Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qar bölgələrdə fəsadlara səbəb olub, işıqsız qalan ərazilər var - YENİLƏNİB + FOTO/VİDEO
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bəzi bölgələrdə fəsadlara səbəb olub.
“Report”un məlumatına görə, qərb bölgəsinin ucqar rayonlarının avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Belə ki, Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon ərazisindən keçən hissəsində Yol İdarəsinin əməkdaşları tərəfindən yola duzla qarışıq qum səpilir. Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımı adlanan hissəsində də təhlükəsizliyi təmin etmək üçün analoji işlər aparılır.
Şəmkir-Yeni Göyçə və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarında da aidiyyəti qurumların əməkdaşları tərəfindən avtomobillərin hərəkətində çətinliklərin olmaması istiqamətində işlər davam etdirilir.
Hava şəraiti səbəbindən yollarda yaranmış çətinliklər nəzərə alınaraq sürücülərin təhlükəsiz mənzil başlarına çatması üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub, lazımı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, yağıntılı hava şəraiti nəticəsində hələ ki, qazın və elektrik enerjisinin verilməsində ciddi fəsadlar qeydə alınmayıb.
Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır.
Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb.
Əsas yollar texnikaların vasitəsilə qardan təmizlənsə də, digər küçələrdə aşan ağac və dirəklər yollarda hərəkəti dayandırıb.
Güclü qar və çovğun səbəbindən Cəlilabad şəhəri ərazisində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Rayonun bəzi yerlərində qarın hündürlüyü 50 santimetri keçib.
Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, rayon mərkəzində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Elektrik enerjisinin verlişində bəzi ərazilərdə fasilələr yaranıb.
Hazırda hər iki rayonda mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Bölgədə qar yağışı davam edir.
13:24
Güclü qar yağması və şaxta səbəbindən Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub və yolda qalan avtomobillərin hərəkəti bərpa edilib.
12:19
Şəkidə qar yolları iflic edib, avtomobillər yolda qalıblar.
“Report”un məlumatına görə, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb.
Əsasən yük avtomobillərinin hərəkəti çətinləşib. Yolda qalan avtomobillər yolun hərəkət hissəsindən çıxarılıblar.
Əraziyə yol istismarı işçiləri və Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Hazırda yolda nəqliyyatın hərəkəti məhdud şəkildə davam edir.
11:36
Salyanda 20-yə yaxın kənd işıqsız qalıb.
“Report”un məlumatına görə, rayonda yağan qar elektrik təsərrüfatında ciddi problemlər yaradıb.
Belə ki gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, l-ll Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.
Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H. Əliyev, T.Xəlilbəyli, Y.Zərhərli, Ə.Zeynalov və digər küçələrin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər.
Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürlüyü 20 santimetrə çatıb.
Rəylər