Oxu.Az Azərbaycan-Britaniya Məzunları Assosiasiyasının (Azerbaijan -UK Alumni Asssociation – AUKAA) hazırkı sədri Ramiz Babayevlə müsahibəni təqdim edir:
- Oxucularımızın çoxunun AUKAA təşkilatı haqqında məlumatları var, amma onun yaranma tarixi haqqında cari sədrdən birbaşa eşitmək maraqlı olardı.
- Bizim təşkilat – Azərbaycan-Britaniya Məzunları Assosiasiyası (Azerbaijan -UK Alumni Asssociation – AUKAA) 2005-ci ildə Britaniya məzunları tərəfindən təsis edilib. 9 il ərzində AUKAA müxtəlif sahələrdə, xüsusilə də sosial və təhsil sahəsində bir sıra layihələr reallaşdırmağa müvəffəq olmuş bir birlikdir.
Artıq təşkilatın doqquzuncu sədriyəm, bu vəzifəyə 2013-cü ilin dekabr ayında Britaniya məzunlarının illik toplantısında seçilmişəm. Bu, mənim üçün həqiqətən də böyük şərəfdir, belə ki, təşkilata 2008-ci ildən Londonda özəl kolleclərdən birini bitirdikdən sonra qoşulmuşam.
Sədrlər səsvermə yolu ilə bir illik müddətə seçilirlər və təşkilatın nizamnaməsinə görə ikinci dəfə namizədlik irəli sürmək mümkün deyil.
- Azərbaycanda və İngiltərədə hansı təhsili almısız?
- 2008-ci ildə Londonda Williams College-də bir semestr Beynəlxalq Biznes üzrə təhsil almışam. 2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini qazanmışam. 2010-2011-ci illərdə Liverpul Universitetində Ətraf Mühitin idarə edilməsi və planlaşdıırlması ixtisası üzrə magistr dərəcəsi almışam. Hal-hazırda Liverpul Universitetinin ətraf mühit elmləri fakültəsinin Coğrafiya və Planlaşdırma şöbəsində doktorantura təhsilimin ikinci ilindəyəm və 2017-cı ildə dissertasiyamı müdafiə etməyi planlaşdırıram.
- Böyük Britaniyada yaşadığınız müddət ərzində həyata baxışınız dəyişdimi və ya düşüncə tərzinizdə dəyişiklik baş verdimi? Orada nə xoşunuza gəldi?
- Bilirsiniz ki, bizim cəmiyyətlə onların cəmiyyəti arasında böyük fərq var. Orda olmağım dünya görüşümə çox böyük təsir etdi, çox şeyə başqa cür, fərqli baxmağa başladım. Onlardan çox şey öyrənmək olar, amma seçim etmədən kor-koranə yox. Bəzi insanlar kateqoriyası var ki, bir müddət xaricdə yaşadıqdan sonra həmin ölkənin dəyərlərini, həyat tərzini eyniliklə Azərbaycanda əks etdirmək istəyirlər. Bu nə doğru, nə də mümkün deyil, çünki onların inkişafı başqa müstəvidə və tarixən daha erkən başlayıb. Amma mən hesab edirəm ki, biz bu kiçik zaman kəsiyi ərzində heç də pis nəticələr əldə etməmişik. Mən Britaniyanı hər gün yeni nə isə öyrənmək imkanı olduğu üçün bəyənirəm.
- Məsələn, siz Qərbin həyat tərzindən nəyi mənimsəmək istərdiniz?
- Çox şeyi mənimsəmək olar, amma bizim mədəniyyətimiz və təfəkkürümüz çərçivəsində. Məsələn, elementar olaraq, onlarda müştəriyə xidmət yüksək səviyyədədir. Çox istərdim ki, Azərbaycanda da servis belə inkişaf etsin.
Digər nüans – insanların bir-birinə münasibəti. Fikir vermisinizsə, çox az adam gülərüzdür. Mənə irad tuta bilərlər ki, gülməyə səbəb yoxdur, kimsə nədənsə narazıdır. Axı orada da çətinliklər var, amma insanlar mehribandırlar, gülümsəyirlər və bizdəki qədər olmasa da amma əvəzsiz yardıma hazırdırlar.
