Oxu.Az məşhur radio və televiziya aparıcısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat katibi Rahib Azəri ilə müsahibəsini təqdim edir.
- Rahib müəllim, ilk olaraq sizi radio aparıcısı kimi fəaliyyətinizin 20 illik yubileyi münasibəti ilə ürəkdən təbrik etmək istərdim. Sizin adınız bu gün nahaq yerə Azərbaycan radiosu ilə assosiasiya edilmir...
- Təbriklər üçün çox sağ olun. Mən uzun müddət jurnalist işinin arzusunda olmuşam, ixtisasca jurnalist deyiləm. Nəhayət ki, çoxdankı arzumu həyata keçirə bildim və yanvar ayının 9-da ilk dəfə radioda canlı efirə çıxmağımın 20 ili tamam oldu. Radio aparıcısı kimi fəaliyyətimə “ANS ÇM”də başlamışam, sonra isə “Antenn FM”, “Lider FM”də davam etmişəm. Hal-hazırda isə “Burc FM”də çalışıram. 5 illiyimi “ANS ÇM”-də, 10 illiyimi “Antenn FM”də, 15 illiyimi “Lider FM”-də, 20 illiyimi isə indi işlədiyim “Burc FM”də qeyd etdim. Bu, yalnız mənim üçün deyil, eyni zamanda bütün Azərbaycan radiosu üçün çox maraqlı zaman və gözəl nailiyyətlər dövrü idi.

- Uzunmüddətli fəaliyyətiniz boyu hansı verilişləri çəkmisiz və qarşınıza hansı məqsədləri qoymusuz?
- Mən hər zaman gözəl verilişlər hazırlamağa çalışmışam, insanları ətrafda baş verənlər haqqında düşünməyə vadar etməyə çalışmışam. Radioda DJ olan zaman dinləyicilərimin bəyəndiyi və faydalandığı və nə isə öyrəndiyi mahnıları səsləndirməyə çalışmışam. Bütün fəaliyyətim boyu heç bir zaman yüksək reytinq ardınca qaçmamışam. Məqsədim xalqımızın mədəniyyət, incəsənət, adət və ənənələrini əhatə edən keyfiyyətli verilişlər hazırlamaq olub. Müxtəlif mövzuların müzakirə edildiyi məhsuldar diskussiya klublarım olub. “ANS ÇM”də verilişlərimdə dəfələrlə Bakıda bayraq abidəsini görmək istədiyimi demişdim, arzum yerinə yetdi. Belə dəyişikliklər gördükdə, zəhmətinin yerdə qalmadığını anlayırsan.
- Belə çıxır ki, radiomuz sizinlə bərabər inkişaf edir...
- (Gülür). Təəssüf ki, bu gün radio əvvəllər olduğu kimi deyil. Bugünkü aparıcılar, bizim vaxtı ilə etdiyimiz maraqlı, yaradıcı layihələr hazırlamırlar. Hər kəsin radioda aparıcı işləyə biləcəyi fikri mövcuddur. Amma radio aparıcısı yaxşı təhsil almış, hərtərəfli inkişaf etmiş, mədəni və tərbiyəli bir adam olmağa məcburdur, çünki o nümunə obyektidir və onu ölkədə müxtəlif yaş kateqoriyasına aid, müxtəlif peşə sahibləri dinləyirlər. Zamanında biz satirik, tarixi, maarifləndirici verilişlər hazırlayaraq insanları maarifləndirməyə çalışırdıq.

- Amma bu gün belə verilişlər eşitmirik. Səbəb nədir?
- Əksəriyyəti qeyri-peşəkar olan aparıcılar, maraqlı, maarifləndirici və yaradıcı verilişlər hazırlamaq üçün səy göstərmək istəmirlər. Bununla yanaşı, onların keyfiyyəti getdikcə düşür. Məsələn, indi üç saat ərzində mürəbbə hazırlamaq mövzusunu qoyub böyük sayda SMS toplamaq və nəhəng auditoriyanın diqqətini cəlb etmək olar. Amma bunu keyfiyyətli veriliş adlandırmaq olmaz. Bu, adi əyləncədir, təəssüf ki, lazımi səviyyədə deyil...
- Gəlin, sosial problemlərə keçək. Fransada Məhəmməd peyğəmbərin karikaturasına dair qalmaqal tüğyan etdiyi bir dövrdə, iki azərbaycanlı tələbə Bakıda yerləşən kilsələrdən birinə gedən yolun qarını təmizləmişdilər. Bu hərəkəti İslamın həqiqi siması adlandırmaq olarmı?
