 patogen laboratoriyalardan çıxıb. Bu məlumatlar yalnız aysberqin görünən hissəsini təmsil edə bilər, çünki hesabatlara dair vahid tələblər yoxdur.
- Belə bir vəziyyət mümkündür. İş prosesində çox vaxt patogenin dəyişkənlik diapazonu öyrənilir. Tədqiqatçılar virusun hansı heyvanı yoluxdura biləcəyini yoxlamağa başlayırlar və onu orqanizmə yeridirlər. Bundan sonra onun xəstələnib-xəstələnmədiyini, virusun ölümə səbəb olub-olmadığını yoxlayırlar. Bu zaman elə olur ki, heç bir klinik əlamət yoxdur, amma persistensiya (virusun orqanizmin hüceyrələrində funksional aktiv vəziyyətdə qalması - red.) mövcuddur. Dovşanın bədəninə ebola virusunu yeridərkən də oxşar hadisəni müşahidə etdim. Heç bir xəstəlik əlaməti yox idi, lakin buna baxmayaraq, virus bəzi hüceyrələrdə mövcudluğunu qoruyub-saxladı və hətta tədricən replikasiya etdi.
Əgər virusu bir heyvandan alıb, digərinə ötürə biliriksə, demək, adaptasiya mümkündür. Əslində, ebola virusunu öyrənmək imkanı əldə etmək üçün onu laboratoriya heyvanlarına məhz belə adaptasiya ediblər.
Təbii ebola virusunun özü yalnız primatlara, o cümlədən insanlara təsir göstərir. Bəs necə peyvənd yaratmaq, müalicə tərtib etmək olar? Meymunlarla işləmək çətin və təhlükəlidir, həm də çox baha başa gəlir. Buna görə də virusun bir neçə dəfə yenidən yeridilməsi vasitəsilə biz onu dəniz donuzcuqlarına uyğunlaşdırdıq. Yeri gəlmişkən, ABŞ-də onu siçanlara uyğunlaşdırıblar.
Bir virus insan populyasiyasına vəhşi təbiətdən daxil olduqda onun adaptasiyası təxminən bu cür baş verir. Sadəcə olaraq, bu halda biz bu prosesi görmürük və ona nəzarət etmirik. İnsanın immunçatışmazlığı virusu (İİV) ilə də məhz belə olub.
Meymunların immunçatışmazlığı virusu dəfələrlə insanlara keçib, lakin bu, nə vaxtsa yoluxmuş şəxsin ölümü nəticələnib. Amma sonra xeyirxah insanlar şprislərlə Afrikaya gəlib insanlara peyvənd etməyi öyrətdilər, lakin dezinfeksiya üsulunu izah etmədilər. Virusun bir insandan digərinə təsadüfi şəkildə ötürülməsi başladı. Bir neçə onilliklər ərzində o, insanlara uyğunlaşdı və sonra İİV-in yayılması başladı.
Nair Əliyev
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər