“Mən hər zaman ən yüksəklərə çatmaq istəmişəm. Həyatımda hər şeyin hər zaman ən yüksək səviyyədə olmasına çalışmışam. Düşünürəm ki, bu cəhətim məni bu peşəyə - pilot olmağa sövq etdi”.
“Pilot olmazdan öncə paraşütlə tullanışlar edirdim. Bu sahəyə uşaqlıqdan marağım olub. Tez-tez ailəmlə səyahət etdirdim. Bir gün bu böyük hava gəmisini özüm idarə edəcəyəm dedim və budur artıq pilotam...”
Son günlər Azərbaycan mediasının gündəmini AZAL-ın dörd xanım pilotu - Könül Əfəndiyeva, Fidan Məmmədova Elnarə Vasilyeva və Marina Sviridova zəbt ediblər. Bu gün bu möhtəşəm dörd pilot xanımdan ikisi ilə həmsöhbət olacağıq. Azərbaycan Hava Yollarının (AZAL) öz fikirləri ilə sosial mediada hər kəsin diqqətini cəlb edən qadın pilotlarından Könül Əfəndiyeva və Fidan Məmmədova deyir ki, bu peşə onların arzuları olub.

Əvvəlcə deyim ki, pilot xanımlarımızın hər ikisi savadlı və işinin əhlidirlər. Budəfəki müsahiblərim barədə sizə qısa məlumat verim.
Qeyd edim ki, möhtəşəm dörd xanım pilotun hər biri artıq üç ildir ki, ölkədaxili və xarici uçuşlar həyata keçirir.

AZAL-ın xanım pilotlarından olan Könül Əfəndiyeva 1992-ci ildə Bakı şəhərində dünyaya gəlib. Təhsilini paytaxtın 46 saylı orta məktəbində bitirib və daha sonra Memarlıq və İnşaat Universitetinə daxil olub.

Tələbəlik illərinin ilk dövründə Azərbaycan Hava Yollarının (AZAL) pilot kurslarını görür və bununla da həyatının dönüm nöqtəsinə qədəm qoyur.
Digər həmsöhbətimiz olan pilot xanım isə Fidan Məmmədovadır. O, 1991-ci ildə Almaniyada anadan olub. Uşaq yaşlarından Azərbaycana köçən Fidan Bakıda yerləşən 23 saylı məktəbin məzunudur.

2009-cu ildə Milli Aviasiya Akademiyasının Hava Hərəkətinin İdarəedilməsi fakültəsinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Bir müddət hava hərəkətinin idarə edilməsi sahəsində çalışsa da özünü tam da istədiyi peşədə görməyib. O da xanım həmkarları kimi Azərbaycan Hava Yollarının (AZAL) pilot kurslarına qatılaraq bütün imtahanlardan uğurla keçdikdən sonra arzularındakı peşəyə yiyələnib.
İndi isə keçək müsahiblərimizlə maraqlı söhbətimizə.
Azərbaycan Hava Yollarının (AZAL) xanım pilotları – Könül Əfəndiyeva və Fidan Məmmədovanın Oxu.Az-a müsahibələrini təqdim edirik:
- Pilot olmaq istəyinizi dedikdə ailələrinizdə ilk reaksiya necə oldu?

