"Bəzən gurultulu endirim kampaniyalarının arxasında süni şəkildə artırılmış qiymətlər və istehlakçıları çaşdıran reklamlar gizlənir".
Oxu.Az xəbər verir ki, bu sözləri vəkil Sona Səlimli-Ələsgərova deyib.
O, "Qara cümə" zamanı mağazalarda yaranan vəziyyəti belə izah edib:
"Bir məhsulun qiyməti 100 manat olub. Mağaza endirim kampaniyasından əvvəl qiyməti 200 manata qaldırır, daha sonra isə 50% endirim elan edir. Nəticədə siz həmin məhsulu yenə əvvəlki qiymətə - 100 manata alırsınız".
Vəkil qeyd edib ki, süni şəkildə endirim görüntüsünün yaradılması hüquq pozuntusu ola bilər:
"Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun 13-cü maddəsinə əsasən, alıcının məhsul, o cümlədən onun qiyməti barədə düzgün məlumat almaq hüququ var. İstehlakçını çaşdıran reklam isə qanunvericiliyin pozulması hesab edilə bilər. Məhsulun qiymətini və reklamı əks etdirən ekran görüntülərini (skrinşotları) saxlayın, satıcıya iradınızı bildirin, zərurət yaranarsa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı şikayət ünvanlayın".