Amma düzünü desəm, yaxın gələcəkdə bu planda dəyişikliklərin baş verəcəyinə inanmıram. Cəmiyyət təkamül yolu ilə dəyişməlidir, mən kəskin və inqilabi dəyişiklikləri qəbul etmirəm və onlara inanmıram. Bu, bizim yolumuz deyil. Əyani misal – bizim nəsil SSRİ dövründə dünyaya gəlib, amma bizim təfəkkürümüz valideynlərimizin təfəkküründən köklü şəkildə fərqlənir. Müvafiq olaraq biz cəmiyyətin dünyagörüşünü tədricən dəyişirik. Bizim insanlar “and içməyə” çox alışıblar, bu isə əksər hallarda yalan və məyusluğa gətirib çıxarır. İngilislər isə özlərini daha mühafizə olunmuş hiss edirlər, çünki onlar fərdlərin alicənablığına deyil, qanuna əsaslanmağa öyrəşiblər. Məncə bu, normaldır və biznesdən tutmuş ailə problemlərinə qədər hər şeyin müqavilə, qanunvericiliklə tənzimlənməsi daha doğrudur – inkişaf etmiş demokratik cəmiyyətə daha xasdır. Mən bir vətəndaş və vətənpərvər kimi onlardan məhz bu müsbət cəhətləri mənimsəməyimizi istərdim.
- Sizin dediklərinizdən elə çıxır ki, orada hər şey qaydasındadır, axı belə deyil...
- Xeyr. Hər bir cəmiyyətin öz problemləri var. Böyük Britaniyada məsələn, həyəcan təbili çalırlar ki, nikahların sayı azalır, boşanmalar artır, demoqrafik böhran müşahidə edilir. Bununla əlaqədar olaraq, dövlət tərəfindən xüsusi tədbirlər görülür ki, problemin qarşısı müəyyən dərəcədə alınsın. Necə deyərlər, xəbərdar olan silahlıdır. Onların bu problemlərin vaxtında həyata keçirilən profilaktik tədbirlərin köməyi ilə öhdəsindən gələ biləcəklərini isə hələ zaman göstərəcək.
- Britaniya təhsil sisteminin dünyada ən yaxşılardan biri hesab edilməsinə səbəb hansı fərqli cəhətdir? Tədrisə bizim və onların yanaşmasında fərq nədədir?
- Bu, tamamilə fərqli sistemlərdir və hər ikisinin özünəməxsus müsbət tərəfləri var. Gəlin, müəllim və tələbələrin qarşılıqlı münasibətini müqayisə edim: məsələn, bizdə tələbənin müəllimlə razılaşmamağı və irad tutmağı qəbuledilməzdir. Müəllimlərimizin əsasən yaşlı nəsli bunu qəbul etmir və anlamır. Böyük Britaniyada isə tələbənin istənilən sualı və təklifi böyük ruh yüksəkliyi ilə qəbul edilir, orada müəllim-tələbə münasibəti tamamən fərqlidir. Tələbə şəxsiyyət kimi qəbul edilir, onunla hesablaşırlar, ona potensialını inkişaf etdirməyə imkan verirlər.
Bundan başqa, hələ kollecdən 14-15 yaşından şagirdlərə (presentation skills) təqdimat etmə bacarığı – böyük auditoriya qarşısında çıxış etmək, diskussiyaya girmə, öz nəzər nöqtəsini sübut etmə bacarığını aşılayırlar. Bizim tələbələrimiz isə ictimaiyyət qarşısında çıxışdan qorxurlar, çünki buna alışqan deyillər və bununla ilk dəfə qarşılaşarkən stress yaşayırlar. Bizim tələbələrimizdə tədqiqat və akademik tənqid bacarığı da çatışmır. Nəzərə də almaq lazımdır ki, bizim tələbələrə tədris materiallarını əldə etmək bir qədər çətindir. Belə ki, kim isə rus və ya ingilis dilini yetərincə yaxşı bilmir, Azərbaycan dilində isə lazımi material yetərincə deyil.
- Yeri gəlmişkən, tədris metodları haqqında. AUKAA Azərbaycanda buna bənzər tədris modelini tətbiq etmək istiqamətində hansısa təklif və ya addım atıbmı?