Könül Əfəndiyeva – “Mən pilot kurslarına yazılacağım barədə heç kimə heç nə demədim. Kurslara müraciət etdim, imtahanlara hazırlaşdım, müvəffəqiyyətlə kursları tamamladıqdan sonra ailəmə dedim ki, mən pilot oluram. Sözün düzü ailəmdə və qohumlarımız arasında bu sahədə çalışan ilk insan mənəm. Hər zaman çalışmışam hər şeyin ən yaxşısına nail olum. Bəzən deyirlər ki, insan nəyi yaxşı bilirsə, o sahəyə getməlidir. Məncə tam əksinə, insan daim yeniliklərə doğru getməlidir, fərqli sahələri öyrənməlidir.
Fidan Məmmədova: “Bu sahəyə marağım uşaqlıqdan var. Ailəmlə tez-tez səyahət edirdim, təyyarəni çox sevirdim. Sonra fikirləşdim ki, işim mütləq uçuşlarla bağlı olmalıdır. İlk olaraq yamac paraşütlərində uçmağa başladım. Daha sonra paraşütdə aldığım adrenalinin tam olaraq axtardığım şey olmadığını gördüm. Sözün düzü Milli Aviasiya Akademiyasına daxil olanda pilot olmaq istəyirdim, lakin orada ancaq oğlanlar seçilirdi. Qızlar yox idi. Daha sonra xanımlar üçün bu kurs açıldı, bəxtim gətirdi ki, yaş və digər bütün tələblər uyğun gəldi. Hazırda arzuma nail olmuşam.
- Təhsil aldığınız və təlimlərə qatıldığınız dövrdə heç “qadından pilot olarmı?” kimi suallar verən, neqativ fikirlər söyləyənlər olurdumu?
F.Məmmədova: Milli Aviasiya Akademiyasında oxuduğum dövrdə bizim qrupumuz fərqli idi. 30 nəfərlik qrupun 10 nəfəri qız idi. Kifayət qədər çox idi xanımlar. Deməzdim ki, neqativ yanaşmalar var. Mən akademiyada dispetçer ixtisası üzrə təhsil aldığım üçün belə fikirlər deyilməyib. Amma bilirəm ki, bu sahədə mənim təhsil aldığım dövrə qədər oğlanlar daha çox olub.
K.Əfəndiyeva: Mən yalnız pilot kurslarına yazılmışam, akademiyada oxumamışam. Burda isə yalnız dördümüz olmuşuq. Müraciətlər həddən artıq çox olub. Lakin seçimlərdən, imtahan mərhələlərindən yalnız dördümüz uğurla keçmişik. Daha sonra sağlamlıq məsələləri, psixoloji durum yoxlanıldı. Hər birində normativləri yüksək nəticələrlə verdik. Söhbət əsnasında məlum olur ki, pilot xanımlar daha əvvəldən də bir-birilərini tanıyırmışlar.

- Heç 3 il ərzində birlikdə uçduğunuz olubmu?
K.Əfəndiyeva: Xeyr, birlikdə uça bilmərik. Çünki biz hələ ki, ikinci pilot (köməkçi) kimi gedirik. Mütləq qaydada yanımızda kapitan olması vacibdir. Həm də daha təcrübəli pilotlar gələcəkdə bizim əsas pilot olmağımızla bağlı yaradılacaq yoxlama komissiyasında rəy verəcəklər.

- İlk uçuşlarınızı xatırlayırsınızmı?
K.Əfəndiyeva: İlk uçuşum dörd nəfərlik təyyarədə olub. Bu uçuş barədə heç məlumatım yox idi. Kapitanın isə öz yanaşması vardı, təyyarəyə oturan kimi dedi ki, bu gün biz yalnız nəzəri tərəfləri yoxlayacağıq. Məndən hazır gəlib-gəlmədiyimi soruşdu. Mən isə “bəli, oxuyub gəlmişəm” dedim. Təyyarənin havaya qaldırılması ilə bağlı suallar verdi və verdiyi suallara cavab verdikcə, aidiyyəti düymələri basmağımı tapışırdı. Yavaş-yavaş düymələri basdıqca, müvafiq funksiyalar işə düşdü və uçuş üçün icazə istənildi. Birdən mənə sual verdi ki, “hazırsan?”, soruşdum “nəyə?”. Cavab verdi ki, artıq uçursan. İlk uçuşum gözlənilməz oldu, kapitan və təyyarə ilə ilk tanışlığım da məhz belə oldu. Sərnişin təyyarəsində ilk uçuşum isə Küveytə olub. Gecə uçuşu idi, inanılmaz dərəcədə möhtəşəm idi. Mən yenə də havada özümü evdə kimi hiss edirdim. Kapitan mənə çox sərbəst mühit yaratdı, təyyarəni havaya qaldırmağı və enişi mənə tapşırdı. Çox yaxşı məsləhət verdi və sərnişin təyyarəsindəki ilk uçuşum da uğurla başa çatdı.
F.Məmmədova isə deyir ki, ilk uçuşunu seçim qarşısında qalaraq edib:

