Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
QMİ-nin sədr müavini: "Aşura gününün ən savab işi şəhidlərin ruhuna xatir qan verməkdir"
"Bu gün heç kim uzun illər əvvəl bir qrup şəxsin etdiyi kimi toplaşaraq, başa qəmə vurmaq, zəncir vurmaq əməllərinə yol vermir. Bizdə bütün məhərrəmlik boyu, Aşura günü imamın üçünə qədər hər yerdə sakit qaydada mərasimlər keçirilir".
Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, ilahiyyatçı alim hacı Fuad Nurullayev iyulun 16-da keçiriləcək Aşura günü ilə bağlı mərasimlərdən danışarkən deyib.
O bildirib ki, həmin gün məscidlərdə xütbələr, moizələr oxunur:
"Ruhanilər camaatı maarifləndirirlər. İllər öncə başa qəmə vurmaq, zəncir vurmaq halları olurdu, bunlar hamısı yığışdırılıb. Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı həmişə öz müraciətini xalqa çatdırır. İmam Hüseyn mərasimlərində iştirak edən insanlar bunu bilsinlər ki, ən böyük savablardan biri də Allah yolunda kimsələrə kömək etmək, dəstək olmaqdır. Bu dəstəkdən ən gözəli də şəhidlərin - istər İmam Hüseyn və Kərbəla şəhidlərinin, istərsə də Qarabağ müharibəsi şəhidlərinin ruhlarına xatir qanvermə aksiyalarıdır.
QMİ rəhbərliyi neçə illər bundan qabaq bu təşəbbüsü irəli sürüb və həyata keçirir. Aşura günü verilən qan Qan bankında yığılır. Hətta belə bir məlumat təsdiqləndi ki, 2020-ci ildə Qarabağın azadlığı uğrunda aparılan 44 günlük müharibədə yaralanan insanların qana olan tələbatı, xüsusilə Aşura günlərində, məhərrəmlikdə ehsan edilən, Qan bankında toplanan ehtiyatdan qarşılanıb.
Aşuranın və məhərrəm ayının ən böyük fayda və mahiyyəti, əhəmiyyəti ondan ibarətdir ki, insanlar bu aydan, bu günlərdən bəhrələnsinlər, mənəviyyatlarını qidalandırsınlar, vətəninə, torpağına, millətinə bağlı olsunlar. Məhərrəmliyin və Aşuranın mahiyyəti birlik, vəhdət, vətənpərvərlik hissini insanlarda daha da gücləndirməkdir.
Çünki İmam Hüseyn haqqın, ədalətin carçısıdır. Azərbaycan xalqı əsrlərdir, bu məktəbi tanıyır. Tarixdə Kərbəla hadisələri ilə bağlı xeyli yazılı mənbə, ədəbiyyat var. Bunlardan məlumdur ki, 680-ci ildə Kərbəlada İmam Hüseynin yanında şəhid olanlardan biri də Müslüm adlı azərbaycanlı olub.
Dünyanın azadlıqsevən insanları İmam Hüseynin getdiyi yolu təhlil edir, öyrənir və öz millətinə də bunu öyrədir. Məsələn, Hindistanın mənəvi atası sayılan Mahatma Qandi öz xalqına müraciətinə deyib:
"Ey Hindistan xalqı, bu azadlıq yolunda atdığımız addımları, bu mübarizəmizi mən Əli oğlu Hüseyndən öyrəndim. Hüseyn məktəbindən öyrəndim, amma onu hələ layiqincə öyrənə bilmədim".
Həqiqətən də, İmam Hüseyn dünya üçün böyük məktəbdir. O bu gün də yaşayır, sabah da yaşayacaq. Quranda deyilir ki, şəhidlər ölməzdir, insanlıq nə qədər varsa, onlar yaşayır, Allah süfrəsindən ruzi ilə bəhrələnirlər".
QMİ sədrinin müavini Aşura günü mərasimlərinin keçiriləcəyi tarixlə bağlı da danışıb:
"Əlimizdə olan təqvimə görə, Aşura günü iyul ayının 16-na təsadüf edir, lakin belə bir deyim var ki: "Hər gün Aşura, hər yer Kərbəla". İndi kimsə bu günü iyulun 15-də, kimsə 16-da, ya da 17-də keçirir, azaddır. Bu, vacib məsələ deyil. Əsas məqsəd o tarixin yad edilməsi və insanların bu əzəmətli gündən bəhrələnməsidir. Məscidlərdə Aşura günü keçirilən mərasimlərdə Nuh, Yusif, Musa peyğəmbərdən tutmuş Allahın sonrakı elçilərindən, Kərbəla faciəsi ilə bağlı tarixi hadisələrdən danışılır.
Aşura - 10 deməkdir. Məhərrəm ayı islam təqvimində birinci aydır, Aşura isə onun 10-cu günüdür. 680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynə qarşı sui-qəsd olunan günü ehtiva edir. Bu tarix unudulmur, barəsində məlumatlar insanlara ötürülür ki, ədalət, haqq uğrunda həmişə mübariz olsunlar. Heç vaxt əzilməsinlər, ayaq altında qalmasınlar. Azərbaycan xalqı da bundan bəhrələnib. İmam Hüseyn məktəbi tanıyan xalq heç vaxt torpaqlarını işğalda qoymaz. Elə də oldu və biz torpaqlarımızı da, bayrağımızı da uca tutduq. Ali Baş Komandanın başçılığı ilə xalqımızın igid oğulları haqq savaşına qatıldılar, bu amal uğrunda canlarını fəda etdilər, şəhid oldular, əbədiyyətə qoşdular, ancaq torpaqlarımızı azad etdilər.
Ona görə də biz Aşura günündə, məhərrəm ayında şənlik eləmirik, onu təxirə salırıq. Bu günlərdə Kərbəla şəhidləri, Qarabağ müharibəsinin şəhidləri yad edilirlər.
Amma insanlar bəzən anlaşılmazlığa yol verirlər. Toy etmək və evlənmək fərqli anlayışlardır. Bir adam evlənmək istəyirsə, kəbin kəsdirib ailə sahibi ola bilər. İstənilən ayda, istənilən gündə, hətta Aşura günündə də kəbin kəsdirmək olar. Amma qaldı ki, toy, şənlik - bunları etmək olmaz. Xüsusən biz səfər ayını gözləyirik. İmam Hüseyn şəhidlərinin qırxı bu ayda çıxır. Məhərrəm ayından sonrakı səfər ayında Məhəmməd peyğəmbər, bəzi imamlarımız vəfat ediblər. Biz həmin bu iki ayı, yəni məhərrəm və səfər aylarını onların xatirəsinə təziyə saxlayırıq".
Könül Cəfərli
"Məhərrəm ayı 2024" teqi üzrə xəbərlər
- İranda minik avtomobili məhərrəmlik mərasiminə qatılan izdihama çırpılıb
- Azyaşlıları dini mərasimlərə apararaq psixoloji inkişafa təsir edən hərəkətlərə imkan vermək olmaz
- İlahiyyatçı: "Aşura mərasimlərində insanların özlərinə fiziki işgəncə verməsi dinimizdə bəyənilmir"
- Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? - AÇIQLAMA
- DİN və dövlət komitəsindən dini mərasimlərlə bağlı vətəndaşlara MÜRACİƏT