- Bəli, məhz keçən il yeni təhsil naziri təyin edildikdən sonra, bilirsiniz ki, o da xaricdə təhsil alıb – biz toplanıb, təhsil sahəsində islahatlara dəstək üçün bir sıra təkliflər hazırlayıb Nazirliyə göndərdik. Bizi qəbul edib dinlədilər, bu məsələlərdə əməkdaşlıq edəcəklərinə söz verdilər.
Bundan başqa, bizim Assosiasiyanın bir çox üzvləri, o cümlədən mən də Azərbaycanın bir çox Ali məktəblərində gənc müəllim olaraq akademik fəaliyyətimiz olub və davam da edirik. Məhz orada biz Britaniyada gördüyümüz və bizə xaricdə təhsil zamanı keçilən tədris üsullarını imkan daxilində tətbiq edirik.
Azərbaycanda, məsələn, ADA Universitetində Qərb təhsil modelini çox uğurlu və peşəkar şəkildə istifadə edirlər, məlumatınız olsun ki, ADA Universitetində də bizim Assosiasiyanın bəzi üzvləri dərs deyir.
Ümumilikdə, Təhsil Nazirliyində bizim təcrübə və səylərimizi müsbət qiymətləndirirlər. Növbəti mərhələdə də ölkəmizdə Azərbaycan dilində elmi ədəbiyyatın çatışmazlığı ilə əlaqədar olaraq AUKAA öz təkliflərini göndərməyi planlaşdırır.
- Sizin fikrinizcə gənc müəllimlərin Ali məktəblərdə işi nə qədər effektlidir?
- Mən onların işini çox pozitiv qiymətləndirirəm və xoşbəxtlikdən ölkə rəhbərliyi də bu məsələni dəstəkləyir. Tələbələr gənc müəllimləri görməyə həmişə şad olurlar.
Amma arzuolunmaz amillər də var, bunları deyəcəyimə görə yəqin ki, dostlarımdan və bəzi tanışlarımdan heç kim inciməz. Bəzən biz gənc müəllimlərin öz tələbələri ilə ailə həyatı qurmalarını görürük, bu isə Qərbdə olduqca qeyri-peşəkar bir addım hesab edilir və əlbəttə ki, bu Ali məktəbin nüfuzuna təsir edir. Amma təbii ki, biz Azərbaycanda yaşayırıq, öz adət-ənənəmiz var və fərdi hadisələri də anlayışla nəzərə almaq lazımdır. Eyni zamanda düşünürəm ki, gələcəkdə bu nüansların təkrarlanmaması üçün məsələ qanunvericilik çərçivəsində nəzərdən keçirilməlidir.
- Assosiasiya konkret olaraq təhsil sahəsi ilə əlaqədar tədbirlər keçirirmi?
- Təbii... Son layihələrdən biri “PASHA Bank” və “British Council Azerbaijan”ın həyata keçirdiyi birgə layihəsində bizim iştirakımız oldu. Layihə bizim üzvlərimizin “Essay writing skills” təlimlərini keçirdiyi Azərbaycanın 10 müxtəlif Ali təhsil müəssisəsini əhatə etdi.
Keçən il isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Ali təhsil məktəblərinin Böyük Britaniyada təhsil almaq istəyən tələbələri üçün təlim və karyera məsləhətləşmələri keçirərək onlara universitetə müraciət qaydası haqqında məlumat verərək, lazımi sənədlərin yığılmasında da yardım etdik və eyni zamanda müxtəlif proqramlar haqqında məlumatı bölüşdük.
Çox tezliklə yeni layihəmiz start götürəcək və layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondundan alınmış qrant əsasında həyata keçiriləcək. Layihəmiz, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş bizim təşəbbüs çərçivəsində həyata keçiriləcək. Biz onların təhsil aldığı müxtəlif məktəblərdə görüşlər keçirəcək və 10 şagird seçərək, IELTS üzrə ingilis dilindən imtahan vermək üçün hazırlayacağıq.
Onlara Böyük Britaniyada təhsil ala bilmək üçün lazımi informasiya və texniki dəstək veriləcək. Bu layihə ilə əlaqədar Təhsil Nazirliyinə yazılı müraciət etməyə hazırlaşırıq və inanırıq ki, bizim təşəbbüsümüz nazirlik tərəfindən müsbət qiymətləndiriləcək. Çox ümid edirik ki, layihənin nəticəsində bu seçilmiş uşaqlar dövlətmizin dəstəyi ilə Böyük Britaniyada bakalavr dərəcəsində təhsil ala biləcəklər.