“Marina ilə mənim kapitanım eyni idi. Sual verdilər ki, ilk kim uçmaq istəyir. Mən isə həmişə riski sevən olmuşam və ilk uçmaq istədiyimi bildirdim. Həyəcandan qalmamaq üçün irəli atıldım və kapitanın mənə ilk sözü “qorxma” oldu. Kapitan dedi ki, ayılara sirkdə oynamağı necə öyrədirlərsə, sizə də uçmağı elə öyrədəcəyik. Onlardan geri qalmayacaqsınız ki (gülür). Bu söz məni həm güldürdü, həm də həyəcanımı azaltdı. Bildirdi ki, uçuşu özün həyata keçirəcəksən. Çətinlik çəkdiyin anda mən sənə kömək edəcəyəm. İlk uçuşum Bakı üzərində oldu, çox qəribə hisslər keçirirdim. Daha sonra sərnişin təyyarəsi ilə ilk uçuşum Dalamana oldu. Dalaman Türkiyənin Muğla əyalətində yerləşir. Daha dəqiq desək Türkiyənin cənub-qərb sahilində yerləşən bir mahalın yanında mərkəzi qəsəbəsidir. Buradan Dalaman adlı çay keçir. Bura həm dağlıq ərazidədir, həm də ətrafında dəniz var. Bu səbəbdən hava limanı çox mürəkkəb şəkildədir. Ayın 28-də yenidən Dalamana uçuşum var. Artıq neçənci dəfədir ora uçuram deyə qızlar məni “Dalaman şəhzadəsi” adlandırır.
- Qadınlar zərif məxluqdur, bu çətin texniki işlər sizi qorxutmurmu?
F.Məmmədova: İnsan istədiyi zaman hər şeyə nail ola bilər. Bir sahəni mükəmməl bilmək üçün sadəcə diqqətli olmaq, nəzəriyyəsini öyrənib praktikada tətbiq etmək kifayətdir. Çətinlik sadəcə təyyarəni havaya qaldıranda və eniş prosesində olur. Daha doğrusu bu məqamlarda daha da diqqətli olmalısan, eniş zolaqlarına baxmalısan və s.

K.Əfəndiyeva: Mən də həmfikirəm. Bizim peşəmiz çətindir, amma hər peşənin özünə uyğun çətinlikləri var. Bizim üçün uçuş zamanı ən çətin olan məqam havaya qalxanda və eniş prosesində olur. Hava bir anda dəyişə bilər, eləcə də quşlar uçuşa bəzən maneçilik törədə bilir. Başqa elə bil çətinlik olmayıb.

- Heç olub ki, sərnişinlər pilotun xanım olduğunu bilərək qəribə reaksiya versinlər?
F.Məmmədova: Sənədlərlə bağlı kabinədən çıxanda təsadüfən bir neçə dəfə görüblər. Bir kişi məni görəndə səsimdən tanıdı və dedi ki, nə yaxşı xanım pilotlar da var. Müsbət reaksiya verdilər. Biz bir az balacayıq deyə, onlara təyyarəni bizim idarə etməyimiz inandırıcı gəlməyib.
K.Əfəndiyeva: Biz sərnişinləri görmürük. Yalnız bələdçilər onlarla ünsiyyətdə olurlar. Biz sadəcə sərnişinlərlə bağlı salamlamanı deyirik. Bir dəfə sərnişinlərdən biri bələdçiyə deyib ki, “pilot kabinəsində uşaq var?” (gülür). Mənim səsim o qədər həzin və incədir ki, mətni uşağın səsləndirdiyini düşünüblər.
- Özünüzə bu peşə ilə bağlı hər hansısa bir yaş limiti qoymusunuzmu?

