Bir neçə həftə əvvəl Azərbaycandan çıxıb Rusiyaya gedən bu şəxslər günlərini ya polis şöbəsində, ya da avtovağzalda ac və susuz keçiriblər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, əslən Qazax və Ağstafa rayonlarının müxtəlif kəndlərindən olan bu insanların ən böyük istəkləri tez bir zamanda vətənlərinə qayıdıb öz ailələrinə qovuşmaqdır.
Əvvəlcə Volqaqrada gətirilən 23 nəfərdən ibarət azərbaycanlı qrup burada işsizliklə üzləşib, başqa məkana üz tutmaq qərarına gəlib.
Dağıstan vətəndaşı olan bir nəfər onların bir hissəsini iş adı ilə öz tikinti sahəsinə aparıb. Daha sonra qeydiyyata salacağını və yeməklə təmin edəcəyini deyib. Lakin deyilənə görə, heç də hər şey söz verildiyi kimi olmayıb.
Piyada 56 kilometr yol qət etdikdə sonra İstra şəhərinə çatıblar. Burada isə Rusiya hüquq mühafizə orqanları tərəfindən qeydiyyatları olmadığına görə saxlanılaraq İstra şəhər polis məntəqəsinə aparılıblar.
Yeməyə çörək pulu belə tapa bilməyən bu insanlara isə yardım əlini İstra şəhərində yaşayan azərbaycanlılar uzadıb. İsti yeməklə təmin edilən bu insanlara yol pulu və cib xərcliyi də veriblər. Onlar Moskva avtovağzalına yola salınıblar.
Moskvadan isə başqa bir avtobusla Azərbaycana qayıdacaqlar.
S.B.
www.oxu.az