Bu gün "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabının təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, təqdimat Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı keçirilib.
Kitabın müəllifləri ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollins və mayoru Con Spenser nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan kitab təxminən iki il ərzində hazırlanıb.
Nəşr Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə dair xaricdə hazırlanmış ilk genişmiqyaslı və sistemli hərbi tədqiqatlardan biridir. Araşdırmanın hərbi tədqiqatlar sahəsində ixtisaslaşmış Vest-Point Hərbi Akademiyasının mütəxəssislərinin də iştirakı ilə aparılması əsərin elmi və analitik əhəmiyyətini daha da artırır.
Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə və sonrakı hərbi-siyasi proseslərə qədər geniş dövr əhatə olunur.
Kitabda Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), "Dəmir Yumruq" əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Hadrut qəsəbəsi, Əmirvarlı kəndi, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri ayrı-ayrı bölmələrdə təhlil edilir.
Qeyd edək ki, kitabın diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə əlaqələndirilməsi barədə geniş yayılmış fikrin tənqidi təhlilidir.
Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi - milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.
Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi "müasir döyüş sistemlərinin tətbiqi" konsepsiyasına dərindən yiyələnməsi göstərilir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini əhatə edir.
Tədqiqat təxminən 100-ə yaxın hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin baş verdiyi ərazilərə səfərlər edərək həmin məkanlarda yerində araşdırmalar aparıblar.
Müəlliflərin gəldiyi əsas qənaət ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə olunmasının arxasında milli güc, ardıcıl dövlət və hərbi quruculuq siyasəti, iqtisadi potensial, effektiv kommunikasiya strategiyası və ideoloji fəaliyyət kimi mühüm amillər dayanır.
Kitabda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin döyüşlərin strateji idarə edilməsindəki rolu, ölkə daxilində və beynəlxalq müstəvidə kommunikasiya fəaliyyətinin fəallığı, eləcə də dezinformasiyaya qarşı mübarizəsi xüsusi vurğulanır.
Qeyd edək ki, müəlliflər kitabın nəşrindən əvvəl də 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişinə dair ətraflı araşdırmalar aparmış və bu mövzuda məqalələr dərc etdiriblər.