- Əlbəttə. Bu, məhz tolerantlığın və ali mədəniyyətin təzahürünün əsl nümunəsidir. Televizorda izlədiyim bu xəbərə çox sevindim, biz müsəlman məhəlləsində yerləşən bu məbəd haqqında veriliş də çəkmişdik. Bu, düzgün hərəkət, nümunə götürülməli davranış, müsəlmanın əsl simasını əks etdirən mədəni addım idi. Təəssüf ki, adlarını bilmədiyim bu gənclərin hərəkəti təqdirəlayiqdir.
- Son hadisələr, xüsusilə də şəhərin mərkəzində baş verən dəhşətli bıçaqlanma hadisəsi... Bu mövzuya toxunmaya bilmərik. Necə düşünürsüz, bu faciəyə səbəb nədir?

- Bu hadisə barədə çox düşündüm və belə qənaətə gəldim ki, səbəb mədəniyyətsizlik, nadanlıq və cahillikdir. Mədəni cəmiyyət belə hadisələrin baş verməsinə icazə verməz. Qınadığım sovet dövründə belə hadisələr olurdu, amma çox nadir hallarda. Bu, sırdankənar bir şey idi. İndi isə belə vəhşiliklər barədə demək olar ki, hər həftə eşidirik. Mən, cəmiyyətimizin bir çox üzvlərində mədəniyyət, mənəviyyat və davranış normaları haqqında elementar anlayışların mövcud olmadığını hesab edirəm. Ona görə də bu şəxslər normal, tərbiyəli uşaqlar yetişdirə bilmirlər.
- Necə düşünürsüz, nəyə görə bu gün bir çoxları özünü ələ ala bilmir? Çoxsaylı münaqişələrə yol açan nədir?
- Hesab edirəm ki, bu, ilk növbədə valideynlərin səhvidir, onlar zamanında övladlarına, münasibət aydınlaşdıran zaman əl atmaq üçün cibində bıçaq və ya digər silah növü gəzdirməyin deyil, özünü ələ almağı, münaqişəni dialoq yolu ilə həll etməyə çalışmağın lazım olduğunu başa salmayıblar. Valideynlər uşaqlarının asudə vaxtlarını necə keçirdiklərini, kiminlə dostluq etdiklərini və ünsiyyətdə olduqlarını bilməlidirlər.
Bu qəbildən olan hadisələr dialoq apara bilmədiyimiz, vəziyyətə sayıqlıqla yanaşmadığımız, düzgün çıxarışlar edə bilmədiyimiz, həmsöhbətimizi anlaya bilmədiyimiz və o dəqiqə əlbəyaxa olmağımız ucbatından baş verir. Münasibətlərin yumruq səviyyəsində aydınlaşdırılması, insanların bir-birini başa düşmədiyi an baş verir. Sanki müasir cəmiyyətdə səhvini boynuna almaq utandırıcı, kişi ləyaqətinə xələl gətirən bir şey kimi qəbul edilir. Amma bu, belə deyil. Bu, aprioridə düzgün deyil.

- Amma bu dəhşətli cinayəti törədən qatil, başqasının canını almaqla, ilk növbədə özünə pislik etməsi barədə heç düşünməyib...
- Əlbəttə, o nəticələr haqqında heç düşünməyib. Əgər o, davranışının nə ilə nəticələnəcəyi barədə heç olmasa bircə dəqiqəlik düşünsəydi, belə davranmazdı. Sonda ən çox zərər görən o, və cavan həyat yoldaşı oldu. O, yalnız özü haqqında deyil, bu cinayəti törədərkən həm də onun haqqında da düşünməyib. Qadının baş verənlərə reaksiyası da təəccüb doğurur, axı o, münaqişəli vəziyyətin yarandığını görürdü, onun qarşısını almaq üçün nə isə edə bilərdi. Kim bilir, bəlkə də əgər o müdaxilə etsəydi, vəziyyətdən çıxış yolu tapmaq olardı. Axı, qadın evdən çıxarkən ərinin cibində nə olduğunu bilirdi.
- Bu məsələ sosial şəbəkələrdə emosiyalar tüğyanına səbəb oldu. İnsanların əksəriyyəti qatili qınayırdı, amma kişinin cibində bıçağın və ya digər bir silahın olmasını normal hesab edənlər də tapıldı. Bu barədə nə düşünürsünüz?
- Cinayətkara bəraət yoxdur. Ona yalnız onun kimi düşünənlər dəstək verə bilər. Cibində silah gəzdirən gənclər, həmin silahın hesabına özünü təsdiqləməyə çalışırlar, özlərində əminlik yaratmaq istəyirlər. Bir çox gənclər düşünürlər ki, bıçaq ilkin olaraq qorxutmaq üçün alətdir, qətl üçün yox, və onun gəzdirilməsi zəiflik əlaməti deyil. Amma vəziyyət nəzarətdən çıxa bilər və insan hər zaman emosiyalarına hakim ola bilmir, sözügedən konkret hadisədə olduğu kimi. Bıçaq və ya silah gəzdirmək cəsarət əlaməti deyil. Əgər Allah adama dil və ağıl veribsə, istənilən vəziyyəti sayıqlıqla həll etmək olar.
