Rusiyada 4 azərbaycanlı öz həmyerlilərini oğurlayaraq bir neçə gün dustaq saxlayıb və onun azad olunması üçün zərərçəkənin qohumlarından 400 min dollar tələb edib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, 12 avqust 2013-cü il tarixində cinayətkarlar Moskvanın cənub-şərqində - “Stavropol” və “Marinski park” küçələrinin kəsişməsində planlaşdırılmış şəkildə qəza törədiblər.
Adam oğruları “Lada Priora”, zərərçəkən 28 yaşlı azərbaycanlının isə “Qazel” markalı avtomobili idarə edirmiş. Hadisə səhər saat 9 radələrində - nəqliyyatın ən qızğın olduğu vaxtda qeydə alınıb.
Buna baxmayaraq, onlar heç nədən çəkinmədən bıçaq və tapança ilə “Qazel” sürücüsünü hədələyərək öz avtomobillərinə oturdurublar.
Daha sonra onu Tulaya aparıblar və qaraj-tikinti kooperativinin bokslarından birində gizlədiblər. Zərərçəkənin başına çuval keçirdiblər və əl-qolunu bağlayaraq 4 gün ərzində müntəzəm şəkildə döyüblər. Cinayətkarlar Azərbaycana - zərərçəkənin qohumlarına zəng edərək 400 min dollar tələb ediblər. Əks təqdirdə isə gənc azərbaycanlını öldürəcəkləri ilə hədələyiblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları oğurlanan şəxsin qohumları ilə əlaqə saxlayan vasitəçinin kimliyini müəyyən ediblər. Onu ələ keçirmək mümkün olub və o, əlbir olduğu şəxsləri ələ verib. Bunlar oğurlanan şəxsin həmyerliləri çıxıblar. Dəstədə cəmi dörd nəfər olub. Onların hamısı Azərbaycan Respublikasından gəliblər və paytaxtda müvəqqəti qeydiyyat sənədləri ilə yaşayıblar.