Salyanda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada xəsarət alan beş nəfər (bir qadın, dörd kişi) iyulun 20-də saat 18:20-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda dörd nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir. Vəziyyəti kritik ağır olan bir nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00-da bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, daha üç nəfər hadisə yerində həyatını itirib.
Qeyd edək ki, sözügedən hadisə rayonun Stansiya yaşayış massivi ərazisindəqeydə alınıb.
"Toyota Prado" və VAZ-2106 markalı avtomobillər toqquşublar.