Heydər Əliyev Mərkəzində məşhur fotoqraf Reza Deqatinin əsərlərindən ibarət fotosərgisi keçirilib.
R. Deqati bildirib ki, dünyanın müxtəlif ölkələrində 460 sərgisi olub:
“Mən 55 ildir ki, fotoqrafam. Bu peşəni çətinliklə öyrəndim. Mən “Bəşəriyyətə xidmət edir” devizi ilə fotolar çəkirəm. 10 minlərlə fotolarım beynəlxalq jurnallarda çap olunub.
Mənim fotolarımın hamısı insanlara aid olub. “National Geographic” jurnalında əsasən heyvan və təbiətə aid fotolar yer alır. Amma mənim o jurnaldakı fotolarım insanlarla bağlı çəkdiklərimdir".
Fotoqraf qeyd edib ki, Azərbaycan haqqında iki kitabı çap olunub:
“Kitabın biri sırf Qarabağ müharibəsi, məcburi köçkünlər, Xocalı soyqırımı ilə bağlı olub. Digəri isə Azərbaycan mədəniyyəti, təbiəti ilə bağlıdır. Kitablar Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb”.
Fotoqraf 20 Yanvar hadisələrindən də fotolar paylaşıb:
“Mənim 20 Yanvardan çəkdiyim fotoşəkilləri çox çətinliklə Avropa mediasının işıqlandırmasına nail oldum”.
Xocalı faciəsinin də şahidi olan R.Deqati erməni vəhşiliyini sübut edən şəkillər də sərgiləyib.
O, Şuşada sonuncu çay və işğaldan sonra Şuşada ilk çay fotoşəkillərinin tarixçəsindən də danışıb.
R.Deqati əlavə edib ki, fotolarından ibarət film hazırlayıb:
“In the eye of the storm” (Tufanın gözü) adlı film altı dəqiqəlikdir. Filmdə 30 ildə bir nəfərin müharibədən gördükləri əks olunub”.
Filmdə Reza Deqatinin Qarabağ müharibəsinə aid fotoları da yer alıb.
İlhamə Əbülfət
Foto: Ramil Yunus