- Buradan digər sual meydana çıxır, ölkədə silahın qanuniləşdirilməsi hansı nəticələrə gətirib çıxara bilər?
- Bunun nə ilə nəticələnəcəyini düşünməyə belə qorxuram. Mən Azərbaycanda silahın qanuniləşdirilməsinə qarşıyam. Səbəbini izah edim. Dünyada icazə verilməyən yerdən yolu keçən piyadanı vuran sürücünün cəzadan yayına bilmə imkanı barədə qanun layihəsi müzakirə edilirdi, belə ki, həmin halda qaydanı piyada pozub. Amma çox təəssüf ki, xalqımızın təcrübə və psixologiyasından çıxış edərək bu qanunun bizdə heç bir şərt altında tətbiq edilməməsi deyilirdi. Psixoloqların fikrincə, belə qanun qüvvəyə minərsə bəzi sürücülər bilərəkdən piyadaları vuracaqlar. Ona görə də mən əminəm ki, əgər ölkəmizdə silah gəzdirmək qanuniləşdirilərsə bu, yaxşı nəticə verməyəcək.

- Etiraf etmək lazımdır ki, “insanlar dost, yoldaş və qardaşdırlar” ifadəsi artıq aktual deyil...
- Əlbəttə, bunun əksini iddia etmək istərdim, amma təəssüf ki, bununla mübahisə etmək olmaz. Hal-hazırda “qurdlar süfrəsi” ifadəsi daha aktualdır. Digər insana vətəndaş, özümüzə onunla bərabər biri kimi baxmayacağımız təqdirdə, bu qəbildən olan hallar yaranacaq. Cəmiyyətimizin digər üzvlərini düşmən kimi deyil, əksinə dost, həmfikir və yoldaş kimi qəbul etməyimizi anlamağımız labüddür. Əgər bu dönüş baş verərsə, çox şey yaxşı istiqamətdə dəyişəcək, amma hələ ki, bunu görmürük.
- Televiziya və ya radio yaranan vəziyyətdən çıxış yolu tapa bilərmi?
- Düşünürəm ki, bu qəbildən olan halları kökündən yox etmək çox çətin olacaq, amma cəhd etmək həyati vacibdir. Bu gün yayımlanan verilişlərin əksəriyyəti əyləncəlidir, sosial mövzuların müzakirə olunduğu tok-şoular isə ümumiyyətlə, keçirilmir.
- Qeyd etmək istərdim ki, sovet dövründə kriminal mövcud idi, doğrudur, bu qədər deyildi, amma onu insanların psixologiyasına zərər verməmək üçün bütün kanallarda nümayiş etdirməyə çalışmırdılar. Bu mövqe ilə razısınızmı?
- Bu yaxınlarda dostumun sosial şəbəkədə statusunu oxudum, o, yerli kanallarda xəbərlərə baxa bilmədiyini yazırdı, belə ki, xəbərlərin 90%-i dünya və Azərbaycan üzrə kriminal toplusudur. Aydındır ki, dünyada zorakılıq çoxluq təşkil edir, amma kriminal ilə yanaşı müsbət xarakterli hadisələr də baş verir. Nəyə görə bu barədə susurlar? Əsasən harada partlayışların baş verdiyi, insanların həlak olduğu, baş kəsilməsi və buna bənzər informasiyalar verilir. Bəs digər informasiya haradadır? Zorakılığı gizlətmək mümkün deyil, amma qadağalarla problem həll edilmir.
Sovet dövründə bizdən çox şeyin gizlədilməsi ilə razılaşacam. Bir tərəfdən bu, doğru yanaşmadır, çünki ədalətsizliyi və zorakılığı qəbul etməyən hissiyyatlı insanlarımız çoxdur. Doğru tarazlığı tapmaq mütləqdir. Şokedici kadrları göstərməmək olar. Bu, hətta adekvat insanlarda belə aqressivlik səviyyəsini artıra bilər, onlar isə qatil, manyak və terrorçularla analoji üsulla mübarizə aparmaq istəyini yarada bilər. Yaş həddi qoymaq mütləqdir. Bu məslədə uşaqlara xüsusi həssas davranmaq lazımdır. Kriminal xəbərlər dayanıqlı olmayan uşaq psixikasını möhkəm zədələyir!
- Qeyd etdiniz ki, bu gün televiziyada maarifləndirici verilişlərdən daha çox, əyləncəli verilişlərə rast gəlirik. İnsanların zövqü dəyişib, ya kanallar yüksək reytinq ardınca qaçır?
