Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, son vaxtlar Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına məxsus nömrələrdən istifadə olunaraq saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılır. Bu hesablar vasitəsilə dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları törədilir.
Bildirilib ki, xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan "WhatsApp" tətbiqi vasitəsilə guya "təcili" xarakterli mesajlar göndərir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönləndirməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verir.
Görəsən, sözügedən tələyə düşməmək üçün nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Oxu.Az-a danışan informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirib ki, burada əsas məqsəd dövlət qurumlarının imicini zədələmək ola bilər.
O vurğulayıb ki, hər bir vətəndaş mesajları ikili doğrulama ilə təsdiq etməlidir:

"Dövlət qurumlarının, təşkilatların əməkdaşlarına edilən kiberhücumların arxasında sözügedən qurumların nüfuzunu zədələmək, məlumat oğurlamaq məqsədi ola bilər. Məsələn, həmin şəxs dövlət qulluqçusudursa, hədəfə alınır, məxfi məlumatları ələ keçirilir. Həmin məlumatlar internet informasiya resurslarında yayımlanarsa, həmin qurumun nüfuzuna zərər gələ bilər. Tutaq ki, qurum daxilində hansısa qanun layihəsinin müzakirəsi gedir. Onu əldə edib yaymaq sonradan problemlərə gətirib çıxara bilər. Hər bir vətəndaş ikili doğrulamanı aktiv etməlidir. Öncəliklə, sizə kart nömrəsi göndərilib təcili pul istənilirsə, bunu əvvəlcə həmin vətəndaşla dəqiqləşdirmək lazımdır. Zənglə danışmaq tövsiyə olunur. Həmçinin təhlükəli linkləri açmaq olmaz. Bu baş verdikdə məlumat oğurluğuna və digər təhlükəli nüanslara yol aça bilər. Vətəndaşlara tövsiyə edirik ki, sosial media hesablarını ikili doğrulama ilə təsdiqləsinlər. Təhlükəli linkləri açmasınlar. Şübhə yarandıqda qarşı tərəflə mütləq şəkildə zənglə əlaqə saxlasınlar".