Biz valideyn himayəsindən məhrum olan uşaqların bu həyatda layiqli yer tutmasını çox istərdik. Düşünürəm ki, biz hamımız onların cəmiyyətdə yalnız olmadığını sübut etməliyik. Yeri gəlmişkən, qeyd edim ki, bu yaxınlarda həmin layihəni təqdim edəcəyik və bu tədbirə sizi və digər KİV nümayəndələrini dəvət edəcəyik.
- Siz Böyük Britaniyada tələbələrlə əlaqə saxlayırsınızmı?
- Bəli, biz Böyük Britaniyada “Liverpul Azərbaycan Cəmiyyəti”, “Nyukasl Azərbaycan Cəmiyyəti”, “Nottinqhem Azərbaycan Cəmiyyəti” kimi Azərbaycan təşkilatları, eləcə də digər şəhərlərdə yaradılmış cəmiyyətlərlə və Londonda olan cəmiyyətlər ilə əməkdaşlıq edirik.
Artıq Londonda “Azərbaycan evi” ilə birgə layihə planlaşdırırıq ki, orada Britaniyada hal-hazırki tələbələrlə görüşüb şəbəkəmizi genişləndirəcəyik, belə ki, bu tələbələr AUKAA-nın gələcək üzvləridirlər.
- AUKAA sədri kimi fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Birincisi, sədr kimi Assosiasiyaya Britaniya Universitetilərinin daha çox məzununu cəlb etməyə çalışıram, axı bizim mövcud olmağımız haqqında heç də hər kəs bilmir. 2013-cü ildə sədr seçildikdə bazamızda 400-ə yaxın məzun var idi. İndi isə artıq yarım ildən sonra biz 650 nəfərdən çoxuq. Amma məzunların sayı daha çoxdur və mən istərdim ki, bizim işə daha çox adam cəlb edim.
Sizin oxucular yəqin ki, Oxu.Az-la müştərək realizə edilən, təşkilatımızın müxtəlif üzvləri ilə müsahibələrin təqdim edildiyi “Uğurun tarixi” layihəsi ilə tanışdırlar. Bu layihə vasitəsilə İngiltərədə təhsil almış, və biliklərini doğma ölkəmizdə hətta xarici ölkələrdə belə tətbiq edən gənc mütəxəssislərlə tanış olmaq mümkündür.
Özüm İngiltərədə doktorant olduğum üçün mənim indiki tələbələrlə sıx əlaqə saxlamaq imkanımın olması, Assosiasiyanın üzvlərinin sayının artmasına təsir edir.
- AUKAA-nın yaxın bir neçə il üçün hansı planları mövcuddur?
- Əsas layihələrimiz haqqında danışdım. Yaxın planlarımızda internet səhifəmizin yenilənməsi var. Saytda Assosiasiyaya üzv olmağın yeni qeydiyyat forması təqdim ediləcək: Böyük Britaniyada təhsil alan tələbələr bizim bazaya öz məlumatlarını yerləşdirə bilərlər. AUKAA-nın layihələri, keçirilən aksiyalar haqqında bütün informasiya yerləşdiriləcək. Bu haqda daha detallı təqdimat günü məlumat veriləcək.
Eləcə də saytda onlayn ianə (“online donation”) sistemi yaradılıb, məqsəd bizim xeyriyyə layihələrimizə arzu edən hər kəsin öz töhfəsini verə bilməsidir.
Bundan başqa, sayt insanlara tədris və işdə lazım olacaq informasiyanın mübadiləsində yardımçı olacaq.
Eləcə də biz təşkilatımızn üzvlərinə işlə təmin olunmaqda yardım edirik, əsasən onlar barədə nazirliklərə və müxtəlif şirkətlərə lazım olduqda məlumat təqdim edirik.
Sədr kimi uzunmüddətli planlarım yoxdur. Çünki öncədən qeyd etdiyim kimi sədr ikinci dəfə namizədlik irəli sürmək hüququ olmadan bir illik müddətə seçilir. Təbii ki, bir il müddətində bütün arzuedilənləri həyata keçirmək çətindir, amma gələcəkdə də təşkilatın üzvü kimi cəmiyyətə konkret fayda verəcək müxtəlif sosial layihələrin realizəsində daima fəal olacam.