- Mən böyük səbirsizliklə reytinq ardınca qaçmanın işəyaramaz və mədəniyyət, eləcə də təhsilə böyük zərər gətirdiyinin elan ediləcəyi günü gözləyirəm. Bu, mütləq baş verməlidir. Reytinq ardınca qaçmaq televiziyamızı tamamən məhv edir. Birinci yeri tutan verilişlərin cədvəlinə baxdıqda normal insanda şübhə yaranır. İnanmaq olmur ki, bu zövqsüz verilişlər həmvətənlərimizdə maraq doğurur. Bəzən sayğacların qəsdən fırladılması təəssüratı yaranır.
- Bakı haqqında bir neçə söz. Sizin fikrinizcə, şəhər sakinlərinin şəhərə qarşı münasibətini necə dəyişmək olar?
- Etiraf etmək lazımdır ki, bu, yetərincə mürəkkəbdir. İndi küçəyə zibil atanların sayı bir neçə il bundan öncə olan göstəricidən daha azdır, bu, mənim müşahidələrimdir. Məsələn, İstanbulda küçəyə zibili bizdən daha çox atırlar, çünki orada zibil qabı azdır. Mən özüm bəzən zibil yeşiyini tapmaq üçün yüz metrlərlə yol getməli olmuşam (gülür). Bizdə belə problemlərin olmaması sevindirici haldır, insanların psixologiyası yaxşı tərəfə dəyişib. Düşünürəm ki, bunun üzərində çalışmaq lazımdır, onların şəhərə olan münasibətini dəyişmək lazımdır ki, onlar Bakıya, doğma vətənlərinin bir hissəsi kimi yanaşmalı, ölkəmizin tarixinə, bayrağına, mədəniyyətinə və incəsənətinə hörmətlə yanaşsınlar. Amma ilk növbədə bir-birimizin həmvətən olduğumuzu nəzərə almalıyıq, bu barədə yuxarıda qeyd etmişəm. Yalnız bu halda nə isə dəyişmək mümkündür.

- Tezliklə Bakıda Birinci Avropa Olimpiya Oyunları keçiriləcək. Şəhərin infrastrukturu buna məqsədyönlü şəkildə hazırlaşır. Bəs cəmiyyətimiz necə, belə qonaq axınına hazırdırmı?
- Azərbaycan xalqı çox qonaqpərvərdir. Mən dəfələrlə turistlərin şəhərimizin nümayəndələrinə yardım üçün müraciət etdiklərini görmüşəm, onlar da böyük məmnuniyyətlə yardım edirlər, yolu göstərir, dil bilmədikləri təqdirdə imkan daxilində yardım etməyə çalışırlar.
Bu faktı nəzərə alaraq, hesab etmirəm ki, tarixdə ilk dəfə keçiriləcək Birinci Avropa Oyunları puç olsun. Əksinə, onları təcrübəmizə əsaslanaraq layiqincə qəbul edəcəyik! Qeyd etmək istərdim ki, Azərbaycanı bütün dünyada tanıyırlar, sovet dövründə, hətta on il və beş il əvvəldə bu, belə deyildi.
Bundan başqa, insanlara Avropa Oyunları zamanı necə davranmaq, müvəqqəti narahatlığa adekvat reaksiya vermək, qonaqlarla nəzakətli və gülərüz olmaq istiqamətində tövsiyələr vermək lazımdır.
- Rahib Azəridən şəhər sakinlərinə Bakı-2015 İlk Avropa Oyunları ərəfəsində bir neçə məsləhət...
- Mən məsləhət vermək iqtidarında deyiləm (gülür).
- Amma Azərbaycan intellegensiyasının nümayəndəsindən tövsiyələr eşitmək istəyən çoxdur...
- Qoy, ölkəmizin hər bir insanı unutmasın ki, o, əvvəlcə insan, sonra isə azərbaycanlıdır.
Üçüncüsü isə əcdadlarımızın bizə miras qoyduğu bilikləri qorumaq lazımdır, ən başlıcası isə tariximizi unutmaq olmaz, çünki o olmadan layiqli gələcəyimiz olmayacaq! Təkrar edəcəm, amma deməliyəm.
Səbirli olmaq lazımdır və irəlidə gedən insanda özünüz kimi bir vətəndaşı görməlisiniz və insanlara hörmətlə yanaşmalısınız. Əgər kim isə sizə hansı səbəbdənsə səsini yüksəldirsə, siz də ona eyni cür cavab verirsizsə, münaqişə qaçılmazdır. Amma siz mədəni cavab versəniz, ocağı alovlanmağa imkan vermədən söndürmüş olacaqsınız.
Rüstəm Qasımov
www.oxu.az