- K.Əfəndiyeva: Mən hazırda sevdiyim işlə məşğulam. Hələ ki maraqlı günlərimiz öndədir. Uçmaq istədiyimiz çoxsaylı hava limanları var. Hava limanları bir-birindən fərqlidir. Düşünürəm ki, öyrənəcəyimiz çox şey var. Sevdiyimiz işlə məşğul olduğumuz üçün yorulmuruq.
- Səfərdə çoxsaylı insanların məsuliyyəti sizin üzərinizdə olur. Bu sizi qorxudurmu?
F.Məmmədova: Təbii ki, yox. İnsan əvvəlcə öz-özünə inanmalı və güvənməlidir. Əgər sən özünə inanıb, güvənirsənsə, heç bir məsuliyyət səni qorxutmur. Bu da öz növbəsində peşəkarlıq tələb edir. Biz məsuliyyətli işin öhdəsindən gəlməyə qadir olduğumuzu düşünürük.
K.Əfəndiyeva: Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir. Məsələn, avtomobildə bir cihaz sıradan çıxır və siz yolda qalırsınız. Lakin təyyarənin əsas avadanlıqlarından ümumilikdə üç ehtiyat dəsti var. Biri sıradan çıxanda digəri işə düşür. Bu elə bir məsələdir ki, milyonda bir dəfə rastlanır. Əgər mən özümün sağ-salamat gəlməyini qarşıma məqsəd qoymuşamsa, sərnişinlər də mənimlə birgə salamat gəlib çatacaq. Təyyarənin önü də, arxası da eyni ünvana gedir.

Pilot xanımlarımızdan Könül Əfəndiyeva ailəlidir və ən maraqlı məqam həyat yoldaşının da pilot olmasıdır. Fidan xanım isə subaydır.
- Ani olaraq havada yaşana biləcək təhlükəli anlarda ilkin olaraq hansı tədbirləri görə bilərsiniz?
F.Məmmədova: Bu məsuliyyətindən asılı olaraq həssas bir məsələdir. Təbii ki, bu cür hadisələrin yaşanmaması üçün biz və digər əməkdaşlar əvvəlcədən təyyarənin texniki baxışına maksimum diqqət göstəririk. Bu cür halların baş verməsinin qarşısını alırıq. Bundan əlavə bizim pilot olana qədər keçdiyimiz məşqlər, topladığımız təcrübələr bizə imkan verir ki, hər hansı bir nasazlıq baş verdiyi zaman bu təcrübələrimizdən istifadə edərək qısa müddətdə həmin nasazlığı aradan qaldıraq.
Pilotlarımız deyir ki, nə qədər çətin peşəyə yiyələnsələr də bu, onların şəxsi həyatlarına heç bir mənfi təsir göstərmir.

- Hərdən deyirlər ki, pilotlar qədər səyahət edən ikinci insan nadir tapılar. Getdiyiniz ölkələrdə istirahətə zaman ayıra bilirsinizmi?
K.Əfəndiyeva: Əslində hava limanına çatdıqdan sonra yenidən geri uçuşa hazırlaşmaq üçün 1 saat vaxtımız olur. Bu vaxt ərzində biz təyyarəyə baxış keçirməliyik, yanacaq sərfiyyatına diqqət etməliyik. Bir saat ərzində çoxsaylı sənəd imzalayarıq və anket doldururuq. Bu səbəbdən kənara çıxmağa, istirahət etməyə fürsətimiz olmur.
F.Məmmədova: Pandemiyadan əvvəl günlük reyslər olurdu. O zaman uçuşlar bir gün sonra olduğu üçün istirahətə zaman qalırdı. Məsələn Londona olan uçuşlarda istirahətə və gəzməyə zaman olur. Yəni bu, səfərdən səfərə dəyişir və bizim orada keçirdiyimiz vaxtdan asılıdır. Qidalanma isə çətinlik yaratmır. Getdiyimiz ölkələrin fərqli ləzzətlərini kəşf etməyi sevirəm.

