Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qəzaya düşən PFL prezidenti yenidən əməliyyat olunacaq - YENİLƏNİB
Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a “Liv Bona Dea” Hospitalın mətbuat xidmətindən məlumat verilib.
PFL-in texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktoru Zaur Hacıməhərrəmovun ilkin müalicələri tamamlanıb və onlar evə buraxılıblar. Bundan sonra ambulator şəraitdə müalicə alacaqlar.
Bildirilib ki, PFL-in media və marketinq direktoru Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır. Sürücü Rasim Qafarlının bud-çanaq oynağının sınığına görə əməliyyatı planlaşdırılır.
Qeyd edilib ki, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.
PFL-in prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir. Qarşıdakı günlərdə ona müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır.
Xatırladaq ki, E.Səmədov və A.Şahgəldiyev hadisə baş verən gün “Liv Bona Dea” Hospitalında əməliyyat ediliblər.
11:37
Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarından ikisinin xəstəxanada müalicəsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, qurumun icraçı direktoru Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov artıq evə buraxılıb.
Media və marketinq direktoru Sənan Abdullayevin də 2 gün sonra evə buraxılacağı bildirilib.
PFL-in prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi isə davam etdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı yenilik yoxdur.
Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da qəzaya düşmüşdülər.
Könül Cəfərli
Rəylər