"Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib və onlar üçün bərabər şərait yaradılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev deyib.
O, qeyd edib ki, Azərbaycan hər zaman müxtəlif dinlərin nümayəndələrinin və dini etiqad sahiblərinin azad şəkildə yaşaması üçün şərait yaradıb. Dövlətimiz onlara daim hörmət və ehtiramla yanaşıb:
"Bəzən tolerantlıq haqqında danışırlar. Mən şəxsən o sözə tamamilə müsbət yanaşmıram. Çünki tolerantlıq bəzən "məcburi dözümlülük" kimi səslənir. Amma biz dözümlülük göstərmirik, biz hörmət edirik. Bizdə hər hansı bir etiqad nümayəndəsinin dözümlülüyə ehtiyac yaranacağı bir mühit yoxdur. Ona görə də biz bütün vətəndaşlarımıza hörmət və ehtiram göstəririk".
Salman Musayevin sözlərinə görə başqa ölkələrdə hər bir din nümayəndəsi yalnız öz ibadət yerində dayana bilir, lakin Azərbaycanda onlar bir arada, geniş və açıq şəkildə öz dini ənənələrini təqdim edə bilirlər:
"Bu da bizim qürur mənbəyimizdir. Biz bir-birimizə hörmət və ehtiram şəraitində yaşayırıq".
Aygün Mirakif