- Bəzən deyirlər ki, pilotlara ev heyvanı saxlamaq tövsiyə edilmir. Bu nə dərəcədə doğrudur?
F.Məmmədova: Mənim iki sevimli pişiyim və quşum var. Bununla bağlı bizim sahəmizdə heç bir problem yoxdur. Heyvanları çox sevirəm.
K.Əfəndiyeva: Mənim də çox şirin itim var. Biz heyvanları çox sevirik. Uçuşdan gələndə sizi belə bir sevimli dostun qarşılaması çox gözəldir.
- Pilot olmasa idiniz, özünüzü hansı sahədə sınayardınız sualına isə pilotlarımız maraqlı cavablar verib.
F.Məmmədova deyir ki, həkim olmaq istəyərdi:

- Pilot olmasaydım həkim cərrah, ya da baytar olardım. Özümü bu sahədə görürəm.
K.Əfəndiyeva isə deyir ki, ikinci peşə öyrənmək üçün hələ də gec deyil:
- Mənim hələ də ikinci təhsil almaq fikrim var. Ən çox çalışmaq istədiyim sahə diplomatiya idi. Beynəlxalq Münasibətlər fakültəsini oxumaq istərdim. Yaxın gələcəkdə bu sahədə özümə zaman ayıracağımı düşünürəm.
- Uçuş zamanı sərnişinlərlə yaşanan maraqlı hadisələr olubmu?

F.Məmmədova: Maraqlı deməzdim, amma təhlükəli məqamlar olub. Təyyarə havaya qalxan zaman həyəcan səbəbindən ürəyi gedən sərnişinlər olub. Təbii ki, təyyarədə olan ekipaj üzvləri və bələdçilər onlara yardım göstərib. Müharibədən sonra yaralı hərbçilərin daşınması zamanı uçuşlarda da iştirak etmişdik. Onları görmək həm çox üzücü, həm də çox qürurverici idi. Xəsarətləri ağır olduğundan çalışırdıq təyyarəni maksimum yumşaq idarə edək ki, onların yaraları ağrımasın.

K.Əfəndiyeva: Qazilərimizdən ağır vəziyyətdə olanlar var idi. Ayaqlarında, əllərində yaralar olanlarla yanaşı, xərəkdə uzanıqlı vəziyyətdə təyyarəyə gətirilən qazilər var idi. Çalışırdıq ki, təyyarə yüksəyə qalxanda yaranan təzyiq fərqini stabil saxlayaq ki, bu, onların vəziyyətinə təsir etməsin. Olduqca məsuliyyətli uçuşlarımızdan biridir deyə bilərəm. Allah bütün qazilərimizə şəfa versin.
- Bu sahəyə marağı olub lakin risk edə bilməyən xanımlara nə tövsiyə edərdiniz?

F.Məmmədova: Sadəcə qorxmamaqlarını deyərdim. Qarşılarına məqsəd qoysunlar və ona doğru irəliləsinlər. Həyatda hər şey mümkündür.
K.Əfəndiyeva: Bu həyatda bacarmaram dediyim hər şeyə nail olmuşam. Düşünürəm ki, uğurun sirri məhz budur. Heç vaxt heç vaxt demək olmaz. Bəhanələr hər zaman var. Sadəcə olaraq çox istəmək lazımdır. Bəzən bu sahəyə yüksək məvacib olduğu üçün maraq göstərənlər olur. Sosial şəbəkədə biz bu barədə rəylər görürük. Amma inanın ki, heç bir məbləğ pilotların gərgin iş rejimini, keçirdiyi həyəcanı əvəz edə bilməz. Digər tərəfdən isə bu həyatda hər insan öz zəhmətinin bəhrəsini görür. Pilotların heç biri bu sahədə məvacib üçün fəaliyyət göstərmir. Bu peşəni sevməsən davam etmək olmur.

Könül Cəfərli
FOTO: Ramil Yunus