Qax rayonunun kəndlərində fındıqçılıq təsərrüfatın əsas istiqamətlərindən biri olmaqla yanaşı, sakinlərin mühüm gəlir mənbəyidir. Lakin bu il sakinlər həm məhsuldarlıq, həm də satış qiyməti ilə bağlı ciddi problemlərlə üzləşdiklərini bildirirlər.
Baku TV-nin məlumatına görə, rayonun Turaclı kəndində yaşayan sakinlər fındıq bağlarında məhsulun bir hissəsinin zərərvericilər səbəbindən yararsız vəziyyətə düşdüyünü deyiblər.
Digər tərəfdən, yetişdirilən məhsulun aşağı qiymətə alınması fermerlərin xərclərini qarşılamaqda çətinlik yaradır. Fermerlər bildirirlər ki, bağların becərilməsi üçün gübrə, dərman, suvarma və işçi qüvvəsinə çəkilən xərclər artıb. Bununla belə, məhsulun satışından əldə olunan gəlir həmin xərcləri kompensasiya etmir.
"Bu kənddən ildə 100-200 ton fındıq bazara çıxarılır. Ağacların yarpağı tökülür, fındıq quruyur. Hər il ziyandayıq", - deyə kənd sakini narazılığını bildirib.
Mütəxəssislər isə bildirirlər ki, fındıq bağlarında hər hansı bir xəstəliyin qarşısının alınması və daha az ziyanla qarşılaşmaq üçün bağlar vaxtında dərmanlanmalı və aqrotexniki qulluq edilməlidir. Həmçinin müəyyən profilaktik tədbirlər görülməli və aqrar sığortadan istifadə etməlidirlər.