- İş, təhsil və AUKAA-da sədrliyi uzlaşdırmaq çətin deyil? Yəqin ki, bu, çox zaman alır.
- Mənə bu sualı tez-tez verirlər. Bəziləri isə bunun mənim nəyimə gərək olduğunu belə soruşurlar. Əslində elə də çətin deyil. Mənim doktorantura dissertasiyamın mövzusu Azərbaycanla bağlıdır və mən vətənimə tez-tez səfər edəcəm. Düşünürəm ki, hər şey düzgün zaman planlamasından asılıdır.
Bir də ki əsas arzudur, o olduqdan sonra hər şey mümkündür. Mən xalqıma və ölkəmə faydalı hesab etdiyim işlə məşğul oluram, inkişaf prosesinə mənim də töhfəmin olmasına çalışıram.
Liverpul Universiteti sadəcə mənim elmi nailiyyətlərimə nəzarət etmir, eləcə də mənim ictimai fəaliyyətimi diqqətlə izləyir.
- Sədrlik müddəti bitdikdən sonra sizin şəxsi karyera ilə bağlı hansı planlarınız var?
- Hal-hazırda paralel olaraq müxtəlif layihələr üzərində çalışıram və Allaha şükür, hər zaman iş təklifləri mövcuddur. Bilirsiniz ki, 2009-cu ildə “Təmiz Şəhər” ASC-də peşəkar fəaliyyətə başlamışam və ikiillik işdən sonra İngiltərəyə magistratura təhsili almaq üçün yollandım. Əslində “Təmiz Şəhər” ASC-yə qayıtmalı idim, amma 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən İDEA ( International Dialogue for Environmental Action) kampaniyası təsis edildi və mən gənc ekoloq kimi təşkilatın inkişafına öz töhfəmi verməli idim. Çox sevndirici haldır ki, “Təmiz Şəhər” ASC-də olduğu kimi İDEA da yaranan gündən 2 ilə yaxın müddət ərzində 2013-cü ilin iyununa qədər bir neçə layihənin ərsəyə gəlməsində fəal iştirak edə bilmişəm.
Bu gün doktoranturanın ilk təhsil ilini başa vurmuşam və artıq yenidən müxtəlif iş təklifləri alıram. İş yerimdən asılı olmayaraq mənim əsas hədəflərim peşəkar menecer olmaq, təhsilimi uğurla başa vurmaq, ətraf mühit elmləri üzrə fəlsəfə doktoru dərəcəsini almaq və cəmiyyətə faydalı vətəndaş olmaqdır. Bütün bu nailiyyətləri əldə etdikdən sonra isə özümü lazımlı və faydalı olduğum yerdə görürəm.
- Gələcək tələbələrə nə arzu edərdiniz?
- Onlara ən böyük arzum – soy-köklərini unutmasınlar. Öz milliyyətini, əcdadlarını unudan məhkum olunmuş insandır. Böyük Britaniyada olduğunuz zaman azərbaycanlı olmağınızı daima xatırlayın. Bilin ki, ölkəmizə inkişaf üçün sabitlik lazımdır, bu sabitliyin təminatı üçün isə bunu anlayan çoxsaylı təhsilli insanlar, peşəkarlar gərəkdir.
Şəxsən fəxr edirəm ki, müstəqil Azərbaycan vətəndaşıyam, bizim milli valyutamız, bayrağımız, himnimiz, qanunlarımız var. Xarici ölkəyə getdiyimiz zaman, aeroportun pasport nəzarətini keçdikdə, fəxr edirəm ki, öz pasportumuz var. Xaricilərə ölkəmiz, onun gözəl təbiəti, dünyada ən dadlı mətbəx – Azərbaycan mətbəxi haqqında danışmağı sevirəm.
- Maraqlı müsahibə üçün sizə dərin təşəkkürümü bildirirəm.
- Siz də sağ olun. Oxu.Az kollektivinə peşəkarlığa görə minnətdarlığımı bildirirəm.
Aliyə İsmayılzadə
www.oxu.az