Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qəssablar borc içindədirlər" - Ət bazarında qiymətlərdə vəziyyət necədir?
Bir neçə gündür ət bazarında alıcılığın zəif olması ilə əlaqədar qiymətlərin 3-4 manata yaxın aşağı düşməsi söylənilir. Lakin buna baxmayaraq, alıcılar qiymətdə heç bir dəyişiklik olmadığını bildirirlər.
Ətin qiyməti barəsində məlumat almaq üçün Oxu.Az qəssəbxanalara yollanıb.
Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında ət satışı ilə məşğul olan qəssablar arasında keçirdiyimiz sorğu zamanı məlum olub ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur.
Qəssabların sözlərinə görə, rayonlarda ot və arpanın qiymətinin artması ətin ucuzlaşmasına şərait yaratmır. Hazırda qəssabxanalarda dana ətinin bir kiloqramının qiyməti 15-16 manat, quzu əti isə 19-22 manat arasında dəyişir.
"Ətin qiyməti rayonlardakı vəziyyətdən asılıdır..."
Neapol dairəsi yaxınlığında ət satışı ilə məşğul olan qəssab Oxu.Az-ın suallarını cavablayarkən qeyd edib ki, rayonlarda ot və arpanın qiyməti artıb, bu da ətin qiymətinə təsir edir:
"Əvvəl fermerlər otun bir dərzini 3-4 manata alırdılar, indi isə 7 manata alırlar, arpanın kiloqramı isə 40 qəpik idi, indi isə 60 qəpik olub. Buna görə də ətin qiyməti aşağı düşmür. Rayonlarda bir vaxtlar bir kiloqramı 12 manata olan dana ətinin qiyməti indi 14 manatdır, biz də üzərinə 1 manat qoyub satırıq. Əti daha çox Bərdə, Beyləqan, Ağcabədi bazarlarından gətiririk. Qiymətin yuxarı olmasının bir tərəfdən səbəbkarı satıcılardır. Onlar fermerlərdən, kəndçilərdən 200 manata aldığı heyvanın üzərinə 30-40 manat qoyub bizə satırlar. Bazarın 90%-ini də alverlə məşğul olan satıcılar idarə edirlər".
Müştərilər ət ala bilmir...
"Biz qəssablardan olsa, ətin kiloqramını 10 manata satarıq. Amma qiymət rayonda yüksək olduğuna görə biz də dana ətinin kilosunu 15 manat 50 qəpiyə, quzu ətini isə 19-20 manata satırıq. Lakin bahalıqla əlaqədar olaraq alıcılıq da olduqca zəifdir. Müştərilər əvvəl 10 kiloqram ət alırdılarsa, indi gəlib 2-3 kiloqram alırlar. Regionlarda ət ucuzlaşsa, bir o qədər hamıya yaxşı olar".
O bildirib ki, bu gün qəssabların hamısı borc içindədir:
"Qəssabların hamısının bu dəqiqə banka borcu var. Çünki biz risk edib 50-60 min manatlıq mal alırıq. Alıcılıq zəif olduğuna görə də 20 min manat bir ayda ziyana gedirik. Çünki ətin maya dəyərini çıxara bilmirik. Bu da qalan şey deyil. Bir müddət sonra quruyur, dəmir deyil ki, saxlayasan. 3-4 kiloqramı quruyanda bu da 50-60 manatlıq zərər deməkdir".
Qəssabın sözlərinə görə, ət idxalı artarsa, qiymətlərdə stabillik və ya azalma ola bilər:
"Hazırda yerli dana əti tələbatı ödəmir. Rayonlarda əvvəl fermerlər 200 baş dana saxlayırdılarsa, indi 10 dana saxlayırlar. Çünki qazancı o dananı saxlamağa dəymir deyə say azalıb".
Qəssab Əjdər Məmmədov qeyd edib ki, hazırda bazarlarda ətin qiyməti stabildir, bir müddət sonra 50 qəpiklik bir enmə ola bilər:
"Yerli dananın qiyməti hazırda 16 manatdır. Xaricdən gətirilən dana ətinin qiyməti isə 14 -15 manat arasında dəyişir. Xırda quzu ətinin bir kiloqramının qiyməti 21 manat, ortaçəkili heyvanın qiyməti 20 manatdır. Ət də əsas Bərdə bazarından gəlir. Bərdə bazarında yerli dananın qiyməti 15 manatdır. Qiymətdə heç bir dəyişiklik yoxdur. Hazırda stabildir. Amma qarşıdakı günlərdə ola bilsin ki, qiymət düşsün. Çünki alıcılıq zəifdir. 50 qəpik endirim olacağı gözlənilir. Aşağı qiymətə satılan ətlər əsasən Monqolustandan donmuş halda gəlir".
Digər qəssab vurğulayıb ki, quzu ətində qiymət çəkiyə görə dəyişir:
"Biz əti Beyləqan bazarından alırıq. Hələlik yerli malda qiymətdə heç bir dəyişiklik yoxdur. Quzu ətinin qiyməti çəkiyə görə dəyişir. 16-17 kiloqramlıq diri quzunun bir kiloqramı 20 manat, 10-11 kiloqramlıq diri quzu isə 22 manatdır. Biz də üzərinə bir manat qoyub satırıq".
Aygün Mirakif
Rəylər