Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, TQDK sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçiriləcək.
2013-cü ildə III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini isə qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki, 10715 nəfər əvvəlki illərin məzunudur.
2423 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
İmtahan verəcək bütün abituriyentlərə uğurlar arzulayırıq!